Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:05

Avropa Türkiyəyə “vizasız gediş-gəliş” verməyə bilər


Türkiyə parlamentində toqquşma
Türkiyə parlamentində toqquşma

Qərb mediası "mötəbər mənbələrə" istinadən yazır ki, Berlin və Paris Türkiyənin Şengen zonasına qəbulunun ləngidilməsini müzakirə ediblər

Türkiyə parlamentində millət vəkilləri arasında baş vermis əlbəyaxa toqquşmanın ardınca Avropa İttifaqı ilə bağlanmış sazişin taleyi sual altında qalıb.

Qərb mediası Aİ mənbələrindən əldə olunmuş mötəbər məlumatlara istinadən yazır ki, Fransa və Almaniya qeyri-Avropa ölkələri ilə vizasız səfər rejimi razılaşmalarını “təcili tormoz” rejiminə keçirən mexanizmə əl atılmasını istəyirlər.

Türkiyə “tormozu”

“Təcili tormozlama” mexanizmi təkcə Türkiyəyə aid olmasa da, hazırda onun işə salınması Ankaranın miqrantları qəbul etməsi müqabilində tələb etdiyi əsas şərtlə bağlıdır.

Türkiyə qəti şəkildə bildirmişdi ki, Avropa İttifaqı onun vətəndaşları üçün viza rejimini iyun ayınadək yumşaltmasa, miqrantlara dair sazişdən imtina edəcək.

Öz növbəsində Avropa İttifaqı Türkiyəyə belə bir imkanın verilməsi üçün Ankaranın qarşısına 72 şərt qoymuşdu.

Politico saytının əlinə düşən Avropa İttifaqı “müştərək təklif sənədində” deyilir ki, “hazırkı miqrasiya və qaçqınlar sahəsində yaranmış meyllər viza rejiminin sərbəstləşdirilməsi prosesini ləğv edən mexanizmin qəbul olunmasını tələb edir”.

Başqa sözlərlə, söhbət Avropa İtiifaqının artıq vizasız gediş-gəliş rejimi barədə ilkin razılaşması olan ölkələrə də belə bir rejimin verilməməsindən gedir. Bunun üçün İttifaqın 28 üzvündən hər hansı birinin müraciəti kafi sayılacaq.

Aİ-nin vizasız gediş-gəliş rejimi haqqında mövcud qanununa əsasən üzv ölkələrdən hər hansı birinin “turistlərinin” Şengen zonasının başqa ölkələrdində çox sayda və qanunsuz olaraq “ilişib qaldığı” şəraitdə vizasız rejimin 6 ayadək dayandırılmasına imkan verir.

Bu, müddəa həmçinin üçüncü bir ölkədən sığınacaq istəyənlərin sayı “əhəmiyyətli şəkildə” artdığı bir şəraitdə də şamil oluna bilər.

72 şərt

Paris və Berlin arasında müzakirə edildiyi iddia olunan plana görə, Avropa Komissiyası vizasız gediş-gəlişə malik olan ölkədə cinayətkarlığın, korrupsiyanın, sənəd saxtakarlığının artmasına da istinad edə bilər.

Bu plana görə hər hansı ölkə ilə vizasız rejimin dayandırılmasını istənilən üzv tələb edə bilər.

Türkiyə "miqrant sazişi" müqabilində Avropadan vizasız gediş-gəliş tələb edir
Türkiyə "miqrant sazişi" müqabilində Avropadan vizasız gediş-gəliş tələb edir

İndiki halda, konkret Türkiyə üçün bu o deməkdir ki, ona sərbəst gediş-gəlişin verilməsi istənilən Aİ üzvünün tələbi ilə dayandırıla bilər.

Avropa İttifaqı ilə Türkiyə arasında Avropada miqrant böhranının həlli üçün nəzərdə tutulmuş razıalşma əsasında Türkiyə Yunanıstandakı qaçqınları qəbul etməli idi.

Bunun həyata keçirilməsi məqsədilə Türkiyəyə onun tələb etdiyi 6 milyard avronun verilməsi məsələsi də müsbət həll olunmuşsdu.

Lakin Ankara həm də iyun ayınadək onun Şengen zonasına daxil edilməsini tələb edirdi.

Avropa İttifaqıTürkiyənin bu tələbini 72 şərtin yerinə yetirilməsi təqdirində qəbul edəcəyini bildirmişdi.

Texniki baxımdan bura Türkiyə boyunca biometrik pasportların tətbiqi də daxil idi. Lakin razılaşmanın ən asan tərəfi onun texniki aspektidir.

“Əksinə, Türkiyə Avropadan uzaqlaşır...”

Ötən həftə Almaniyanın Die Welt qəzetində dərc olunmuş məqalədə iddia olunurdu ki, Aİ rəsmiləri viza rejiminə dair qanuna vizasız rejim razılaşmalarını ləğv edən maddənin əlavə olunmasını müzakirə edirlər.

Bu mexanizm, məsələn, Türkiyə miqrantların qəbulundan imtina edəcəyi təqdirdə tətbiq edilə bilərdi.

Əksinə, Türkiyə Avropa standartlarından getdikcə daha çox uzaqlaşır

Lakin bəzi məlumatlara görə, Türkiyə ilə sazişin dayandırılmasına daha geniş insan haqları aspektindən də baxıla bilər.

Qərb mediası Türkiyə prezidenti Recep Tayyip Erdoğanı insan haqlarını pozmaqda, Suriya qaçqınlarını öz sərhədlərinə yaxın münaqişə zonasında yerləşdirməkdə, kürd azlığı ilə pis rəftarda, mətbuat və müxalifət üzərinə hücumlarda ittiham edir.

Hələ bir həftə əvvəl Avropa Parlamentində Türkiyə üzrə məruzəçi Kati Piri, demişdi ki, Türkiyə vətəndaşları üçün Avropaya vizasız gəliş imkanı verəcək rejimin iyun ayınadək tətbiqi ağlabatan müddət deyil.

O bildirmişdi ki, Şengen zonasına qəbul olunmaq üçün Türkiyənin qarşısına 72 şərt qoyulub və Ankara bunların heç yarısına da əməl etməyib.

“Əksinə, Türkiyə Avropa standartlarından getdikcə daha çox uzaqlaşır – deyib Piri, - Media azadlığı, qanunun aliliyi, ölkənin kürd azlığı yaşayan cənub-şərqindəki vəziyyətə dair bizim dərin narahatlıqlarımız var”.

Türkiyə deyir “hazıram”, Avropa deyir “deyilsən”

Türkiyə parlamentinin çərşənbə günü keçirilən iclasında ölkənin şərqində kürd silahlılara qarşı aparılan hərbi əməliyytaların müzakirəsi zamanı yaranan mübahisənin ardınca deputatlar bir-birlərinə təpik və yumruq atmışdılar.

Volkan Bozkır
Volkan Bozkır

Bundan sonra parlamentin spiker əvəzi elan etmişdi ki, yaranmış vəziyyətə görə məclisin növbəti iclası bazar ertəsindən tez olmayaraq başqa günə keçirilir.

Millət vəkilləri Türkiyəyə Avropaya vizasız gediş-gəliş rejiminin verilməsi üçün lazım olan qanunu cümə və şənbə günü müzakirə etməliydilər.

Lakin bunun ardınca cümə axşamı parlamentin konstitusiya komissiyasının iclasında da deputatlar arasında əlbəyaxa dava-dalaş baş verib. Bu iclasda deputatların toxunulmazlıq immunitetindən məhrum edilməsinıə dair qanun layihəsi müzakirə olunurdu.

Brüssel türklər üçün viza rejiminin ləğvini mayın 4-də təklif etməyə hazırlaşırdı, lakin bir sıra Aİ üzvləri bunun qəti əleyhinə çıxırlar.

Avropa İttifaqı bildirir ki, Türkiyə onun qarşısına qoyulmuş “Avropa standartları” şərtlərinin yarısından azını yerini yetirib.

Buna baxmayaraq, Türkiyənin Avropa İttifaqı naziri deyib ki, Ankara bütün şərtlərə vaxtında əməl edə biləcək.

“Əgər təhlükəsizlik müşahidıəsi haqqında qanun ötən gecə qəbul olunsaydı, Türkiyə onun qarşısına qoyulmuş şərtləri yerinə yetirmiş olacaqdı” – deyib Avropa İttifaqı məsələləri naziri Volkan Bozkır.

Bozkır bildirib ki, hazırda Türkiyənin yerinə yetirəcəyi on maddə qalıb.

“Biz öz nəzərimizdə 72 gözləntinin hamısına əməl etmişik” – deyib nazir.

Lakin göründüyü kimi Avropa İttifaqı belə düşünmür.

XS
SM
MD
LG