Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Türkmənistan Azərbaycandan nə öyrəndi...


Azərbaycan - Prezident Ilham Əliyev (sağda) Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ilə Bakıda Heydər Əliyev Fondunda. 2008
Azərbaycan - Prezident Ilham Əliyev (sağda) Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ilə Bakıda Heydər Əliyev Fondunda. 2008

►"Yəqin Xəzər dənizinin o tayındakı daha bir postsovet ölkəsi Azərbaycandan öyrənib – axı bu ölkə də oxşar taktikadan yararlanıb, ancaq Obama Administrasiyasından təpki görməyib."

“25 il öncə Sovetlər Birliyi dağılanda, yeni dövlət kimi meydana çıxan Türkmənistanın böyük ümidləri vardı. 5 milyon əhalisi olan bu ölkə nəhəng qaz ehtiyatlarını rifaha yönəldə biləcəyinə ümid bəsləyirdi: arzusu “Orta Asiyanın Küveyti”nə çevrilmək idi”.

Bunu “Washington Post” qəzetinin “Türkmənistanda həqiqətin boğulması” başlıqlı redaksiya məqaləsində oxuyuruq.

HÖKUMƏT BÖHRANDAN ÇIXIŞ YOLU TAPIB

Qəzet yazır ki, boğucu diktatura, üstəgəl bu yaxınlarda neft və qazın ucuzlaşması Türkmənistanı çıxılmaz duruma salıb. Rusiyanın özünün problemləri var, Çin Türkmənistan qazının yeganə alıcısıdır və gəlir azalır. Hökumət əhali üçün pulsuz kommunal xidmətləri ləğv edib, bəzi dövlət müəssisələrində maaşlar gecikdirilir. Eyni zamanda islamçı yaraqlılar Türkmənistanın Əfqanıstanla sərhədi boyunca fəallığı artırıblar.

Rəhbərlərsə bu pis xəbərlərə onların xəbərlənməsini əngəlləməklə cavab verirlər. Hökumət ölkə daxilində bütün medianı nəzarətə alıb. Türkmənlər getdikcə daha çox AzadlıqRadiosunun məlumatlarına bel bağlayırdılar. ABŞ-ın maliyyələşdirdiyi, Praqada mənzilənən bu radio dünyanın böyük hissəsində yeganə dəqiq informasiya mənbəyidir. 8 jurnalistdən ibarət cəsur komanda iqtisadi şəraitdən yazır, uşaq əməyini, məhkəmə pozuntularını araşdırır, sərhəddəki gərginliyin monitorinqini aparırdı. Əhali radioya qısa dalğada, yaxud İnternetlə qulaq asırdı.

Buna da bax: Azərbaycanda görünməmiş bank fırıldağı

MEDİANI BOĞMAQ VƏ CƏZASIZ QALMAQ

Xədicə İsmayılova
Xədicə İsmayılova

Qəzet qeyd edir ki, bu yaxınlarda hökumət təzyiqlərə başlayıb. “Abadlaşdırma” kampaniyası çərçivəsində çanaq antenaları yığışdırılır. Reportyorlar təqib olunur, qorxudulur və ya həbsə atılır. Saparmamed Nepeskuliev iyulda yoxa çıxıb; qohumları indi xəbər tutublar ki, ona 3 illik həbs cəzası verilib, Azadlıq Radiosunun türkmən xidmətinin rəhbəri Muhammad Tahir belə deyir. Veteran jurnalist Osmankuly Hallyev işdən uzaqlaşmağa məcbur olub. Tahirin sözlərinə görə, Hallyev-ə görə xeyli qohumu işdən çıxarılmışdı və o, təkbaşına 16 nəfəri saxlayırdı; bir gün onu polisə çağırıb deyirlər: “Ya Azadlıq üçün işləməyi dayandırırsan, ya da həbsə gedirsən.

Buna da bax: Ərəb şeyxləri kimdən icazə alıb ov edir?

AZƏRBAYCANDAN ÖYRƏNDİ

“Washington Post” daha sonra yazır:

“Türkmənistan hökumətinə niyə elə gəlir ki, ABŞ mediasını beləcə boğub da cəzasız qalacaq? Yəqin Xəzər dənizinin o tayındakı daha bir postsovet ölkəsi Azərbaycandan öyrənib – axı bu ölkə də oxşar taktikadan yararlanıb, ancaq Obama Administrasiyasından təpki görməyib. Dövlət Departamenti rəsmiləri zaman-zaman bu və digər ölkələrdə insan haqlarının durumunun pisləşməsini qınayıb, ancaq bütün bunlar ABŞ siyasətinə cüzi təsir göstərib. İndi də AzadlıqRadiosunun cəsur jurnalistləri hədəfdədir – sonucda da milyonlarla insanın həqiqətə çıxışı daralır”.

Xatırladaq ki, AzadlıqRadiosunun Bakıdakı ofisi ötən dekabrda möhürlənib. Daha öncə radionun araşdırmaçı jurnalisti Xədicə İsmayılova saxlanıb. İsmayılovaya bu il sentyabrın 1-də iqtisadi ittihamlarla 7 il yarım həbs cəzası kəsilib. AzadlıqRadiosunun rəhbərliyi jurnalistin məhz hökumət səviyyəsində korrupsiyanı ifşa etdiyinə görə cəzalandırıldığını bəyan edib.

Hakimiyyət təmsilçiləri ölkədə media azadlığının boğulması barədə deyilənləri qəbul etmir, bütün fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

XS
SM
MD
LG