Bu ayın əvvəlində Türkmənbaşı şəhərində yeni seçilmiş məclis üzləri, dövlət rəsmiləri və adi vətəndaşların qatıldığı 500 nəfərlik heyət hökumət binasına yığışaraq ərzaq subsidiyasına son qoymağı müzakirə ediblər.
Türkmənistanda bu cür müzakirələr dibinə qədər avtoritarlaşmış rejimin əhalini hansısa xoşagəlməz qərara alışdırmaq məqsədi daşıyır.
AzadlıqRadiosunun türkmən xidməti xəbər verir ki, yığıncaq iştirakçıları arasından bir məktəb mühafizəçisinin etirazı onun Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən zorla məkandan çıxarılması ilə nəticələnib. O, Şura üzvlərindən birinin guya əhalinin həyat səviyyəsinin yüksəlməsi səbəbindən güzəştli ərzaqlara artıq ehtiyac duymadıqları haqda fikrinə etirazını bildirib.
Türkmənistanda ikili ərzaq satışı sistemi 2014-cü ildən tətbiq edilməyə başlayıb. O zaman beynəlxalq enerji qiymətləri kəskin düşmüş, Rusiya enerji nəhəngi Qazprom Türkmənistan bazarından geri çəkilmişdi. Hökumətin ərzaq satışı sistemi zəruri tədbir kimi görülsə də, sonradan özləri üçün başağrısına çevrildi.
Dövlət propaqandasının saxta iqtisadi uğurlarla öyündüyü bir vaxtda, yəni 2015-ci ilin əvvəlinə qədər yerli valyuta demək olar, 20 faizə qədər devalvasiyaya uğradı, dollara nisbətdə 2,85 manatdan 3,5 manata qədər düşdü.
Bahalığı ört-basdır etmək...
AzadlıqRadiosunun türkmən xidməti əhalinin xarici valyutaya çıxışının məhdudlaşdığını, insanların dolları rəsmi məzənnədən qat-qat baha qiymətə qara bazardan almaq məcburiyyətində qaldığını xəbər verir.
Dövlətə məxsus və özəl ərzaq mağazaları Türkmənistanda uzun zamandır mövcud idi. Lakin onlar arasındakı kəskin qiymət fərqi uzanan, hazırda davam edən iqtisadi böhran fonunda yarandı.
Bu qapalı ölkəyə fokuslanan, Vyanada yerləşən “Türkmənistan Xronikası” internet səhifəsinin baş redaktoru Ruslan Tuhbatullin yazır: “Seçilmiş ərzaqlara qoyulmuş ucuz qiymətlər dövlətin qara bazardakı bahalığı ört-basdır etmək, ölkədə qiymətlərin məvaciblərə uyğun olduğunu göstərmək cəhdi idi. “Subsidiyalı ərzaq” termini guya dövlətin böhran vəziyyətində insanlara dəstək tədbiridir. Əslində isə böhranı elə dövlət yaradıb və onu həqiqətən maraqlandıran yeganə şey hökumətin imicinə zərər gəlməməsidir”.
İndiyə qədər həllini tapmayan biabırçı ərzaq siyasəti istiqamətləri “Ümummilli lider” Qurbanqulu Berdiməhəmmədov və oğlu – prezidentin varisi Sərdar arasındakı fikir ayrılığı səbəbindən yaranıb.
Daha pulsuz bir şey yoxdur
Bu cür müzakirələrin başqa vilayətlərdə də keçirilib-keçirilməməsi bəlli deyil. Lakin bəlli olan odur ki, artıq bir ildir dövlət iqtisadi cəhətdən çıxılmaz vəziyyətdə olan əhalinin daha əlçatan qiymətə ərzaq almasını yığışdırmaq yolunda addımlayır. Paytaxt Aşqabadda insanlar aylardır ki, dövlət mağazalarından bir şey ala bilməməkdən şikayətlənirlər.
AzadlıqRadiosunun türkmən xidmətinin ötən həftə verdiyi başqa bir xəbərə görə, Ahal vilayətinin Kaka şəhərinin sakinləri dövlət mağazalarında aşağı növ unla bişirilmiş keyfiyyətsiz çörəyin baha satılmasına etiraz aksiyası keçiriblər. Həftə sonuna qədər mağazalar çörəyi əvvəlki qiymətində satırdılar.
Ötən il ucuz ərzaq bağlamalarının evlərə çatdırılması xidməti azaldıldı. Bu tədbir dövlət mağazaları qarşısındakı uzun növbələrin qarşısını ala bilmişdi, amma məsələni tam həll edə bilmədi. Əhali ilə mağaza sahibləri arasındakı gərginlik azalmadı.
“Bircə bu sirk bitsəydi...” – AzadlıqRadiosunun müxbiri 2021-ci ildə insanların şikayətləri ilə üz-üzə qalan mağaza yetkilisinin sözlərini xatırlayır.
2021-ci ildən başlayaraq hakimiyyət həm güzəştli ərzaq malları siyahısını, həm də onu ala biləcək insan sayını azaltmağa başlayıb.
Dövlət özü bahalaşmaya yol açır...
Keçən il Sərdar Berdiməhəmmədov hakimiyyətə gəldikdən sonra – əslində, atası hələ də Türkmənistanın əsas qərarverici simasıdır – dövlət və özəl ərzaq mağazalarındakı qiymət fərqləri minimuma endi. Ancaq bu, çətin ki manatın güclənməsinin nəticəsidir. Tuhbatullin deyir ki, əksinə, dövlət özü bahalaşmaya yol açır. Bunu “iqtisadiyyatın modernləşdirilməsi, diversifikasiyası və liberallaşdırılması” çətiri altında edir.
AzadlıqRadiosunun müxbirləri Türkmənbaşı şəhərindəki toplantıda məmurların əhalinin ərzaq yardımı olmadan da yaşaya biləcəklərini əminliklə dediklərini xəbər verirlər.
Onlar iddia edirlər ki, özəl sektorda maaşlar 3-6 min manat civarındadır (bu, real olaraq 150-300$ deməkdir), təqaüdlər və dövlətdən maliyyələşən institutların məvacibləri hər il 10% artır. Bununla yanaşı, su, elektrik və qaz qiymətləri olduqca aşağıdır.
Halbuki, Türkmənistanda minimum əmək haqqı 1160 manatdır (60$-a yaxın), qeyd edilən məbləği də hər özəl sektor çalışanı almır.
Yığıncağın keçirilməsinə dəlil tapılmayıb
Bu cür yığıncaqların keçirilməsi Türkmənistanın son prezidentləri üçün yenilik deyil. Bənzər toplantı Səfərmurad Niyazovun dövründə ödənişsiz əsaslarla paylanmış evlərə 2018-ci ildə Berdiməhəmmədovun kirayə haqları tətbiq etməyə başlayanda da təşkil edilmişdi.
Bu yaxınlarda Türkmənistanda Sərdar Berdiməhəmmədovun 5 milyard dollarlıq sərmayə tələb edən yeni şəhərin adı ilə bağlı ictimai müzakirələr elan etdiyi deyilir.
Daha sonra şəhərin Sərdarın 65 yaşlı atasının şərəfinə “Arxadağ”, yəni “Qoruyucu” adlandırılacağı açıqlanıb.
Lakin AzadlıqRadiosunun türkmən xidmətinin əməkdaşları bu yığıncağın gerçəkdən keçirilməsinə bircə dəlil belə tapa bilməyiblər.
“Ağıllı şəhər” Arxadağ göstərir ki, insanların olmasa da, rəsmi Aşqabadın havaya sovurmağa xeyli pulu var.
Neft məhsulları yenidən bahalanır və Türkmənistanın ölkənin şərqindən Çinə ixracatının böyük hissəsini həyata keçirən qaz kəmərinə olan borcunu ödədiyi bildirilir.
Rusiya da yenidən alıcılar sırasına qoşulub.
Medianın və... polisin durumu
Lakin ölkədə sağlam iqtisadi tərəqqini göstərən çox az sahə var.
AzadlıqRadiosunun türkmən xidməti xüsusilə yoxsulluğun get-gedə dərinləşdiyi əyalətlərdən xəbərlər hazırlayan azsaylı media orqanlarından biridir.
“Tuhbatullahın xronikası” saytı və Niderlandda yerləşən “Turkmen.News” saytları digər iki azad media orqanıdır.
Aprelin 21-də dərc olunan hesabata görə, şimal bölgəsində 200-ə yaxın polis istefa ərizəsi yazıb və onların bir çoxu xaricə getmək istədiyini açıqlayıb.
“Dövlət işçiləri arasında polisin vəziyyəti daha yaxşıdır, onların əlavə gəlirləri də olur, lakin hətta bu halda belə, adamlar Rusiyada taksi sürücü kimi çalışmağa üstünlük verirlər, çünki dolana bilmirlər”, – “Turkmen.News”un redaktoru Ruslan Myatiyev bildirir. “Təhsil və səhiyyə sektorlarında da eyni hallar barədə eşidirik”, – o əlavə edir.