Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:33

Türkmənistan ‘hava vəziyyətinə’ görə Moskvaya uçuşları dayandırıb


Türkmənistan Hava Yolları şirkəti “Moskva hava zonasındakı hava vəziyyəti” ilə bağlı Aşqabaddan Moskvaya gediş və dönüş reylərini dayandırıb.

AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık aviaşirkətin rəsmi saytına istinadla yazır ki, Moskvaya uçuşlar avqustun 1-dən dayandırılıb:

“Hörmətli sərnişinlər, nəzərinizə çatdırırıq ki, Moskva hava zonasındakı hava vəziyyəti ilə bağlı, habelə uçuşların təhlükəsizliyi üçün risk qiymətləndirmələrinə əsasən avqustun 1-dən “Türkmənistan” aviasiya şirkətinin Aşqabad-Moskva-Aşqabad reysləri ilə uçuşları dayandırılır. Uçuşlar Aşqabad-Kazan-Aşqabad reyrləri ilə əvəz olunacaq”.

Türkmənistan aviaşirkətinin uçuşlarının dayandırılması Moskvaya son günlərdə dron hücumları ilə eyni vaxta düşüb.

Bu hücumlar nəticəsində Moskva-siti biznes mərkəzindəki göydələndərdən birində dağıntı olub.

Biletlər dekabradək satılıb

Aşqabaddan Moskvaya uçuşları “Türkmənistan Hava Yolları” və Rusiyanın S7 aviaşirkəti yerinə yetirir.

Rusiya şirkətinin uçuşları davam etdirib-etdirməyəcəyi məlum deyil.

Azatlık xəbər verir ki, Türkmənistan hökuməti yaranmış vəziyyətlə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparır.

Türkmənistan sərnişinlərin Kazandan Moskvaya çatdırılmasının təşkilinə çalışır.

Reyslərin dayandırılması Türkmənistandan Rusiyaya tələbə axını dövrünün ərəfəsinə təsadüf edir.

Xəbərdə deyilir ki, Türkmənistandan Rusiyaya uçanların sayı çoxdur. Məsələn Moskvaya biletlər dekabr ayınadək satılıb qurtarıb.

Türkmənistan və Ukrayna müharibəsi

Rusiya rəsmiləri Moskvaya dron hücumlarına görə Kiyevi ittiham edir.

Ukrayna tərəfi bir qayda olaraq belə xəbərləri şərh etmir. Amma Ukrayna prezidenti ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, Rusiya ərazisinə dron hücumları hələ bundan da çox olacaq.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskvaya dron zərbələrinin təhlükəsi aşkardır, amma bu barədə məlumatı yalnız Müdafiə Nazirliyi verə bilər.

Türkmənistan Ukrayna müharibəsinə rəsmi münasibət bildirməyib.

Ölkə rəhbrəliyinin Rusiya təcavüzünə münasibəti aydın deyil.

Türkmənistanın rəsmi mediası Ukraynadakı hadisələri işıqlandırmır.

XS
SM
MD
LG