Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:52

Rusiyadan qayıdan türkmən tələbələri dərhal hərbi xidmətə göndəriblər


Türkmənistanda 18-27 yaş arası kişilər üçün iki ilə qədər hərbi xidmət məcburidir
Türkmənistanda 18-27 yaş arası kişilər üçün iki ilə qədər hərbi xidmət məcburidir

Xaricdən qayıdan 25-ə yaxın türkmən tələbəni aeroportdan birbaşa orduya aparıblar. Bunu AzadlıqRadiosunun türkmən xidməti həmin tələbələrin valideynlərinə istinadla yazır. Türkmənistandakı avtoritar rejimin milli ordunun sıralarını doldurmağa çalışdığı bildirilir.

Qərbi Balkan vilayətindən bir qrup valideyn deyib ki, çağırış yaşında olan oğulları oktyabrın 5-də Türkmənbaşı Beynəlxalq Aeroportunda təyyarədən enən kimi hüquq-mühafizə orqanları əməkdaşları onların başının üstünü kəsdirib.

"Övladlarımızı beş il idi görmürdük"

"Balkan vilayətindən 25-ə yaxın gənc Rusiyadakı Saratov Dövlət Universitetindən məzun olunca evə qayıdırdılar. Onları hava limanında regional səfərbərlik xidmətinin, təhlükəsizlik xidmətinin və polisin əməkdaşları qarşılayıb, onları kriminallar tək saxlayaraq aeroportdan birbaşa orduya aparıblar", – oğlu məzunlar sırasında olan bir qadın danışıb.

Başqa bir qadının dediyinə görə, rəsmilər gənclərin onları aeroporta qarşılamağa gələn valideynləri ilə danışmasına belə icazə verməyiblər.

"Çoxumuz övladlarımızı beş il idi görmürdük. Bizim onları aeroportda bir neçə dəqiqə görməyimizə, onlarla bir stəkan çay içməyimizə belə imkan vermədilər. Uşaqlarımızla niyə belə davranırlar, anlamırıq", – bir qadın danışıb.

İnsanlar Aşqabadda hərbi komissarlığın qarşısında növbəyə düzülür.
İnsanlar Aşqabadda hərbi komissarlığın qarşısında növbəyə düzülür.

Valideynlərin sözlərinə görə, rəsmilər məzunları danlayıblar ki, niyə iyunda imtahanları bitən kimi Türkmənistana qayıtmayıblar.

"Övladlarımız diplomların hazır olmasını gözləyiblər", – bir valideyn AzadlıqRadiosuna deyib.

Onların iddiasına görə, məzunlardan ikisinin evlərinə getməsinə icazə verilib, çünki onların qohumları hüquq-mühafizə orqanlarında işləyir.

Çağırışçı ovu

Türkmənistan sərt idarə olunan ölkədir, hökumət tənqidə dözümlü yanaşmır. Valideynlər də təhlükəsizliklərinə görə anonim danışıblar. AzadlıqRadiosu Türkmənistan hakimiyyətindən şərh almaq istəsə də, sorğusuna cavab verilməyib.

Bu Orta Asiya ölkəsindən 18-27 yaşlılar üçün iki illik hərbi xidmət məcburidir.

Mənbələrin AzadlıqRadiosuna dediyinə görə, hakimiyyət illərdir ordu sıralarını doldurmağa çalışır, çünki bir çox kişi hərbi xidmətdən yayınmağa çalışır.

Ölkədə ildə iki dəfə çağırış gerçəkləşdirilir, polis küçələrdə, aeroportlarda, təhsil ocaqlarında, ictimai yerlərdə potensial çağırışçı ovuna çıxır.

Bəziləri orta məktəbi bitirəndən sonra xaricə oxumağa, yaxud işləməyə gedirlər. Son illər isə hərbi komissarlıq işçiləri və polis buraxılış imtahanı günü məktəblərin darvazaları önündə gözləyir, oğlanları komissarlığa aparır.

Türkmənistanda yüksək rütbəli dövlət məmurlarının övladları orduya qoşulduqda onları çox vaxt prestijli hərbi hissələrə, məsələn, prezident qvardiyasına yerləşdirirlər.
Türkmənistanda yüksək rütbəli dövlət məmurlarının övladları orduya qoşulduqda onları çox vaxt prestijli hərbi hissələrə, məsələn, prezident qvardiyasına yerləşdirirlər.

14 min 300 dollaradək rüşvət

Zəngin və nüfuzlu şəxslər isə əlaqələri hesabına uşaqlarını hərbi xidmətdən saxlatdırmaq üçün rüşvət verirlər.

Digərləri isə oğullarının Əfqanıstana sərhəd kimi riski yuxarı olan yerlərə deyil, paytaxt Aşqabada və digər böyük şəhərlərdə hərbi xidmət keçməsini təmin edirlər.

Yüksək vəzifəli hökumət rəsmilərinin oğulları orduya çağırılırsa, onlar prezident mühafizəsi və digər nüfuzlu hərbi bölmələrdə xidmət keçirlər. Bunu məsələdən agah mənbə AzadlıqRadiosuna deyib. Həmin mənbənin sözlərinə görə, oğullarının belə qvardiyalara salınmasını istəyən zəngin valideynlər 14 min 300 dollaradək rüşvət verməli olurlar.

Daha təhlükəli sərhəd zonalarında xidmət çəkənlər isə yoxsul ailələrin övladlarıdır, - həmin rəsmi söyləyib.

Yazını AzadlıqRadiosunun türkmən xidmətinin məlumatları əsasında radionun müxbiri Farangiz Nacibulla qələmə alıb.

XS
SM
MD
LG