Türkmənistan prezidenti Serdar Berdımuxammedovun Moskvaya səfərinin ardınca ikili Rusiya-Türkmənistan vətəndaşlığı olanlara xarici pasportların verilməsi barədə qərar qəbul edilib.
AzadlıqRadiosunun Aşqabaddakı müxbirləri bildirirlər ki, bu barədə məlumatı iyunun 21-də Türkmənistanın Miqrasiya Xidməti yayıb.
Xəbərdə deyilir ki, 2003-cü ildən sonra Rusiya vətəndaşlığı almış şəxslər indi Türkmənistan pasportu üçün müraciət edə bilərlər.
Türkmənistan-Rusiya ikili vətəndaşlığı haqqında razılaşma 1993-cü ildə imzalanıb.
Lakin 2003-cü ildə Türkmənistan bu razılaşmanı birtərəfli qaydada ləğv edib.
Buna baxmayaraq ölkədəki Rusiya səfirliyi ikili vətəndaşlığı olanlar üçün Rusiya pasportlarının verilməsini dayandırmayıb.
Seçim
Bundan sonra Türkmənistan ikili vətəndaşlığı olanları vətəndaşlığın yalnız birinin saxlanmasına məcbur edib.
Türkmənistan ikili vətəndaşlığını saxlamaq istəyənlərə Türkmənsitan pasportlarının verilməsini dayandırmışdı.
Bu da qeyd olunur ki, seçim qarşısında qalan türkmənlər əksərən Rusiya vətəndaşlığını seçirdilər.
2019-cu ilin ortalarında Türkmənistanda ikili vətəndaşlığı olan bəzi şəxslərə - əsasən uşaqlara və qocalara Türkmənistan pasportlarının verilməsinə icazə verilib.
Putinlə görüşdən sonra
Miqrasiya Xidməti bunu da elan edib ki, Türkmənistan vətəndaşlığından imtina etmiş şəxslər, əgər hələ bu məsələyə baxılmayıbsa, ərizələrini geri götürə bilərlər.
Bu dəyişikliklər Berdımuxammedovun iyunun 10-da Moskvaya səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verir.
Bu, hakimiyyəti atasından qəbul etmiş 40 yaşlı Serdar Berdımuxammedovun ilk xarici səfəri idi.
Türkmənistanda siyasi müxalifət demək olar, yoxdur.
Keçmiş prezident Qurbanqulı Berdımuxammedovun hakimiyyəti illərində ölkədə yaşayış səviyyəsi son dərəcə aşağı düşüb.
Dünyanın böyüklüyünə görə dördüncü qaz ehtiyatlarına malik Türkmənistanda yoxsulluq geniş yayılıb.