Ötən noyabradək Ukrayna kitabxanalarından 19 milyon nüsxə sovet dövrü, rusca kitab yığışdırılıb. Bunu parlamentin humanitar və informasiya siyasəti komitəsi sədrinin müavini Yevgeniya Kravçuk deyib. Onun sözlərinə görə, 19 milyon kitabdan 11 milyonu rusca olub.
“Sovet dövrünə aid bəzi ukraynaca kitablar da yığışdırılır”, – Verxovna Radanın vebsaytında yerləşdirilmiş məlumata görə, Kravçuk vurğulayıb.
Deputatın dediyinə görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyən müəlliflərin kitablarının da kataloqlardan çıxarılması tövsiyə olunur.
"Derusifikasiya"
Kitabxanalardan yığışdırılmış kitabların sonrakı taleyi bəlli deyil.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Kiyev rusca kitablardan istifadəni məhdudlaşdırıb. Moskva bir il öncə işğala başlayandan “derusifikasiya” prosesi sürətlənib.
2022-ci ilin ortasında Ukrayna rusca kitabların yayılmasını məhdudlaşdırıb. Kravçuk ölkə kitabxanalarında rusca və ukraynaca kitabların nisbətinin “çox təəssüfləndirici” olduğunu deyib.
Kitabların 44 faizi ruscadır
“İndi fondları yeniləyərək mümkün qədər tez ukraynaca kitablar almaq lazımdır”, – deyən deputat Ukrayna kitabxanalarında kitabların 44 faizinin rusca, qalanının ukraynaca və Avropa İttifaqı ölkələrinin dilində olduğunu vurğulayıb.
Ukrayna dili ölkənin yeganə rəsmi dilidir və əhalinin təxminən yarısı əsasən, ya da yalnız bu dildə danışır. 30 faiz əhalinin isə əsasən, yaxud yalnız rusca danışdığı bildirilir.
Rusca və ukraynaca Şərqi slavyan dilləri qrupuna daxildir. Ukraynalıların çoxu rusca danışsa da, ukraynaca bilməyən ruslar onu anlamaqda çətinlik çəkirlər.
Ruscadan istifadənin məhdudlaşdırılmasına baxmayaraq, Kiyev və bir çox digər şəhərlərdə rus dili geniş yayılıb. Qanunvericiliyə görə, bizneslər və digər qurumlar yalnız Ukrayna dilindən istifadə etməlidir.