Yerli sakinlərin və teleqram kanallarının verdiyi məlumata görə yanvarın 4-də Rusiya tərəfindən ilhaq edilmiş Krımın bir sıra rayonlarında bir neçə partlayış baş verib.
Rusiya hakimiyyət orqanları sözü gedən ərazidə hava hücumundan müdafiə sisteminin işə salındığını bildiriblər.
Sosial şəbəkələrdə partlayış səslərinin eşidildiyi və tüstü göründüyü video və fotolar dərc olunub.
Bu arada həm də Sevastopolda, onun yaxınlığındakı Balaklava və Yevpatoriyada partlayışların baş verdiyi bildirilir.
Rusiya 10-dək raketin vurulduğunu deyir
AzadlıqRadiosu Rus xidmətinin müxbiri bildirib ki, Sevastopolda 10-dək partlayış səsi eşidilib.
Sevastopola Rusiya tərəfindən təyin edilmiş qubernator Mixail Razvojayev teleqram kanalında yazır ki, “hərbçilər çox sayda müxtəlif uçan hədəflərin məhv edilməsi ilə məşğuldurlar”.
Razvojayevin məlumatına görə qırıntılardan biri yaşayış binasına düşüb və bir nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi Krım yarımadası üzərində Ukrayna hərbçiləri tərəfindən buraxılmış 10-dək raketin vurulduğunu bildirib.
Lakin məlumatdan bütün raketlərin vurulub-vurulmadığı bilinmir.
Komanda mərkəzi
Ukrayna silahlı qüvvələrinin komandanlığı bildirir ki, hava zərbəsi nəticəsində rusiyalıların Sevastopol yaxınlığındakı komanda mərkəzi vurulub.
Ukrayna hərbi hava qüvvələrinin komandanı Nikolay Oleşşuk bəyan edib ki, söhbət Sevastopol və Yevpatoriya yaxınlığındakı hərbi obyektlərdən gedir.
“Krımski veter” adlı teleqram kanalı abunəçilərə istinadla iddia edir ki, raketlərdən biri Sevastopoldakı hərbi hissəyə düşüb.
Oleşşuk “Ukrayna hərbi hava qüvvələrinin pilotlarına və əməliyyatı hazırlayanların hamısına” təşəkkürünü bildirib.
Oleşşukun məlumatına görə habelə Yevpatoriya hava hücumundan müdafiə hərbi hissəsinə ziyan dəyib.
Müharibə şəraitində tərəflərin verdiyi məlumatların səhihliyini müstəqil şəkildə yoxlamaq mümkün deyil.
Krım son vaxtlar Ukraynanın raket zərbələrinə məruz qalır.
Dekabrın sonlarında Rusiyanın Feodosiya buxtasında lövbərlənən “Novoçerkassk” desant gəmisi ciddi zədələnib.