Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:44

Ukrayna və Moldova Aİ üzvlüyü üçün 'tarixi' danışıqlara başlayıblar


Ukrayna və Moldova hökumətləri Avropa İttifaqına üzvlük danışıqlarına başlanmasını “tarixi hadisə” adlandırıblar.

Bu danışıqlar iyunun 25-də Lüksemburqda hökumətlərarası konfransda başlanıb.

Ukrayna nümayəndə heyətinə başçılıq edən Olqa Stefaşina deyib ki, bu, onun ölkəsi üçün “tarixi andır” və bütün xalq bu qərarı dəstəkləyir.

Stefaşinanın sözlərinə görə danışıqlara başlanması ukraynalılara Rusiya təcavüzü ilə mübarizədə “mənəvi güc” verəcək.

Moldova prezidenti Mayya Sandu danışıqların başlanması münasibətilə Ukraynanı təbrik edib.

O deyib ki, Moldova dinc və çiçəklənən gələcək naminə Ukrayna ilə birlikdədir.

"İki ölkənin mətanəti"

Moldovanın baş naziri Dorin Reçan bu barədə deyib:

"Bu Avropa üçün tarixi zamanda bizim üçün tarixi hadisədir. Bu həm də o deməkdir ki, hər iki tərəfin Avropa sülhünə, təhlükəsizliyinə, sabitliyinə və çiçəklənməsinə sədaqəti var”.

Hazırda Avropa İttifaqına sədrlik edən Belçikanın xarici işlər naziri Haca Ləhbib də danışıqlara başlanmasını “tarixi an” adlandırıb.

Bu hadisəni Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də alqışlayıb. O bu münasibətlə yazdığı videomüraciətdə hər iki ölkəni mətanətinə görə təqdir edib:

"Ukrayna və Moldova xalqları bu layihənin bir parçası olmaq üçün sarsılmaz sədaqət nümayiş etdiriblər. Onlar hətta müharibə şəraitində miqyaslı islahatlara başlayıblar”.

Qanunları Avropa standartlarına uyğunlaşdırmaq

Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Daha doqquz ölkənin üzvlüyə namizəd statusu var və onlar danışıqların müxtəlif mərhələlərindədir.

Namizəd ölkələr öz qanunlarını və standartlarını ekologiya, təhlükəsizlik, vergi siyasəti də daxil 35 sahədə Aİ standartlarına uyğunlaşdırmalıdırlar.

Hər bir sahədə əldə olunmuş nailiyyətlər Aİ-nin bütün üzvləri tərəfindən təsdiq edilməlidir.

Məsələn Türkiyə 25 ildir ki, öz qanunlarını Aİ qanunlarına yaxınlaşdırmağa çalışır.

“Burda kəsə yol yoxdur”

Ursula fon der Leyen namizəd ölkələr barədə bunları deyib:

"Onlar bilirlər ki, bu yol çətin və mürəkkəbdir. Danışıqlar namizədləri üzvlüyün məsuliyyətinə hazırlamaq məqsədi güdür. Buna görə də burada kəsə yol yoxdur”.

Ukrayna və Moldova Aİ üzvlüyünə müraciətlərini 2022-ci ildə, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin dərhal ardınca təqdim ediblər.

Artıq həmin ilin iyun ayında bu ölkələrə namizəd statusu verilib. Kiyev və Kişinyov Aİ-yə 2030-cu ilədək üzv olmağa ümid edirlər.

Bununla belə Moldovada bu ilin oktyabrında ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməlidir.

Amma bu referendumun nəticələri hüquqi baxımdan icbari olmayaq, lakin hər halda vətəndaşların Avropa perspektivinə münasibətini nümayiş etdirəcək.

XS
SM
MD
LG