Rusiyanın Baş Prokurorluğu xəbərdarlıq edib ki, Ukrayna prezidenti Volodimir Zelenskidən müsahibə almış jurnalistlərin hərəkətinə “hüquqi qiymət” veriləcək.
Ukrayna prezidenti müharibə başlayandan bəri ilk dəfə olaraq martın 28-də Rusiya jurnalistlərinə müsahibə verib.
Müsahibədə Meduza qəzetinin və Dojd telekanalının baş redaktorları, Novaya gazetanın sualını çatdırmış jurnalist Mixail Zıqar və Kommersant qəzetinin xüsusi müxbiri Vladimir Solovyov iştirak ediblər.
Müsahibənin mətni Meduza qəzetində dərc olunub.
Rusiyada mediaya nəzarət edən Roskomnadzor Rusiya kütləvi informasiya vasitələrindən Zelenski ilə müsahibəni “göstərməməyi” tələb edib.
Bu müsahibədə jurnalistlər Ukraynaya müdaxilə etmiş Rusiya hərbi texnikasının üstündə yazılan “Z” və “V” hərflərinin prezident Volodimir Zelenskinin ad və soyadının baş hərfləri və onun fiziki məhvinə işarə olub-olmadığını soruşublar.
Ukrayna lideri cavab verib ki, onun fiziki ləğvi məsələsi ilə Ukrayna parlamentinin rusiyayönlü deputatı Viktor Medvedçukun dəstəsi məşğul olub.
Zelenskinin sözlərinə görə Medvedçukun çevrəsi anlayırdı ki, Rusiya Ukrayna siyasətinə təsirini itirir və buna görə də regionlardakı seçki zamanı yerli hakimiyyətin zəiflədilməsinə yönəlik təbliğatla məşğul idi.
Mariupolun mühasirəsi ilə bağlı məsələyə toxunan Zelenski deyib ki, oradakı hadisələrin mediada işıqlandırılmasında xaos hökm sürür.
Prezident bildirib ki, şəhər Rusiya hərbçilərinin blokadasındadır və dəniz limanı minalanıb. Şəhərin özündə humanitar fəlakət baş verir, ərzaq, dava-dərman, içməli su çatışmır.
Zelenski deyib ki, Rusiya hərbçiləri humanitar yardım karvanlarını atəşə tuturlar.
Prezident bildirib ki, şəhərdən Ukrayna tərəfə iki müvəqqəti humanitar dəhliz var. Buna baxmayaraq oradan cəmi 2 min nəfər çıxarılıb. Sakinlərin bir hissəsi zorla Rusiyanın nəzarətində olan ərazilərə aparılıb. Onların dəqiq yeri məlum deyil. Zelenskinin sözlərinə görə onları “mübadilə fondu üçün can” kimi girov saxlayırllar.
“Öz ölkələrində söz azadlığını məhv ediblər”
Əsirlər məsələsinə toxunan Zelenski deyib ki, tərəflər əsirlərin siyahılarını mübadilə ediblər və o “hamını hamıya” dəyişməyin tərəfdarıdır.
O habelə deyib ki, Rusiya tərəfində çox gənc adamlar döyüşürlər və Moskva itkiləri gizlədir.
Zelenski etiraf edib ki, bu hərbi müdaxilə başlanandan onun Rusiyaya və rusiyalılara münasibəti son dərəcə pisləşib. Lakin o Ukraynanı dəstəkləyən rusiyalılara təşəkkürünü bildirib.
Ukrayna prezidenti deyib ki, rus dilinin statusu məsələsi danışıqların gündəliyindən çıxarılmayıb.
Onun sözlərinə görə qonşu xalqların rusların, rumınların, macarların və polyakların dilinə ehtiram bu barədə ayrıca müqavilədə təsbit olunacaq.
Daha sonra Rusiyada onun müsahibəsinə münasibətdən xəbər tutan Zelenski deyib:
"Öz ölkələrində söz azadlığını məhv ediblər. İndi də qonşu xalqı məhv etməyə çalışrılar. Özlərini qlobal oyunçu sayırlar. Amma özləri bir neçə jurnalistlə qısa söhbətdən qorxurlar. Əgər reaksiya belədirsə, deməli biz düz edirik. Deməli onlar əsəbiləşirlər”.
Liz Trass: 'Danışıqlarda Ukrayna qurban verilə bilməz'
Reuters agentliyinin xəbərinə görə Britaniyanın xarici işlər naziri Liz Trass martın 28-də deyib ki, Rusiya ilə danışıqlarda Ukrayna qurban verilə bilməz və Vladimir Putinın bu müdaxilədən mənfəətlənməsi yolverilməzdir:
"Biz əmin olmalıyıq ki, gələcək danışıqlar Ukraynanın qurban verilməsi ilə nəticələnməsin və keçmiş səhvlər təkrarlanmasın. Biz 2014-cü ilin anlaşmasını və bunun Ukraynaya uzunmüddətli təhlükəsizlik vermədiyini xatırlayırıq. Məhz buna görə də biz Putinin bu dəhşətli təcavüzdən qalib çıxmasına yol verə bilmərik”.
Ukraynada partizan müharibəsi xəbərdarlığı. Danışıqlar gözlənir
Mariupolun meri Vadim Boyçenko şəhərin humanitar fəlakət astanasında olduğunu, tam evakuasiyanın vacibliyini vurğulayıb. Boyçenko 160 minədək dinc sakinin şəhərdə işıqsız qaldığını söyləyib.
Onun sözlərinə görə, sakinləri evakuasiya etmək üçün 26 avtobus gözləyir, amma Rusiya qüvvələri onları təhlükəsiz çıxış verməyib.
“Rusiya Federasiyası bizimlə oynayır”, – o vurğulayıb.
“Provokasiyalar”a görə dəhliz açmırlar
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk isə Rusiyanın mümkün “provokasiyaları” səbəbindən mühasirədə olan şəhərlərdən hər hansı humanitar dəhliz açmaq planları olmadığını deyib.
“Kəşfiyyatımız humanitar dəhlizlər boyunca işğalçıların mümkün provokasiyaları haqda xəbər verir. Buna görə də ictimai təhlükəsizliyə görə bu gün humanitar dəhliz açmırıq”, – o, martın 28-də Telegram-da yazıb.
Müharibəyə qədər 400 min əhalisi olan Mariupol viran qoyulub, minlərlə dinc sakin həlak olub, bir çoxlarının kommunal xidmətlərsiz, ərzaqsız qaldığı bildirilir.
Humanitar dəhlizlər haqda öncəki razılaşmaların çoxu alınmayıb, tərəflər bir-birini bunu əngəlləməkdə suçlayıb.
***
Ukrayna hərbi kəşfiyyatının başçısı deyir ki, Rusiya ölkəni ikiyə parçalayacağına ümid edir. Prezident Volodimir Zelenski qərbdən ölkəsinin müdafiəsi üçün əlavə qırıcılar istəyib.
General Kirilo Budanov martın 27-də bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onun ölkəsini 2-ci Dünya müharibəsindən sonra Koreya yarımadası kimi parçalamaq istəyir.
“Tam partizan” müharibəsi
Bu bəyanatdan bir neçə gün öncə Rusiya bəyan edib ki, hərbi strategiyasını dəyişir, Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarına fokuslanır. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.
Budanovun sözlərinə görə, Ukrayna Rusiya qüvvələrinin çıxarılması və ölkənin ərazi bütövlüyünün təmin olunmasından ötrü “tam partizan” müharibəsi aparacaq.
Rusiya Ukrayna ilə sərhədə 150 minədək əsgər yığaraq fevralın 24-də ölkəni işğal edib. Bundan iki gün öncə separatçıların Donetsk və Luqanskdakı qondarma “respublikalar”ını tanıyıb. Kreml bu keçmiş sovet ölkəsini öz təsir dairəsinə almağa çalışır.
Ukrayna silahlı qüvvələri, mülki müdafiə dəstələri və könüllülər Rusiya əsgərlərinə sərt müqavimət göstərirlər, hətta bəzi şəhərləri geri almaları haqda xəbərlər gəlib. Qərb Ukraynaya silah yardımı göstərir. Amma NATO Kiyevin təkidli xahişlərinə baxmayaraq, münaqişəyə müdaxilə etməyib, Ukrayna səmasını da bağlamayıb.
“Onların cəsarətinin 1%-i olsaydı...”
Hazırda Donetsk regionunda strateji Mariupol şəhərində ağır döyüşlər getdiyi bildirilir. Bu şəhərin itirilməsi Ukraynanın Donetski müdafiə etməsinə böyük zərbə olacaq.
Rusiya Ukrayna səmasına nəzarət edir, ölkənin hərbi və mülki infrastrukturunu vurur.
Qərb Ukraynaya MiG qırıcıları göndərməkdən imtina edir, bunun Rusiyanı münaqişənin sərhədlərini genişləndirməyə təhrik edəcəyindən ehtiyatlanır.
“Bu gün Mariupolu müdafiə edənlərlə danışdım. Onlarla daimi kontaktdayam. Onların qətiyyəti, qəhrəmanlığı və möhkəmliyi heyrətamizdir”, – Zelenski videomüraciətində deyib.
“31 gündür bizə onlarla qırıcı və tankı necə verməyi götür-qoy edənlərdə onların cəsarətinin 1%-i olsaydı”, – deyə Zelenski Qərblə bağlı düyib.
Danışıqlar
Bu gün – martın 28-də Türkiyədə Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilməlidir. Zelenski danışıqlar öncəsi ölkəsinin ərazi bütövlüyü məsələsini vurğulayıb.
Ukraynanın danışıqlarda prioriteti “suverenlik və ərazi bütövlüyü” olacaq, o deyib.
Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan martın 27-də rusiyalı həmkarı Putinlə telefon söhbətində danışıqlara ev sahibliyi etməyə razılaşıb. Ərdoğan atəşkəsə və humanitar şərtlərin yaxşılaşdırılmasına çağırıb.
Tərəflər arasında üzbəüz danışıqların martın 28-də, yaxud 29-da başlanacağı gözlənir.
Luqansk referendumdan danışır
Britaniya kəşfiyyatının martın 28-də yaydığı məlumata görə, Rusiya qüvvələri son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər. Rusiyanın Mariupol yaxınlığında möhkəmləndiyi bildirilir.
Luqanskın separatçı lideri isə martın 27-də bildirib ki, Rusiyaya qoşulmaq üçün regionda tezliklə referendum keçirə bilər. 2014-cü ildə Rusiya Krımı da oxşar referendumla ilhaq etmişdi.
“Müvəqqəti işğal edilmiş ərazilərdə heç bir saxta referendumun hüquqi qüvvəsi yoxdur. Rusiya bunun əvəzində beynəlxalq ictimaiyyətin daha güclü reaksiyası ilə üzləşəcək, qlobal baxımdan daha çox təcrid olunacaq”, – Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
Zelenskinin müsahibəsi
Ukrayna 1994-cü ildə Moskvadan ərazi qarantiyaları əvəzində nüvə silahlarından əl çəkib. Rusiya Krımı ilhaq edənəcən neytrallıq məsələsi konstitusiyaya salınmışdı. Ancaq o vaxtdan Ukrayna Rusiya təcavüzünə qarşı NATO-ya üzv olmağa çalışır. Kreml isə bunu “qırmızı xətt” adlandırır.
Zelenski martın 27-də Rusiyadan jurnalistlərə müsahibəsində neytrallığı bəyan etməyi, Rusiyaya təhlükəsizlik qarantiyaları verməyi istisna etməyib. “Roskomnadzor” müsahibənin Rusiyada yayılmasını dərhal qadağan edib.
NATO rəsmiləri isə alyansın qapılarının Ukraynanın üzünə açıq olduğunu desələr də, konkret tarix göstərmir, üzvlüyün illər çəkəcəyini vurğulayrlar.
Putin Ukrayna dövləti və mədəniyyətini rədd edir, onun yalnız Rusiya tarixindən qaynaqlandığını iddia edir.