Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Ukrayna Rusiya ilə bağlı dini təşkilatları qadağan edən qanun qəbul edib


Vladimir Putin və arxa planda Rusiya patriarxı Kirill (Arxiv fotosu)
Vladimir Putin və arxa planda Rusiya patriarxı Kirill (Arxiv fotosu)

Ukrayna parlamenti – Verxovna Rada Rusiya ilə bağlı dini təşkilatların ölkədə fəaliyyətini qadağan edən qanun qəbul edib.

Şərhçilər bildirirlər ki, bu qanun ilk növbədə əvvəllər “Moskva patriarxlığının Ukrayna Pravoslav Kilsəsi” kimi tanınan və Ukraynada ən böyük Xristian kilsəsi olan “Ukrayna Pravoslav Kilsəsini” (UPK) hədəfləyir.

Qanunu 265 deputat dəstəkləyib.

Xəbər verilir ki, Ukrayna parlamenti sənədin ikinci oxunuşu keçirilmədən onu dərhal səsə qoyub.

Qanunun qəbuluna qarşı çıxanlar da öz düzəliş təkliflərinin qanun layihəsinə əlavə olunmasında israr etməyiblər.

Qanunun əleyhinə 29 deputat səs verib.

Qanunun qüvvəyə minməsi bir xeyli çəkə bilər

Qanunun 30 gündən sonra qüvvəyə minməsi nəzərdə tutulub. Buna baxmayaraq Ukrayna Pravoslav Kilsəsinin icmalarına Rusiya Pravoslav Kilsəsi ilə bağlarını qırmaq üçün 9 ay vaxt verilir. Bununla belə qanunda açıq şəkildə deyilir ki, Rusiya Pravoslav Kilsəsinin Ukraynada fəaliyyəti qadağandır.

Qanunda nəzərdə tutulur ki, Ukrayna məhkəmələri hakimiyyətin dəstəyi ilə Ukraynada Rusiya Pravoslav Kilsəsinə daxil kilsələrin fəaliyyətini qadağan edəcəklər.

Lakin UPK vahid hüquqi şəxs deyildir və ayrı-ayrı yeparxiya və icmalardan ibarətdir. Onların ümumi sayının 9 minədək olduğu məlumdur. Beləliklə bunlardan hər biri haqqında ayrıca məhkəmə qərarı olmalıdır.

Buna görə də məhkəmə işlərinin bir neçə ay davam edəcəyi və qanunun prezident tərəfindən təxminən bir ildən sonra imzalanacağı gözlənilir.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Moskva patriarxlığının Ukrayna Pravoslav Kilsəsi özünü Rusiya Pravoslav Kilsəsindən müstəqil elan edib, lakin rəsmi olaraq avtokefallığını təsdiqləməyib.

Keşişlərə qarşı 70-dək cinayət işi

Ukrayna hakimiyyəti hesab edir ki, UPK Moskva ilə əlaqələrini kəsməyib. Bu kilsənin bir sıra ruhani və ierarxına qarşı Rusiyanın dəstəklənməsi ilə bağlı 70-dək cinayət işi açılıb.

Rusiya ilə bağlı dini təşkilatların Ukraynada qadağanına dair qanun layihəsi Verxovna Radaya hələ 2023-cü ilin yanvarında təqdim olunub, amma birinci oxunuş yalnız oktyabrda keçirilib.

2023-cü ilin martında Ukrayna hökuməti UPK ilə Kiyev Peçora Lavrasının ərazisi və binalarına dair icarə müqavilələrini dayandırıb və kilsə nümayəndələrindən bu obyektlərin tərk edilməsi tələb olunub.

UPK israr edir ki, sözü gedən qanunvericilik aktı Ukrayna Konstitusiyasına və Avropa İnsan Haqları Konvensiyasına ziddir.

Kilsə bildirir ki, Ukrayna hökuməti onun ruhanilərini “Rusiya agentləri” kimi qələmə verməklə gözdən salır.

Rusiya Pravoslav Kilsəsi Rusiya prezidenti Vladimir Putini və onun Ukraynaya qarşı müharibəsini qızğın şəkildə dəstəkləyir.

XS
SM
MD
LG