Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi həbs olunmuş Askar Kubanıçbek-uulunun hərbi geyimdəki selfisini yayıb. Onun yanında duran digər kişinin əynində, adətən, "telnyaşka" deyilən, çox vaxt Rusiya ordusu ilə assosiasiya olunan ağ-mavi zolaqlı alt köynəyi var.
Fotonun Ukraynanın Rusiya işğalındakı Luqansk bölgəsində çəkildiyi güman edilir. Qırğızıstan vətəndaşı Askar Kubanıçbek-uulu ötən ilin yayında Rusiyanın Ukraynada apardığı müharibədə döyüşmək üçün muzdlu kimi qeydiyyatdan keçib.
Kubanıçbek-uulu hazırda cəbhə xəttindən çox uzaqdadır. İndi o, Qırğızıstanın paytaxtı Bişkekdə muzdlu döyüşçü olmaq ittihamı ilə 10 il həbsxanada qalacaq.
Rusiya rəsmiləri məhkəmənin hökmünə etiraz edirlər
Kubanıçbek-uuluya vətəndaşlıq verilməsini nəzərdən keçirdiklərini deyən Rusiya rəsmiləri Qırğızıstana təzyiq göstərirlər.
Rusiyada miqrant hüquqları eksperti Valentina Çupik AzadlıqRadiosuna deyib ki, 31-yaşlı Qırğızıstan vətəndaşı muzdlu kimi Rusiya ordusuna qoşulduğundan vətənində "layiqli" cəzasını alan ilk adam olması baxımından önəmlidir. Çupikin sözlərinə görə, onu azad etmək əks-presedent yarada bilər.
Kubanıçbek-uulunun yaxınları onun özünün məhkəmədəki ifadələrindən fərqli ifadələr verirlər.
Bir şey aydındır ki, Kubanıçbek-uulu may ayında cəzası elan edilən zaman yalnız Qırğızıstanın vətəndaşı olub. O, atasının xəstəliyi üzündən Qırğızıstana qayıdıbmış.
Ancaq Rusiyada İnsan haqları üzrə Prezident Şurasının üzvü Kirill Kabanov deyib ki, indi vəziyyəti düzəltmək vaxtıdır. O, fikrini iyulun 21-də "Telegram" postunda paylaşıb.
Kabanov Kubanıçbek-uuluya Bişkekdə pasport verilməsi üçün Rusiyanın Daxili və Xarici işlər nazirliklərinə üz tutduğunu bildirib və həmin qurumlardan xahiş edib ki, Qırğızıstan hökumətindən Kubanıçbek-uulunun buraxılaraq Rusiyaya transferini istəsinlər.
Kabanov bunu da deyib ki, Qırğızıstan bu tələbi rədd edərsə, Moskva "Qırğızıstan rəsmilərinin bu açıq-aşkar düşmən hərəkətlərinə cavab kimi bütün mümkün təzyiq mexanizmlərindən yararlanmalıdır".
Kabanovun üzvü olduğu Şuranın hər hansı icra gücü olmasa da, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın avqustun 2-də bu müraciətə baxıldığını söyləməsi Moskvanın Kubanıçbek-uulu ilə bağlı tədbirlər görməkdə olduğunun təsdiqidir.
Qırğızıstan, hələlik, Rusiya rəsmilərinin atmacalarına açıq cavab verməyib.
"Sadələşdirilmiş" prosedurun hədəfi
Rusiya vətəndaşlığı almış və almamış ortaasiyalı miqrantlar özəlliklə Prezident Vladimir Putinin ötən ilin sentyabrındakı səfərbərlik əmrindən sonra hökumətin orduya cəlb etməyə çalışdığı hədəf qruplarından birinə çevriliblər. Səfərbərliyin açıqlandığı həftə Dövlət Duması Rusiya Federasiyası silahlı qüvvələri və hərbi birləşmələrinə yazılan əcnəbilərə vətəndaşlığa müraciət etməkdən ötrü "sadələləşdirilmiş" prosedur təklif edib. Ancaq münaqişədə tərəfsiz qalmağı seçən Orta Asiya hökumətlərinin reaksiyası özünü çox gözlətməyib. Qırğızıstan, Tacikistan və Özbəkistan bəyanat verərək öz vətəndaşlarına xarici münaqişələrdə iştiraka görə cinayət məsuliyyəti daşıyacaqlarını xatırlatdılar. Qırğızıstanla Özbəkistan bu qanun pozuntusuna görə 10 ilədək həbs cəzası nəzərdə tutulduğunu ayrıca vurğulayıb.
Bu bəyanatlar Kubanıçbek-uulunun Rusiya ordusuna qoşulmaq qərarından sonra, ancaq onun vətənə qayıtmaq qərarından öncə verilmişdi.
Rusiya teleseriallarının çəkilişinə qatılıb
Məhkəmədə Kubanıçbek-uulu Rusiya pasportu almaq imkanının onun müharibəyə qoşulmaq üçün əsas motivi olduğunu deyib.
Üstəlik, muzdlu döyüşçü 10 ildən çox Rusiyada yaşayıb. O, burada bəzi sevilən Rusiya teleseriallarının çəkiliş studiyalarında texnik çalışıb və bir həmkarı ilə ortaq biznes qurub. Düzdür, biznesi uğurlu alınmayıb.
Qardaşı Apsamat isə Rusiyanın RT kanalına tam başqa hekayət danışıb. O, may ayında verdiyi müsahibədə deyib ki, Kubanıçbek-uulu bir dostuna qoşularaq müharibəyə gedib. Məhkəmədə bunu Rusiya pasportuna görə etdiyini isə vəkillərinin belə məsləhət gördüyü üçün deyib.
Kubanıçbek-uulunun atası ötən ay AzadlıqRadiosunun qırğız xidmətinə oğlunun müharibəyə getməsindən xəbərsiz olduğunu deyib. Ancaq müttəhimin özü həbsxanadan verdiyi ifadədə bunun əksini söyləyib. RT iyulun 19-da həmin ifadəni də yayıb.
Kubanıçbek-uulu iddia edib ki, atası onun Ukraynaya getməsinə xeyir-dua verib, çünki onun ata babası da İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub. Rusiyanın rəsmi dövlət təbliğatı Ukraynanı faşist Almaniyası ilə eyniləşdirməyə çalışır.
"Etnik qırğız olsam da"
Cəbhədəki döyüşləri gözü ilə görən ortaasiyalılar yox deyil. Mediada ortaasiyalıların Ukraynada ölməsinə, ya əsir düşməsinə dair xəbərlər dərc edilir. Ancaq Kubanıçbek-uulu deyir ki, onun işi, əsasən, logistika xarakterli olub və o, Luqanskda arxa mövqelərdə çalışıb.
RT isə Kubanıçbek-uulu haqqında reportajını onun hərbi təlimdə qumbara atdığı və avtomat silahdan atəş açdığı görüntülərlə "süsləyib".
RT Rusiya siyasətçilərindən kömək istəyən Kubanıçbek-uulunun Rusiyanı "yenilməz" adlandırdığını və "biz gec-tez qalib gələcəyik" deməsini də reportajına əlavə edib.
"Etnik qırğız olsam da, özümü rus sayıram" deyən Kubanıçbek-uulu həbsxanadan buraxılsa, müharibəyə geri dönəcəyinə söz verib.
Müsahibənin necə və harada götürüldüyü barədə bilgi yoxdur.
Qırğızıstanın daxili işlərinə Kremlin qarışmaq cəhdləri get-gedə daha açıq və ardıcıl hal almağa başlayır. Son zamanlar Rusiya XİN-in bəyanatlarında bu ölkənin adı tez-tez çəkilir.
Zaxarovanın Kubanıçbek-uulunun işi ilə bağlı açıqlamasından öncə Qırğızıstan parlamentinin bütün dövlət qulluqçularının qırğız dilini bilməli olması haqda yeni qanunu Rusiya rəsmilərini qıcıqlandırmışdı. Xarici İşlər naziri Sergey Lavrov bu qanunu "qeyri-demokratik" və "ayrıseçkilik salan" qanun adlandırmışdı.
Arxadan zərbə?
"Global Voices" saytının Orta Asiya üzrə redaktoru Nurbek Bekmurzayev AzadlıqRadiosuna deyib ki, hər iki hal Rusiya-Qırğızıstan münasibətlərində hələ də qalmaqda olan müstəmləkəçi ruhunu nümayiş etdirir. O, sözlərinə bunu da əlavə edib ki, Kubanıçbek-uuluya kəsilmiş hökm Kremlin hələ də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə hər şey qaydasında görüntüsünü saxlamaqla müharibəyə əcnəbiləri göndərməyə davam etmək cəhdlərini əngəlləyir. O, Rusiyanın iri şəhərlərində daha az sayda etnik rusun orduya çağırılması gerçəyinə diqqət çəkib. "Bu üzdən, Kreml [Kubanıçbek-uulunun] işini Bişkekin arxadan vurduğu zərbə, passiv tərəfsizlikdən çıxma kimi görür", - Bekmurzayevin sözləridir.