Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:36

Ukrayna Rusiyanın dron hücumu ittihamlarını rədd edir


2022-ci ilin dekabrında Kursk yaxınlığındakı aerodroma dron zərbəsindən sonra
2022-ci ilin dekabrında Kursk yaxınlığındakı aerodroma dron zərbəsindən sonra

Ukrayna ötən günlər ərzində Rusiya ərazisi üzərində uçan bir neçə dronla hər hansı əlaqəsinin olduğunu inkar edib.

Bu dronlardan biri Moskvanın 100 kilometrliyinə yaxınlaşmışdı. Kreml hava hücumundan müdafiə sisteminin gücləndirilməsini əmr edib.

Ukrayna prezidenti administrasiyasının müşaviri Mixaylo Podolyak martın 1-də Twitter-də yazıb ki, “Ukrayna Rusiya ərazisinə heç bir hücum əməliyyatı keçirməyib” və Rusiya ərazisinə düşmüş və partlamış dronlarla heç bir əlaqəsi yoxdur.

Bununla belə Kiyev bəyan edir ki, Ukrayna onun ərazisinə müdaxilə etmiş Rusiyanın ərazilərinə zərbələr endirmək haqqına malikdir.

Ukrayna rəsmiləri ümumiyyətlə Rusiya ərazisinə hər hansı zərbələr endirildiyini inkar edirlər.

Podolyak yazıb:

"Ukrayna özünün bütün işğal olunmuş əraziləri üzərində nəzarətinin bərpa olunması məqsədilə müdafiə müharibəsi aparır”.

Baxmutda küçə döyüşləri
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Dron hücumları

Bundan bir gün əvvəl Rusiyanın Müdafiə Nazirliyi bildirmişdi ki, onun antitəyyarə birlikləri Krasnodar diyarı və Adıge Respublikası üzərində iki dron vurublar.

Dronlardan biri Rusiyanın neft nəhəngi Rosneftin Tuapse şəhərindəki neft çənlərinin yaxınlığına düşüb. Burada yanğın baş versə də, alov çənlərə çatmayıb.

Bundan başqa daha bir dron Rusiyanın Bryansk vilayətində vurulub, digəri isə Moskva yaxınlığındakı Kolomno şəhərinin ətrafına düşüb.

Dronlardan heç biri insan tələfatı törətməsə də, prezident Vladimir Putin ölkə sərhədlərinin və hava məkanının müdafiəsinin gücləndirilməsini əmr edib.

Rusiyadan ziddiyyətli izahat

Rusiya rəsmiləri bundan əvvəl Kiyevi Ukrayna ərazisi yaxınlığındakı neft emalı zavodlarına və hərbi qurğulara qarşı sabotajda ittiham etmişdilər.

Bir sıra ekspertlər bildirirlər ki, Rusiya ərazisinə son günlərdə uçurulan dronlardan məqsəd gələcəkdə daha ağır zərbələrin endirilməsinin məşqi ola bilər.

Onların fikrincə dronlardan məqsəd böyük bir ehtimalla Rusiya hava hücumundan müdafiə sisteminin zəif yerlərinin aşkar edilməsidir.

Fevralın 28-də Rusiya üzərində dronların uçması xəbərlərinə görə ölkənin ikinci böyük şəhəri Sankt Peterburqda hava məkanı bağlanıb və bütün sərnişin reysləri dayandırılıb. Hava nəqliyyatı sonradan bərpa olunub.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, hava məkanının bağlanması “hava hücumundan müdafiə sistemlərinin mülki aviasiya birlikləri ilə koordinasiyasının yoxlanması” ilə bağlı olub.

Krım üzərinə dron hücumu

Nazirlik bunu da bildirib ki, Krım üzərinə dronlarla kütləvi zərbələr endirilməsinə cəhd göstərilib:

“Krım üzərinə kütləvi dron hücumu cəhdi dəf edilib, 6 dron vurulub, daha 4 dron isə radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb”.

Bu arada Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı bildirib ki, Rusiya Ukrayna paytaxtı üzərinə hücumu intensivləşdirmək məqsədilə özünün Bryansk vilayətindən İran istehsalı olan Şahed kamikadze dronları buraxmağa başlayıb.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə fevralın 27-də gecə ölkənin hava məkanına buraxılmış 14 Şahed dronundan 9-u Kiyev yaxınlığında olmaqla 11-i vurulub.

Daha sonra Kiyev vilayəti ilə qonşu Çerniqov vilayətində daha üç İran dronunun vurulması xəbəri verilib.

Britaniya hərbi kəşfiyyatının məlumatında deyilir:

"Hücumun istiqaməti nəzərə alınmaqla bu Şahed PUA-ları Bryansk vilayətindən buraxılıb. Bundan əvvəl, 2022-ci ilin dekabrdan bəri dronların yeganə buraxılış yeri Krasnodar vilayəti idi. Dronlar Azov dənizi üzərindən uçurulurdu”.

Britaniya kəşfiyyatı buraxılış yerinin dəyişdirilməsinin mümkün izahını da verib:

"İkinci buraxılış meydançası rusiyalılara Kiyevə daha yaxın hücum xətti verir. Bu ehtimalən PUA-nın Ukrayna səmasında daha qısa müddətdə olmasına imkan yaradır və Ukrayna hava hücumundan müdafiə xəttini uzatmaqla onu zəiflətmək məqsədi güdür”.

XS
SM
MD
LG