Ukrayna qüvvələri Vuhlehirsk elektrik stansiyasına Rusiyanın hücumlarını uğurla dəf etdiklərini bildirirlər. Moskva bu arada Kramatorsk və Siversk şəhərlərini davamlı atəşə tutmaqdadır. Məlumatı iyulun 22-də Britaniya hərbi kəşfiyyatı yayıb.
Kiyev isə döyüş zonasında irəliləmək üçün ilk dəfə olaraq “əhəmiyyətli potensial” əldə etdiyini deyir.
Donetskdən 50 km şimal-şərqdə yerləşən Vuhlehirskdə Ukraynanın ikinci böyük elektrik stansiyası yerləşir, Rusiya qüvvələrinin tutmağa çalışdığı strateji infrastruktur hədəfidir.
S-300 və S-400-lər işə salınıb
Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində Ukraynanın Mikolayev vilayətinin qubernatoru Vitali Kimə istinadla bildirir ki, Rusiya qüvvələri ərazidə infrastrukturu, enerji obyektlərini və depoları vurmaq üçün yeddi raket atıblar.
Britaniya kəşfiyyatı Rusiyanın yerdəki hədəflərə vurmaqdan ötrü havadan müdafiə sistemlərindən istifadəni gücləndirdiyini bildirir. Bu isə quruda hədəflərin vurulmasından ötrü aviasiya raketlərinin çatışmadığını göstərir.
Bülletendə Rusiyanın uzaq məsafədə təyyarə və raketləri vurmaq üçün nəzərdə tutulmuş S-300 və S-400 strateji havadan müdafiə sistemlərini işə saldığı bildirilir.
Ukrayna ordusunun iyulun 22-də yaydığı məlumata görə, Rusiyanın şərqi Donetsk vilayətində əsas hədəfləri Kramatorsk və Baxmut istiqamətlərinə cəmlənib.
“Əhəmiyyətli potensial”
Prezident Volodimir Zelenski isə gecə müraciətində deyib ki, Ukrayna qüvvələrinin “cəbhədə irəliləmək və işğalçıları yeni ciddi itkilərə məruz qoymaq üçün əhəmiyyətli potensialı var”, Kiyev Rusiya qüvvələrinə hücumları intensivləşdirməlidir.
Zelenskinin sözlərinə görə, ABŞ Senatının bir neçə üzvü Rusiyanın Ukraynaya təcavüzünün genosid kimi tanınmasından ötrü qətnamə təklif edib.
O bunu birinci ledi Olena Zelenskanın bu həftə Vaşinqtona səfərinin ilk nəticəsi adlandırıb.
Hər iki partiyadan yeddi senator iyulun 20-də bu qətnaməni təqdim edib. Qətnamədə Rusiyanın hərəkətlərinin, o cümlədən Rusiyaya məcburi deportasiyalar və ukraynalı dinc sakinlərin kütləvi qətlinin Ukrayna xalqına qarşı soyqırımına bərabər olduğu deyilir.
Qətnamə ABŞ-I, NATO-nu və Aİ müttəfiqlərini çağırır ki, Ukrayna hökumətinə Rusiyanın gələcək soyqırımı hərəkətlərinə qarşı dəstəkləsin.
HRW-nın hesabatı
Human Rights Watch (HRW) insan haqları təşkilatı da Rusiyanı Ukraynanın cənubundakı Xerson və Zaporojye vilayətlərində dinc sakinlərə qarşı işgəncədə, qanunsuz saxlamalarda, məcburi yoxaçıxmalarda suçlayıb.
Qurum iyulun 22-də yaydığı hesabatda iddia olunan pozuntuların hərbi cinayətlərə bərabər olduğunu bildirib.
“Rusiya qüvvələri Ukraynanın cənubunda tutduqları əraziləri qorxu və vəhşi qanunsuzluq uçurumuna çevirib”, – HRW-dan Yuliya Qorbunova deyib.
HRW Xerson, Meitopol, Berdyansk, Skadovsk və 10 digər şəhərdə 71 nəfərlə danışdığını, onların Rusiya əsgərlərinin dinc sakinlərə qarşı qanunsuzluğa yol verdiyi 42 halı sadaladığını bildirir.
Rusiya isə müharibədə dinc sakinləri hədəfə almadığını deyir.