Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:29

Yardımın olacağı bilinmir. Ukrayna savaşın yeni aşamasında…


Avdeyevkaya hücumlar Baxmut istiqamətindəki hücumları yada salır.
Avdeyevkaya hücumlar Baxmut istiqamətindəki hücumları yada salır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Zalujnı oktyabr ayında "The Economist" dərgisinə müsahibəsində "tez və gözəl" sıçrayışların olmayacağını və müharibənin "çıxılmaz" duruma gəlib çatdığını demişdi. Onun bu sözləri Kiyevdə birmənalı qarşılanmamış, Qərbdə isə Ukraynaya hərbi və iqtisadi yardımlarla bağlı narahatlığı bir az da artırmışdı.

Prezident Volodimir Zelenski Zalujnının sözlərinə etiraz edərək müharibənin çıxılmaz durumda olmadığını deyib. Ancaq dekabrın 1-də prezident savaşın yeni aşamaya daxil olduğunu bildirib.

Donbas yaxınlığındakı Ukrayna mövqeləri bəzi hallarda Rusiyanın tammiqyaslı hücumundan əvvəlki yerlərindən çox da uzaqda deyil.

"Avdeyevka yenilsə, deməli, yeniləcək, amma döyüşməyə davam edəcəyik", - Maksim adlı 28 yaşlı əsgərin sözləridir.

"Yetərincə mina və betonumuz olacaq"

Maksim "Aydar" batalyonu kimi tanınan hərbi birliyə Rusiyanın Donbasda münaqişə ocağı yaratdığı 2014-cü ildə qoşulub. İlk döyüş təcrübəsini də Avdeyevka həndəvərlərində əldə edib. Bu ərazidə indinin özündə də qızğın döyüşlər gedir.

O, AzadlıqRadiosuna 10 ilə yaxın sürən bu münaqişədə itirdiyi döyüş yoldaşlarından və son günlər Rusiya əsgərlərinin ukraynalı əsirlərə verdiyi işgəncələri əks etdirən foto və videolardan danışır, lap yaxınlarda Serhiy adlı ukraynalı əsgərin alnını rusların svastika şəklində kəsdikləri xəbəri düşündüyünü deyir.

Avdeyevkanın itirilməsi prezident seçkiləri ərəfəsində Putinə simvolik qələbə hədiyyə etmək demək olardı. Bu, Ukraynanı müdafiəsinin mühüm bir elementindən də məhrum qoyardı. ABŞ və Avropada Ukraynaya dəstəyin sürdürülməsinə qarşı çıxan skeptiklərin öz arqumentlərini gücləndirməsi də bir yandan.

Ukraynada yeni müharibə strategiyasına dair söz-söhbətin artmasının bir səbəbi də budur.

Maksim (sağda) "Aydar" batalyonuna könüllü qoşulub və ilk döyüş təcrübəsini 2014-cü ildə Avdeyevkada qazanıb.
Maksim (sağda) "Aydar" batalyonuna könüllü qoşulub və ilk döyüş təcrübəsini 2014-cü ildə Avdeyevkada qazanıb.

Noyabrın 28-də Zelenski Donbasda, eləcə də Rusiya və Belarusla sərhədlərdə əsas müdafiə xətlərinin üzərində sürətlə geniş istehkamlar şəbəkəsinin tikintisi ilə bağlı planları açıqlayıb. "Ölkəmizin yetərincə mina və betonu olacaq", - o, öz videomüraciətində bildirib.

İndi daha çox diqqət Donetsk regionunun Rusiya işğalındakı mərkəzindən şimalda yerləşən Avdeyevkaya yönəlib. Avdeyevkanı qərb səmtindən dövrələyən Oçeretino ərazi icmasının rəhbəri Mikola Kovlenko AzadlıqRadiosuna deyib ki, yeni müdafiə xətləri üzərində iş artıq irəliləyib.

Rusiya qoşunlarının say üstünlüyü var

Avdeyevka civarlarında irəliləməyə çalışan Rusiya qoşunları hücumun önündə tank və zirehli piyada maşınlarından yararlanır. Onların bu hücumları, hələ ki, piyadaların, artilleriya və dronların köməyi ilə dəf edilir.

Canlı qüvvə problemi ilə üzləşsə də, bu hücumlarda Rusiya qoşunlarının say üstünlüyü var. Avdeyevkaya hücumlar Baxmut istiqamətindəki hücumları yada salır. Bu ərazidən daha şimalda yerləşən Baxmut şəhəri aylarla sürən ağır döyüşlərdən sonra may ayında rusların əlinə keçib.

Anton adlı artilleriyaçı Ukrayna topçu birliklərinin geniş yayılmış mərmi qıtlığı ilə üzləşdiyini deyir. Avropa İttifaqı (Aİ) ölkələrinin öz vədini yerinə yetirməsi - gələn ilin yazınadək Ukraynanı bir milyon mərmi ilə təchiz etməsi real görünmür. Digər tərəfdən, Rusiya Şimali Koreyadan aldığı mərmilər və daxili hərbi istehsalı gücləndirməsi sayəsində sursat baxımından öz durumunu xeyli yaxşılaşdırıb.

Antonun döyüş yoldaşı, dron operatoru Mikita deyir ki, ukraynalılar dronların tanınması və dron hücumları sahəsindəki üstünlüyünü əldən verib. Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun taktikasını köçürərək sabit dron təchizatını təmin edib və effektiv elektron döyüş birlikləri yaradıb, beləliklə də, döyüş meydanını "mat üçün ümidin az olduğu şahmat taxtası"na döndəriblər.

Donetsk vilayətində səngərdə pilotsuz uçan aparat operatoru.
Donetsk vilayətində səngərdə pilotsuz uçan aparat operatoru.

Qərbin vəd etdiyi F-16 döyüş təyyarələri də hələ Ukraynaya verilməyib. Rusiya ön xəttin üzərindəki səmada dominantlığını sürdürməkdədir. Rusiya təyyarələrindən atılan yüksək dəqiqlikli iri bombalar tədricən Donbasın şəhər və kəndlərini yerlə bir edir.

"Biz artıq öyrəndik ki…"

"Problemin özəyi strategiyada deyil, resursların çatışmamasındadır. Biz artıq öyrəndik ki, klassik hücum hər iki tərəfin imkanları xaricindədir, ancaq yeni taktikalar qurula bilər", - hökumətə bağlı araşdırma qurumu olan Milli Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Mikola Byelyeskov AzadlıqRadiosuna belə deyib.

Almaniyada fəaliyyət göstərən Kil Dünya İqtisadiyyatı İnstitutunun yeni araşdırmasına görə, Qərb ölkələrinin Ukraynaya yeni vəd etdiyi yardımın həcmi bu ilin avqust-oktyabr aylarında ən aşağı səviyyəsinə enib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, az qala, 90 faiz daha az deməkdir.

ABŞ prezidenti Co Baydenin (Joe Biden) Ukraynaya milyardlarla dollarlıq əlavə yardım cəhdləri aylardır dalana dirənib. Daha doğrusu, onun Konqresdən tələb etdiyi 110 milyard dollarlıq yardım paketi – bunun 61 milyardı Ukrayna, qalanı İsrail və digər xərclər üçün nəzərdə tutulub – ötən həftə Senatdan keçməyib. Özlərinin immiqrasiya islahatı ilə bağlı tələblərini irəlilətməyə çalışan respublikaçılar buna imkan verməyiblər.

Ağ Ev dekabrın 4-də ötən il ayrılan 45 milyard dollarlıq yardım paketinin bu ayın sonunadək tükənəcəyini bildirib.

"Bu, Moskvanın 10 ilə yaxındır sürən savaşının və iki illik iri müdaxiləsinin başlanmasından bəri ən təhlükəli andır", - 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş, hazırda Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının təhlilçisi Con Hörbstin (John Herbst) AzadlıqRadiosuna dediyi sözlərdir.

"Amerikanın Ukraynaya dəstəyi azalmasa, Ukrayna son nəticədə müharibədən qalib çıxacaq. Bizim yardımımız kəskin azalsa, yaxud yoxa çıxsa, Ukrayna müharibədə yenilmək təhlükəsi ilə üz-üzə qalacaq", - yenə Hörbst deyir.

Ukrayna hərbçiləri Donetsk vilayətində səngərdə dincəlirlər
Ukrayna hərbçiləri Donetsk vilayətində səngərdə dincəlirlər

"Durumun uzun müddət çıxılmaz nöqtədə qalacağını düşünərkən ehtiyatlı olmalıyıq"

Gələn ilin noyabrında keçiriləcək seçkilər yaxınlaşdıqca ABŞ-da siyasi çəkişmələr daha da kəskinləşə bilər. Bununla yanaşı, Hörbst Konqresin Ukraynaya daha bir yardım paketini təsdiqləməsi ehtimalının 50 faizdən yüksək olduğunu düşünür. Ancaq o və bir çox digər mütəxəssislər bunun Yeni ildən tez baş verməyəcəyini söyləyirlər.

"Məncə, bu, Ukrayna üçün böyük narahatlıq …deməkdir", - Hörbst belə deyir.

Savaşın gedişatı və nəticələri ilə bağlı Putinin Zelenskidən daha az basqı ilə üzləşəcəyi düşünülür. Rusiyalıların çoxu müharibənin bitməsini istəyir, ancaq təhlilçilər deyirlər ki, Kreml istənilən nəticəni vətəndaşlara qələbə kimi sırıya bilər.

ABŞ-ın keçmiş diplomatı, indi "Rand Corporation" beyin mərkəzinin Rusiya üzrə təhlilçisi Uilyam Kortni (William Courtney) deyir ki, Qərb Ukrayna silahlı qüvvələrini dəyərləndirərkən ehtiyatlı davranmalıdır, axı Ukrayna ordusu müdaxilə başlanandan bəri müşahidəçiləri dəfələrlə təəccübləndirib.

Kortninin sözlərinə görə, hazırda Ukrayna ərazisinin əksər hissəsində Rusiyanın hava üstünlüyü əldə etməsinin önü kəsilib və Ukraynanın səyləri nəticəsində Moskvanın Krımdakı qoşunlardan istifadə qabiliyyəti get-gedə azalır: "Biz [vəziyyətin] uzun müddət çıxılmaz nöqtədə qalacağını düşünərkən ehtiyatlı olmalıyıq".

XS
SM
MD
LG