Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Rusiya Ukraynaya açdığı savaşı udmaq üçün Qərbin diqqətini yayındıracağına əmindir


Rusiya hərbçiləri Ukraynada döyüşmək üçün Volqoqrad vilayətində qatara minirlər.
Rusiya hərbçiləri Ukraynada döyüşmək üçün Volqoqrad vilayətində qatara minirlər.

Professor Piter Roberts (Peter Roberts) Böyük Britaniyada yerləşən, müdafiə və güvənlik sahəsində ixtisaslaşan Kral Birləşmiş Xidmətlər İnstitutunun araşdırıcısıdır. O, çağdaş münaqişə və müharibələrin hansı üsullarla aparıldığını araşdırır. Roberts AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində deyib ki, bu gün Qərb qısa zamanda qələbə qazanmaq üçün kütləvi əzmə üstünlük versə də, bu döyüş üsulu Ukraynada işləmir.

Robertsin fikrincə, Rusiya prezidenti Vladimir Putin münaqişəni illərlə sürdürüb Qərbin diqqətini yayındırmağa arxalanır. Onun sözlərinə görə, Ukraynalı döyüşçülər daha ustadır və çox şey qərbli tərəfdaşlarının da rolu ilə ölkənin öz hərbi istehsalını gücləndirməsindən asılı olacaq.

"Ukrayna [müharibəsinin] xeyli dərəcədə yenidən geri qaytardığı şey döyüşlərin yüksək keyfiyyətli konvensional silahlarla aparılmasıdır. Bu, bəlli anlamda Koreya və Vyetnam [müharibələrindən] sonra unudulmuş kimi idi… Bunun tez ola biləcəyi fikri Qərbin çox selektiv yanaşması idi. Qərb dedi ki, baxın, biz müharibələri sürətli, tez və yaxşı nəticələrlə apara bilərik. Bir çox Qərb müttəfiqi və elə Ukraynanın öz ordusu da bu nəticəyə gəldi ki, biz yenidən hazırlığın… sənayeləşmiş miqyasına qayıtmalıyıq. Qərbdə bir çoxlarının kiberməkana və bütün o yeni texnologiyaya investisiya edə bilmək üçün qurban verməyə hazır olduğu ənənəvi silahları da unutmayın…

Piter Roberts
Piter Roberts

Özü də mənə elə gəlir ki, Qərb ordularında real dilemma var, axı onlar qısa, dəqiq, yüksək texnologiyalı savaşlar üçün təlim görüblər. İndi isə düşmənin belə döyüşmədiyi dilemması ilə üzləşirlər. …Düşmənin də [müharibədə] söz sahibi olması faktı Qərb ordularının düşüncəsində, əsasən, unudulub.

"Hollivud müharibəsi gözləntisi vardı"

…Qərblilərin 30 il boyunca təsəvvür etdikləri savaş ideyasının ayaqda qalması və hələ də uğur qazanmağa qadir olması fikri çox qüsurlu və problematikdir. Ancaq bunu çox az insan qəbul edir. Çox güclü inkar vardı və hələ də var. Ukrayna [savaş başlanandan] sonra "Almaniya silahlandıracaq", "Britaniya daha çox pul verəcək" [və s.] kimi bəyanatlar vardı. Çox az ölkənin bu vədləri yerinə yetirdiyini görürük. Bəlkə, Polşa, İsveç, bir neçə Skandinav dövləti, təbii ki, Baltik ölkələri. Ancaq iri və güclü dövlətlərin çox az bölümü – Britaniya, Fransa və Almaniya [savaş başlanandan] dərhal sonra eşitdiyimiz ritorikaya uyğun davranır. Mənə elə gəlir ki, əsas problemlərdən biri di bundadır: onlar öz əhalisini, yaxud özlərini inandıra bilmirlər ki, indiki halda pul qoymaq gerçəkdən vacibdir. …Mənə elə gəlir ki, müəyyən mənada Hollivud müharibəsi gözləntisi vardı: tez və sürətli… Məsələ ondadır ki, girdiyiniz hər döyüşdə kontekst dəyişir. İki döyüş heç vaxt eyni deyil. Düşmən də uyğunlaşdığından döyüşlərin özü də dinamikdir. Döyüşün beşinci günü birinci gününə bənzəməz. Çox fərqlidir, axı hər iki tərəf maneələrə, çevrəsindəki yerlərə uyğunlaşır və döyüş meydanı dəyişir.

Vladimir Putin
Vladimir Putin

"Çox ehtiyatlı olmalıyıq"

Bu üzdən doktrina sizə bu məsələlərin bir çoxunda düşməndən daha ağıllı düşünmək imkanı verən ideyalar toplusudur. Ancaq bəzən durğunluq baş verir. Hər iki tərəf əllərindəki imkanlarla bacardığını etsə də, qısa zamanda heç nə dəyişmir. Uzun sürən döyüşlər və, bəli, dondurulmuş münaqişələr belə yaranır… 2008-ci ildə Gürcüstana baxsanız, bu, əsasən, dondurulmuş münaqişədir. Rusiya müdaxilə etdi, ilhaq etdi, ölkənin suveren ərazisinin bir bölümünü - Güney Osetiya və Abxaziyanı ələ keçirdi və dondurulmuş münaqişə gedişində əlində saxladı. O bu əraziləri geri qaytarmayacaq. Orada hərbi bazalar qurur, oraları möhkəmləndirir və təchiz edir. Belə mövqeyin Ukraynada möhkəmlənməsinə imkan verməmək üçün çox ehtiyatlı olmalıyıq", - Robertsin problemə yanaşmasıdır.

XS
SM
MD
LG