Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Rusiyanın Ukraynaya açdığı savaşın yükünü Başqırdıstanla Tatarıstan çəkir


Ukrayna müharibəsində həlak olan Dmitri İvanovun Başqırdıstanda dəfn mərasimi
Ukrayna müharibəsində həlak olan Dmitri İvanovun Başqırdıstanda dəfn mərasimi

AzadlıqRadiosunun tatar-başqırd xidmətinin hazırladığı materialda deyilir ki, Tatarıstan və Başqırdıstan bölgələri Ukraynadakı savaşda istənilən digər bölgədən daha çox itki verib. Son həftələrdə isə itki sayında kəskin artım var.

Bir bölümünü BBC-nin rus xidməti və "Mediazona"nın apardığı bu hesablama bir daha göstərir ki, Kremlin Ukraynaya qarşı müharibəsinin əsas yükü Moskva və Sankt-Peterburq kimi zəngin mərkəzlərdən uzaq, nisbətən ucqar bölgələrin üzərinə düşür.

Prezident Vladimir Putinin "qismən" səfərbərlik elan edərək 300 min kişini orduya çağırmaqla ölkəyə sarsıntı yaşatmasından iki il keçir.

"İnsanları ora zorən "könüllü" göndərirlər"

Qərbin hesablamalarına görə, Rusiyanın bu müharibədə verdiyi itkilərin (ölən və yaralananların) toplam sayı 500 mini aşıb. Belə çıxır ki, son 30 ay ərzində SSRİ-nin 1980-ci illərdə Əfqanıstana müdaxiləsi zamanı verdiyi itkilərdən daha çox adam ölüb.

Bu yükün başlıca bölümünü digər etnik qrupların sayca etnik rusları üstələdiyi bölgələr çəkib. Başqırdıstan və Tatarıstan da onların arasındadır.

"Tatarıstan və Başqırdıstan yoxsul bölgələr deyil", - BBC ilə birgə Rusiyanın müharibədəki canlı qüvvə itkisini hesablayan rusdilli "Mediazona" saytının redaktoru Dmitri Treşşanin belə deyir.

"Özəlliklə Tatarıstan başqa bölgələrin həsəd obyektidir. Bu iki respublikada adamların imkanları, yaxud pulları olmadığından könüllü döyüşdüyünü deyə blməzsiniz. Mənim fikrimcə, çoxlu inzibati basqı var və insanları ora zorən "könüllü" göndərirlər", - Dmitrinin AzadlıqRadiosuna söylədiyi sözlərdir.

O bu iki bölgənin itkilərlə bağlı durumunu "qeyri-rasional" sayır: "Müharibənin əvvəlində Dağıstan kimi [Şimali Qafqaz] bölgələrdə ölümlər çox gözə çarpırdı, amma indi elə hey Marat və Marsel kimi tatar və başqırd adlarını görürük".

Rusiya hökuməti Ukraynaya qarşı hücuma başladığı 2022-ci ilin fevralından bəri verdiyi itkilərlə bağlı bilgi açıqlamır. Sonuncu rəsmi rəqəm 2022-ci ilin sentyabrında açıqlanıb. O zaman 5 min 937 Rusiya əsgərinin öldüyü bildirilsə də, Ukrayna tərəfi Rusiyanın itkilərinin bu rəqəmdən 10 dəfə çox olduğunu deyirdi.

Başqırdıstan rəhbəri Radiy Xabirov Ukrayna cəbhəsinə yaxın bölgədə yerləşən başqırd könüllülərlə görüşür.
Başqırdıstan rəhbəri Radiy Xabirov Ukrayna cəbhəsinə yaxın bölgədə yerləşən başqırd könüllülərlə görüşür.

Dəqiq bilginin olmaması əhalinin ayrı-ayrı qruplarına savaşın tam təsirini ölçməyə çalışan jurnalist, təhlilçi və kənar müşahidəçilərin işini çətinləşdirir. Bununla belə, tammiqyaslı müdaxilə başladandan bəri ölkənin verdiyi itkilərdə etnik rus olmayanların nisbi çoxluğu təhlilçilərin diqqətindən yayınmayıb.

Sosial media elanlarından, başsağlığı yazılarından sızan bilgilər Volqa çayı üzərində yerləşən, əhalisi 4 milyon nəfəri aşan Başqırdıstanın savaşdakı itkilərinin təsdiqlənmiş sayı 2 min 981 nəfərdir. AzadlıqRadiosu bu hesablamanı sosial media elanlarına, başsağlığı yazılarına və digər açıq qaynaqlardan topladığı bilgilərə dayanaraq aparıb.

AzadlıqRadiosunun hesablamasına görə, əhalisinin sayı Başqırdıstanınkına yaxın olan Tatarıstan savaşda 2 min 691 nəfərini itirib.

BBC Rusca və "Mediazona"nın eyni metodologiya ilə apardığı hesablamaya görə, Başqırdıstanda təsdiqlənmiş ölüm sayı 2 min 705 nəfər, Tatarıstanda isə 2 min 259-dur.

Ukraynada döyüşmək üçün səfərbər edilən əsgərlərdən başqa məhbuslar, özəl hərbi şirkətlərin muzdluları və çox yüksək məvacib və güzəşt vədlərinə şirniklənib döyüşməkdən ötrü könüllü müqavilə imzalayan "kontraktnik"lər də (müqavilə bağlayanlar da) var.

AzadlıqRadiosunun hesablamasına görə, kontraktniklər arasındakı ölüm sayına görə Başqırdıstan Rusiyada liderdir: burada təsdiqlənmiş ölümlərin sayı 965 nəfərdir. Tatarıstan 557 könüllünün ölümü ilə ikinci yerdədir.

Müqayisə üçün qeyd edək ki, əhalisi 13 milyonu aşan Moskvadan döyüşlərə gedən kontraktniklər arasında cəmi 135 ölüm qeydə alınıb.

"Rəhbərliklə orta vətəndaş arasında böyük uçurum var"

Son dörd həftədə AzadlıqRadiosunun tatar-başqırd xidməti bu iki bölgədən olan ölən əsgərlərin sayına daha 575 ad əlavə edib. Bu, günə 20 ölüm deməkdir.

Bütün bu təsdiqlənmiş rəqəmlərin gerçək rəqəmlərdən xeyli az olduğu düşünülür.

Başqırdıstan və Tatarıstandan toplam neçə nəfərin Ukraynada döyüşməyə göndərildiyi də aydın deyil.

Tatarıstanlı Ruslan Sadıkov 2022-ci ildə Ukraynanın Mariupol şəhəri yaxınlığında həlak olub.
Tatarıstanlı Ruslan Sadıkov 2022-ci ildə Ukraynanın Mariupol şəhəri yaxınlığında həlak olub.

Tatar siyasi təhlilçi Ruslan Aysin deyir ki, Moskva Volqa bölgəsinə "ayrıca diqqət yetirir". Onun sözlərinə görə, Putin hökuməti Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə etnik ruslar arasında müharibəyə dəstəyi artırmağa, yaxud, heç olmasa, narazılığı azaltmağa çalışır. Bundan ötrü də ölüm yükünü azaltmağa ehtiyac yaranır.

Aysin deyir ki, hökumət üçün hər bir ölüm "yalnız statistikadır".

"Respublika, etnik qrup, ayrıca götürülmüş ailə üçünsə bu, böyük bir faciədir. Rəhbərliklə orta vətəndaş arasında böyük uçurum var", - yenə onun sözləridir.

Yanvar ayında Başqırdıstanda uzun zamandır azlıqların hüquqlarını, başqırd dili və mədəniyyətini təbliğ edən tanınmış fəal Fail Alsınova hökm oxunması ilə bağlı dinc etiraz dalğası baş qaldırmışdı. Xalqlar arasında düşmənçilik toxumu səpmə ittihamı ilə Alsınova dörd il həbs cəzası kəsilmişdi.

Təhlilçilər deyirlər ki, etirazların bir səbəbi də Ukraynada aparılan müharibənin bölgəyə baha başa gəlməsindən yaranan narazılıq idi.

Sentyabrın 20-də BBC Rusca və "Mediazona"nın ölüm saylarını hesablayan sözügedən birgə layihəsi ölkə boyu 70 mindən çox əsgərin öldüyünü bildirib.

Məlumatda deyilir ki, müharibənin ilk aşamalarında Rusiya tərəfindən müharibədə ölənlər, əsasən, 20 yaşlarında olan müqaviləli əsgərlər idi. İndi isə tipik ölü 40-50 və hətta 60 yaşlarındakı, "çox zaman hərbi təcrübəsi olmayan, ya da ayrıca təlimdən keçməyən" könüllülərdir.

Hesabatda qeyd edilir ki, ölənlər arasında ən yaşlı könüllünün 71 yaşı var.

Treşşanin deyir ki, ölən Rusiya əsgərlərinin 12.7 faizi 2022-ci ilin sentyabrında verilən səfərbərlik əmri ilə çağrılanlardır. Rəsmən 300 min adam səfərbər edilsə də, bəzi təhlilçilərə görə, gerçək rəqəm bundan çox olub.

BBC Rusca/"Mediazona"nın hesablamalarına görə, ölkəboyu ölənlərin toplam sayı 107 mindən 155 minədəkdir.

Qərbin hesablamaları da həmin rəqəmlərə yaxındır.

Döyüşə yenicə yollanan könüllü daha çox ölür

May ayında Fransanın xarici işlər naziri Stefan Sejurne 150 minədək Rusiya əsgərinin öldüyünü deyib. ABŞ Müdafiə naziri Lloyd Ostinsə iyun ayında, azı, 300 min Rusiya əsgərinin öldüyünü, yaxud yaralandığını bildirib. O bunu "Putinin imperiya iddialarına görə Rusiyanın ödədiyi bədəl" adlandırıb.

Treşşaninin və həmkarlarının əlində hələ ölümünü təsdiqləməyə çalışdıqları daha 4 minə yaxın ad var. O deyir ki, indi döyüşə yenicə yollanan könüllülərin ölməsinə daha çox rast gəlinir: "İyulda müharibəyə gedən adamın avqustda başsağlığı mesajının dərc edilməsi az görülən hadisə deyil".

XS
SM
MD
LG