Ukrayna Türkiyədən Rusiya bayrağı altında üzən yük gəmisinin saxlanmasını rica edib.
Ukrayna hakimiyyət orqanları gəminin Rusiya qüvvələri tərəfindən işğal olunmuş Berdyansk limanından çıxdığını bildirir.
Ukraynanın Ankaradakı səfiri iyulun 1-də deyib ki, Zhibek Zholy (Qazaxca "İpək yolu"-red) gəmisi Azov dənizindəki Berdyansk portundan çıxdıqdan sonra Türkiyənin Karasu limanı sahillərində lövbər salıb.
Səfir Vasil Bodnar Twitter-də yazır:
"Biz Ukrayna Baş Prokurorluğunun təlimatı ilə Türkiyə tərəfindən müvafiq tədbirlərin görülməsini rica etmişik. Mən əminəm ki, görüləcək tədbirlər Ukraynanın ərazi bütövlüyünün pozulması cəhdinin qarşısını alacaqdır”.
Səfir gəmidəki yükün nədən ibarət olduğunu yazmır.
Gəmilərin hərəkətini izləyən Marinetraffic.com saytı yazır ki, 140 metrlik Zhibek Zholy gəmisi Rusiya bayrağı altında üzür.
Saytın məlumatına görə həmin gəmi iyulun 1-də Türkiyənin Qara dəniz sahilindəki Karasu portunun 1 kilometrliyində lövbər salıb.
“Dost ölkəyə” üzən gəmi
İşğal olunmuş Zaporojya regionuna Moskva tərəfindən təyin edilmiş administrasiyanın başçısı Yevgeni Balitski iyunun 30-da Telegram-da yazırdı ki, 7 min ton taxıl daşıyan ticarət gəmisi Berdyansk limanından çıxıb.
O bildirirdi ki, gəmi “dost ölkələrdən” birinə yollanıb.
Türkiyənin Ədliyyə Nazirliyinə iyunun 30-da təqdim olunmuş məktubda deyilir ki, Zhibek Zholy gəmisi Berdyansk limanından “oğurluq Ukrayna taxılını” çıxarıb.
Bodnar ötən ay Türkiyəni Rusiyadan oğurluq Ukrayna taxılı almaqda ittiham etmişdi.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu oğurluq taxılın Türkiyəyə daşınmasına dair iddiaların araşdırılacağını vəd etmişdi.
Amma nazir bunu da demişdi ki, hələlik belə hallar qeydə alınmayıb.
Regiona Moskva tərəfindən təyin olunmuş işğalçı admınıstrasiya dövlət infrastrukturunun milliləşdirildiyini və taxılın yerli fermerlərdən satın alındığını bildirmişdi.