Ukrayna qüvvələri son bir sutkada ölkənin şərqində cəbhə boyunca onlarla hücumu dəf ediblər. Silahlı Qüvvələrin Baş qərargahı Rusiyanın Baxmut şəhəri üzərinə təzyiqi saxladığını bildirib.
Martın 22-də Rusiyanın Ukrayna şəhərlərinə hava zərbələrində azı 9 nəfər həlak olub. Onlardan səkkizi Kiyevdən cənubda yerləşən Rjışçivdə məktəbin iki yataqxanasına zərbələr zamanı ölüb.
Cənub-şərqi Zaporojye şəhərində yaşayış binasına raket zərbəsindən isə bir nəfər həlak olub, 29 nəfər xəstəxanaya aparılıb.
Prezident Volodimir Zelenski deyib ki, Moskvanın dinc sakinlərə hədəfsiz hücumları Rusiyanın sülhdə maraqlı olmadığını göstərir. O, Rusiyanı dinc sakinləri hədəfə aldığına görə “heyvani vəhşilik”də ittiham edib.
24 saata 83 hücum
Son 24 saat ərzində Ukraynanın müdafiəçiləri Rusiyanın 83 hücumunu dəf ediblər. Hücumların çoxu Donetskdəki Baxmut şəhərinə hədəflənib. Baş Qərargahın məlumatına görə, rusiyalılar Donetskdəki Lıman, Avdiyevka, Maryinka, Şaxtarsk və digər məntəqələri də təzyiq altında saxlayır. “Düşmən əhəmiyyətli sayda canlı qüvvə, silah və hərbi avadanlıq itirir”, – məlumatda vurğulanır.
Bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.
Ancaq Britaniya hərbi kəşfiyyatı ehtimal edir ki, Moskvanın xarabalığa çevrilmiş Baxmuta təzyiqi Ukraynanın möhkəm müdafiəsi, hər iki tərəfin verdiyi ciddi itkilər səbəbindən səngiməkdədir.
Martın 22-də Baxmut zonasına səfər edən Zelenski ukraynalı müdafiəçilərə təltiflər təqdim edib, ona cəbhə xəttində əməliyyat vəziyyəti haqda məlumat verilib.
“Putinin sülh planı yoxdur”
NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) bu arada xəbərdarlıq edib ki, Rusiya Prezidenti Vladimir Putin təcili sülhün əldə olunmasında maraqlı deyil, “tükəndirmə müharibəsi” aparır.
“The Guardian” qəzetinə müsahibəsində NATO başçısı qeyd edib ki, Putin “İran, Şimali Koreya və digər avtoritar rejimlərlə əlaqə yaradaraq daha çox silah əldə etməyə çalışır”.
Onun sözlərinə görə, Rusiya hərbi istehsal gücünü artırır və Ukraynanın qərb müttəfiqləri Kiyevi uzun müddətə silah, sursat və hərbi avadanlıqla təchiz etməyə hazır olmalıdır.
“Prezident Putinin sülh planı yoxdur, o, müharibəni uzatmağı planlaşdırır”, – Stoltenberq vurğulayıb.