Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:34

Ukrayna tarixçiləri cəbhədə. Rusiya arxivləri vurur


 Vyaçeslav Çornovol memorialı
Vyaçeslav Çornovol memorialı

Ukrayna hakimiyyəti Rusiya işğalı başlayandan sonra Medvedçukun ölkədən qaçdığını bildirib. Kipian isə fevralın 24-də 112-ci Ərazi Müdafiə Briqadasına yazılıb, Kiyevi hücumdan qoruyub

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəsini sonuncunun “real ölkə” olmaması haqda şübhəli tarixi iddiaları ilə əsaslandırıb. Ukrayna tarixçiləri indi Rusiyanın “Ukrayna kimliyini məhv etmək” cəhdinə qarşı həm hərfi, həm də məcazi mənada ön cəbhədə savaşırlar. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Eduard Andryuşçenko bu haqda yazır.

Ukrayna hərbi kəşfiyyatının martın 24-də yaydığı məlumata görə, işğalçı qüvvələr Rusiya hökumətinin “ekstremist” hesab etdiyi kitabları və digər materialları müsadirə edirlər. Söhbət Ukraynadakı Maydan inqilabı, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı müharibə, Ukraynanın müstəqillik savaşı haqda araşdırmalardan gedir.

“İşğalçılar kitab başlıqlarında adının çəkilməsini istəmədikləri şəxslərin siyahısını tutublar”, – xidmət yazıb. Siyahıda 17-ci əsrin kazak lideri İvan Mazepa, Ukraynanın müstəqillik lideri Simon Petliura, ifrat-sağçı millətçi lider, nasistlərlə əməkdaşlıq etmiş Stepan Bandera və digərlərinin adları var.

“Sovet hakimiyyətinin nə demək olduğu adekvat dərk edilməyənədək...”

Rusiya son illər sovet dövrü repressiyalarının işıqlandırılmasına, diktator İosif Stalin və digərlərinin hakimiyyəti dövründə milyonlarla sovet vətəndaşını qətlə yetirmiş təhlükəsizlik agentlərinin adlarının çəkilməsinə qarşı çıxır.

2013-14-cü illərdə Maydan etirazları Rusiyanın dəstəklədiyi Viktor Yanukoviçin prezidentlikdən devrilməsi ilə nəticələndi. Bundan sonra Ukrayna sovet arxivlərini açıb, keçmiş haqda detallı informasiya üzə çıxıb.

“Putinin işğaldan öncə de-kommunizasiyadan danışması Rusiyanın qorxduğunu, Ukrayna kimi sovet yoluna yenidən baxmaq istəmədiyini göstərir”, – Ukraynanın SBU təhlükəsizlik agentliyinin direktoru Andrey Kohut deyir.

“Keçmiş Sovet İttifaqında sovet hakimiyyətinin nə demək olduğu adekvat dərk edilməyənədək biz imperiyanı bərpa etmək üçün tarixi miflərdən yararlanmaq istəyənlərin daimi təhdidi altında olacağıq”, – o, sözlərinə əlavə edib.

“Vasil Stas işi”

Rusiya qüvvələrinin müsadirə etmək istədiyi kitablardan biri “Vasil Stas işi” adlanır, sovet hökuməti dövründə təqib olunmuş, işi haqda sənədlər bu yaxınlarda məxfiliyi qaldırılmış ukraynalı dissident şair haqdadır. O, 1985-ci ildə sovet həbsxana düşərgəsində vəfat edib.

Bu kitab rusiyayönlü siyasətçi Viktor Medvedçuk onun müəllifi, tarixçi Vaxtanq Kipianı məhkəməyə verəndən sonra diqqət çəkib. Putin Medvedçukun qızının xaç atasıdır, Rusiyanın Ukraynanı işğal edərək onu lider postuna gətirəcəyi güman edilirdi. Kitabda deyilir ki, Stasın vəkili olmuş Medvedçuk şairin müdafiəsinə zərbə vurub, onun məhkum edilməsini asanlaşdırıb.

Medvedçuk əvvəlcə işi udub, sonradan apelyasiya məhkəməsi hökmü ləğv edib.


Ukrayna hakimiyyəti Rusiya işğalı başlayandan sonra Medvedçukun ölkədən qaçdığını bildirib. Kipian isə fevralın 24-də 112-ci Ərazi Müdafiə Briqadasına yazılıb, Kiyevi hücumdan qoruyub. Müharibənin ilk günlərində Kipian özünün Ukrayna diasporu barədə şəxsi arxivinin, samizdat nəşrlərinin təhlükəsizliyi ilə məşğul olub. Onun kolleksiyasının həcmi Ukrayna dövlət kitabxanalarındakından böyükdür.

Kipian araşdırmaları kənara qoyub silaha sarılan tarixçilərdən yalnız biridir. Kiyev Dövlət Universitetinin tarix fakültəsinin dekanı İvan Patrilyak, Xortitsya milli tarix abidəsinin baş direktoru Maksim Ostapenko, SBU arxivlərinin keçmiş direktor müavini Volodimir Birçak onların sırasındadır.

Putini qəzəbləndirən şeylər

105-ci Ərazi Müdafiə briqadasında xidmət edən Birçak Telegram kanalında məxfiliyi qaldırılmış arxivlərdən maraqlı detalları paylaşır. Hazırda isə cəbhədən, Rusiyanın müharibədə hərbi itkiləri haqda məlumatlar verir.

“Biz Putini qəzəbləndirən şeylər uğrunda savaşırıq. Mən islahatlar, o cümlədən de-kommunizasiya, açıq arxivlər, qaniçən kommunist liderlərinin adı olmayan toponimlərlə, 2-ci Dünya müharibəsinin əsl tarixi ilə məşğul idim...” – Birçak AzadlıqRadiosu-nun Ukrayna xidmətinə deyib.

Martın 30-da Rusiyanın İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Ukraynada dərsliklər bağlı təhqiqat başladıb, yəni onların “uşaqlara Rusiya və rus dilinə nifrət aşılaması”, “tarixi təhrif etməsi” araşdırılacaq.

Xerson regionundakı Antonovka kəndində isə Rusiya işğalçı qüvvələri sovet dissidenti Vyaçeslav Çornovolin memorialını dağıdılıb. Onun Ukraynanın keçmiş Sovet İttifaqından ayrılmasında böyük rolu olub.

Dövlət arxivləri vurulur

Rusiyanın Roskomnadzor mediaya nəzarət agentliyi Ukraynanın “Rıx” antisovet hərəkatının tarixini “ekstremist” elan edib, elektron versiyanı yığışdırmaqdan imtina edən Ukrayna Milli Elmlər Akademiyasının vebsaytını bloklamaqla hədələyib.

Ukrayna rəsmiləri işğal başlayandan Xarkov, Mikolayev, Lisiçansk şəhərlərində dövlət arxivləri binalarının vurulduğunu deyirlər.

SBU-nun Çerniqovdakı arxivi yandırılıb, KQB-nin Ukraynadakı repressiyaları barədə 12 min sənəd qovluğu məhv olub. Bunu Ukraynanın baş arxivçisi Anatoli Xromov ötən ay “Time” jurnalına deyib.

“Bu müharibənin məqsədi ukraynalıları və Ukrayna kimliyini məhv etməkdir. Rusiya təkcə bizim həyatımızı almaq istəmir, həm də tarixi yaddaşımızı məhv etməyə çalışır”, – Xromov martın 3-də Facebook-da yazırdı.

“Biz elə buna görə savaşırıq”

Tarixçi Vladlen Marayev müharibədən öncə məşhur YouTube kanalı işlədirdi.

“Miflərsiz tarix” kanalının 300 mindən çox abunəçisi vardı. Müharibə başlayanda kanalın bütün əməkdaşları vuruşmağa getdiyindən işində fasilə yarandı. Amma Marayev martın sonunda Rusiyanın müharibə və Ukrayna tarixi haqda iddialarını təkzib edən təkadamlıq videolar hazırlayır.

Kiyev-Mohila Akademiyasında tarix şöbəsinin başçısı, 79 yaşlı Natalya Yakovenko isə müharibə başlayandan romalı tarixçi Livinun “Romanın tarixi” kitabını tərcümə edir. Onun haqqında Facebook-da ədəbi tənqidçi Yevhen Stasineviç yazıb.

“Digər layihələr üçün arxivdə işləmək lazımdır, səhhətim buna imkan vermir”, – Yakovenko deyir.

“İndiki vaxtda bu fenomen tarixçi dəqiqliklə Livini tərcümə edir. Belə də olmalıdır. Biz elə buna görə savaşırıq”, – bunu isə Stasineviç söyləyir.

XS
SM
MD
LG