Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:34

Belarus Ukrayna sərhədində qoşun cəmləşdirir


Ukrayna Silahlı Qüvvələri bildirir ki, Belarus Ukrayna sərhədi boyunca qoşun cəmləşdirilməsini və aktivliyini artırıb:

"Belarus Respublikasının silahlı qüvvələri kəşfiyyat fəaliyyətini intensivləşdirib və Homel rayonunda sərhəd boyunca əlavə hərbi birləşmələr yerləşdirib”.

Mayın 23-də verilmiş məlumatda deyilir ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır.

Ukraynanın bu bəyanatından az sonra Belarusun Müdafiə Nazirliyi bildirib ki, ölkə silahlı qüvvələrinin hazırlığının və hərəkiliyinin yoxlanmasının “daha bir fazasına” başlanıb.

Belarus Moskvanın fevralın 24-dən Ukraynada başladığı müharibədə rəsmən iştirak etmir, lakin Rusiyanın Ukraynaya hücumu üçün məhz Belarusun ərazisi platsdarm olub.

Bu da xəbər verilir ki, mayın 23-də Vladimir Putin yaxın müttəfiqi Alyaksandr Lukaşenka ilə daha bir görüş keçirib.

Putin və Lukaşenka Soçidə keçirilən görüşdə Ukraynada davam edən müharibəni müzakirə ediblər.

Moskva Ukraynanın şərqində əməliyyatları gücləndirir

Kiyevdə məhkəmə 21 yaşlı rusiyalı Vadim Şişimarini silahsız dinc şəxsin qətlinə görə ömürlük həbsə məhkum edib.

Təqsirləndirilənin vəkili Viktor Ovsyannikov məhkəmədə yekun çıxışında deyib ki, müvəkkili Oleksandr Şelipovu vurmaq əmrinə iki dəfə əməl etməyib, sonra öz həyatı üçün qorxduğundan əmri yerinə yetirib.

***

ABŞ Prezidenti Co Bayden xəbərdarlıq edir ki, Rusiya Ukraynanın milli kimliyini “məhv etmək” istəyir.

Bayden mayın 23-də Asiyaya səfər zamanı Tokioda mətbuat konfransında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal edə bilməz, amma “onun kimliyini məhv etməyə çalışa” bilər. Bayden xəbərdarlıq edib ki, Putin “Ukraynadakı barbarlığına görə böyük bədəl ödəməli olacaq”.

Ukrayna Rusiyanı səbəbsiz işğal zamanı vəhşiliklər törətməkdə suçlayır, 10 mindən çox mümkün hərbi cinayəti müəyyənləşdirdiyini bildirir. Rusiya isə dinc sakinləri hədəfə almadığını, vəhşiliklərə dəlilin quraşdırıldığını iddia edir.

Fevralın sonunda işğala başlamazdan öncə Putin Ukraynanın “əsl dövlət” olmadığını, bu ölkənin Rusiyanın “tarixi, mədəni və dini məkanının” tərkib hissəsi olduğunu deyib.

***

Ukrayna ordusu şərqi Luqansk vilayətində Rusiyanın hücumunun intensivləşdirildiyini xəbər verir. Severodonetsk şəhərinin sutka boyunca şəhəri mühasirəyə almağa çalışan Rusiya qüvvələri tərəfindən bombardman olunduğu bildirilir.

Britaniya kəşfiyyatı isə Ukraynanın şərqindəki ağır döyüşlərin Rusiya ordusuna böyük itki hesabına başa gəldiyini deyir. Moskva Ukraynada üç aydır davam edən müharibədə Sovet İttifaqının Əfqanıstanda doqquz il çəkmiş müharibəsilə eyni itki verib, məlumatda qeyd olunur.

Son 24 saat ərzində Ukraynanın müdafiəçiləri Rusiya əsgərlərinin 11 hücumunu dəf ediblər, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 23-də bu haqda məlumat yayıb. Məlumatda Rusiyanın infrastrukturu dağıtmaq üçün təyyarələrdən istifadəni artırdığı vurğulanır.

“Yandırılmış torpaq taktikası”

Luqansk vilayətinin qubernatoru Sergey Qaydayın sözlərinə görə, Severodonetski mühasirəyə almağa çalışan Rusiya qüvvələri “yandırılmış torpaq taktikasından istifadə edirlər, şəhəri qəsdən dağıdırlar”.

Rusiyalıların şəhərə doğru məhdud da olsa irəlilədiyi bildirilir.

Qaydayın sözlərinə görə, Rusiya Donetsk və Luqanskda hücuma böyük ərazilərdən gətirdiyi qüvvələri cəmləyir. Söhbət Xarkov vilayətindən, Mariupolun mühasirəsindən çəkilən qüvvələrdən, Moskvanın dəstəklədiyi separatçılardan, hətta Sibirdən təzəcə səfərbər olunmuş əsgərlərdən gedir.

Mayın 22-də Donetsk vilayətində azı yeddi dinc sakin öldürülüb, səkkiz nəfər yaralanıb.

Bu arada Rusiya Ukraynanın ikinci böyük şəhəri Xarkovu, eləcə də cənubda Mikolayev və Zaporijya şəhərlərini bombardman etməkdədir.

İtkilər

Britaniya ordusu Rusiyanın Donbasda itkilərinin artmasını zəif səviyyəli taktika, havadan dəstəyin yetərsiz olması, zəif çeviklik, eləcə də komandanlığın uğursuzluğu gücləndirməyə, səhvləri təkrarlamağa hazır olmasıyla izah edir.

Bülletendə xəbərdarlıq edilir ki, itki sayının artması Rusiyada ictimai narazılığı gücləndirə bilər.

Ukrayna rəsmiləri bu müharibədə öz itkilərinin miqyasını açıqlamırlar. Prezident Volodimir Zelenski mayın 22-də mətbuat konfransında deyib ki, şərqdəki döyüşlərdə 50-100 ukraynalı döyüşçü öldürülür. Onun gündəlik itki sayını nəzərdə tutduğu güman edilir.

Davos forumu

Mayın 23-də Zelenski Davosda Dünya İqtisadi Forumunda çıxış etməlidir. Forumun təşkilatçıları hələ martda bildiriblər ki, Moskvanın Ukraynanı işğal etməsi səbəbindən Rusiya şirkətləri ilə əlaqələri kəsirlər.

Adətən yanvarda keçirilən bu nüfuzlu dördgünlük konfrans koronavirus pandemiyasına görə təxirə salınırdı. Bu dəfə tədbirə 2500 siyasətçi, biznes və cəmiyyət liderinin yığışacağı gözlənir.

Mayın 22-də Ukrayna parlamenti ölkədəki hərbi vəziyyəti Prezident Zelenskinin xahişilə azı avqustun 23-cən uzadıb.

Rusiyalı serjanta hökm gözlənir

Bu gün Kiyevdə müharibənin ilk hərbi cinayətlər məhkəməsində hökm gözlənir. 21 yaşlı rusiyalı serjant Vadim Şişimarin işğalın ilk günlərində 62 yaşlı dinc sakini öldürdüyünü etiraf edib. Amma o, məhkəmədə deyib ki, bunu təzyiq altında edib və “gerçəkdən üzgündür”.

Təqsirləndirilənə ömürlük həbs istəyən prokurorların sözlərinə görə, o, “kriminal sifariş” icra etdiyini “çox yaxşı bilib”.

Rusiyanın Ukraynadakı müharibəsi dünyada məcburi köçkünlərin sayının ilk dəfə olaraq 100 milyonu keçməsinə səbəb olub. Bu haqda BMT-nin Qaçqınlar üzrə Agentliyi mayın 23-də məlumat yayıb.

Ukraynada müharibə nəticəsində 8 milyon nəfər məcburi köçkünə çevrilib, onlardan 6 milyonu ölkəni tərk edib.

XS
SM
MD
LG