Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Rusiya minlərlə sakini Ukraynanın cənubundan köçürür


Zaporojyedən evakuasiya olunanlar
Zaporojyedən evakuasiya olunanlar

“Əvvəlcə xeyli uşaq çıxarıldı, uşaqlarını məktəb və bağçalara göndərən valideynlər təhdidlərə məruz qaldılar”. Ukraynanın cənubundakı Zaporojye vilayətində Rusiyanın işğalı altında olan Polohı şəhərində yaşayan, adının açıqlanmasını istəməyən sakin AzadlıqRadiosuna belə deyib.

Ukrayna çoxdan gözlənilən əks-hücuma hazırlaşdığı bir vaxtda Rusiya mülki əhalini cənubda cəbhə xəttinə yaxın, işğal olunmuş şəhər və qəsəbələrdən zorla çıxarır. Bunu Zaporojye və Xerson vilayətlərinin didərgin salınmış rəsmiləri deyirlər. Bu arada Rusiyanın evakuasiya adlandırdığı proseslə bağlı xəbərlər də artır.

Mayın 5-də Rusiyanın təyin etdiyi administrator Yevgeni Balitski Zaporojye vilayətinin işğal olunmuş hissəsindəki 18 yaşayış məntəqəsinin boşaldılmasını elan edib. O, videomüraciətində bildirib ki, atəş intensivləşdiyi üçün bu qərar “zəruri təhlükəsizlik tədbiridir” və “çaxnaşma yoxdur”.

İki gün sonra Balitski, 660-ı uşaq olmaqla, 1600-dən çox insanın cənuba, Azov dənizinin sahilinə, Rusiya işğalı altında olan Berdyansk liman şəhərinə köçdüyünü deyib. O, gedənlərə 10 min rus rublu (130 dollar) vəd edib.

“Könüllü evakuasiya”

İşğalçı hakimiyyətin Zaporojye vilayətindəki digər nümayəndəsi Vladimir Rohov Telegram kanalında “evakuasiya”nın könüllülük əsasında gerçəkləşdirildiyini bildirib. O, həmçinin deyib ki, yerli əhalinin köçürüləcəyi yaşayış məntəqələrinin siyahısı genişlənə bilər.

Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən Polohı sakini deyib ki, şəhəri tərk etməli olan uşaqların bəzilərinin anaları ilə, bəzilərinin isə anası olmadan Berdyanskdakı istirahət düşərgəsinə yerləşdiriləcəyi vəd olunub.

“Amma bu düşərgələr işğalçılar və [Rusiya] hərbçiləri ilə dolu olduğuna görə hamını yerləşdirmək mümkün olmayıb”, – o, AzadlıqRadiosu Ukrayna xidmətinin Azov dənizi sahil bölgəsini əhatələyən “News of Azov” layihəsinə deyib.

Şəhər sakininin sözlərinə görə, bəzi insanlar qida verilmədən, pis şəraitdə yerləşdirilib, bəziləri isə Rusiyanın bəzi şəhərlərə aparılıb. Uşaqlardan başqa, bəzi müəllim və həkimlər də Polohı tərk ediblər.

Rusiyalılar istehkam tikir, səngərlər qazır

Polohı şəhəri Hulyaypolun cənubunda və Orixivdən cənub-şərqdə, cəbhə xəttində yerləşir. Bu şəhərlərin ikisinə də Ukrayna nəzarət edir. Sakin bildirib ki, bəzi insanların şəhəri tərk etdiyi vaxtda rusiyalı hərbçilər daha çox texnika gətirir, istehkamlar tikir, səngərlər qazır. Bu da gözlənilən əks-hücuma hazırlığın əlamətidir. Polohıda qalan insanların Ukrayna ordusunun əks-hücumunu gözləyərək su və ərzaq ehtiyatı yığdığını, Rusiya ordusunun isə onları qorxutmağa çalışdığını bildirib.

Davam edən münaqişə və Rusiyanın Ukrayna ərazisini işğalı səbəbindən AzadlıqRadiosu bu deyilənləri rəsmi təsdiqlədə, yaxud müstəqil yoxlaya bilməyib.

Bununla belə, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş şəhər və qəsəbələrindən didərgin salınmış Ukrayna rəsmilərinin bəyanatları məcburi köçürmə kampaniyasının başladığından xəbər verir.

Polohı şəhərinin köçkün meri Yuri Konovalenko bildirib ki, uşaqları olan şəhər və ətraf rayon sakinləri işğal altındakı Berdyanska təxliyə ilə bağlı mesajlar almağa başlayıblar. Konovalenko bildirib ki, qalmağı seçənlər imtinanı yazılı şəkildə bildirməlidirlər.

Uşaqları “zorla aparırlar”

Rusiyanın nəzarətində olan Tokmak şəhərindəki Ukrayna hərbi administrasiyasının didərgin rəisi Oleksandr Çub bildirib ki, uşaqlara məktəblərə əşyaları və sənədləri ilə gəlmək əmri verilib. O əlavə edib ki, həmin gün məktəblər, mağazalar, yerli bazar, apteklər və kommunal şirkətlər bağlı olub. Həkimlərin evə buraxılmasına icazə verilməyib.

Zaporojye vilayətində Rusiyanın nəzarətində olan əsas şəhər Melitopolun məcburi köçkün meri İvan Fedorov bildirib ki, işğalçı hakimiyyət 70 minə yaxın sakini cəbhəyanı yaşayış məntəqələrindən köçürməyi planlaşdırır. O, “uşaqların zorla apardığını”, bəzi yaşayış məntəqələrində humanitar vəziyyətin pisləşdiyini, dərman və digər malların çatışmadığını bildirib. "Onlar dinc əhalinin qayğısına qaldıqlarını iddias edirlər, amma əslində, əks-hücum ərəfəsində orada hərbi bazalar qurmaq istəyirlər”, – Fedorov deyib.

Berdyansk şəhər hərbi administrasiyasının rəhbəri Viktoriya Halitsına işğalçı hakimiyyət təmsilçiələrinin Zaporojye vilayətindən uşaqları Berdyanska apardığını təsdiqləyib.

Enerhodarda evakuasiya

İşğalçı hakimiyyət Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının işçilərinin yaşadığı Dnepr çayının cənub sahilində yerləşən Enerhodar şəhərinin də boşaldıldığını elan edib. Mayın 6-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi (Rafael Grossi) bildirib ki, BAEA mütəxəssisləri Enerhodar sakinlərinin “elan edilmiş təxliyəsinin başlanması barədə məlumat alıblar”.

“Zaporojye AES yaxınlığında ümumi vəziyyət getdikcə gözlənilməz və potensial təhlükəli xarakter alır. Stansiyanın üzləşdiyi çox real nüvə təhlükəsizliyi risklərindən son dərəcə narahatam”, – Qrossi deyib.

Enerhodarun köçkün meri Dmitri Orlov “News of Azov”a insanların köçdüyünü, xidmətlərin getdikcə azaldığını söyləyib. Onun sözlərinə görə, Rusiya işğalçı qüvvələri ilə əməkdaşlıq edən yerli əhalinin əksəriyyəti Enerhodarı daha əvvəl tərk edib.

Bu arada Rusiya qoşunlarının Xerson vilayətinin işğal olunmuş hissəsində, bölgəni tərk etmiş yerli əhalinin evlərində məskunlaşdığı bildirilir.

Oleşki şəhərinin məcburi köçkün meri Yevgeni Rışçuk bildirib ki, şəhərdəki Rusiya hərbçiləri arasında panika yaranıb. “Onların fəallaşdığını, keçid məntəqələrində sənədlərin yoxlanıldığını görürük. Bu, onların Ukrayna ordusunun gözlənən əks-hücumla bağlı panika içərisində olduqlarını göstərir”, – Rışçuk əlavə edib.

“Xoşməramlı jest”ə hazırlıq?

Rusiya təbliğatına qarşı mübarizə aparan “İnformasiya Müqaviməti” Ukrayna QHT-sinin hərbi-siyasi müşahidəçisi Oleksandr Kovalenko “News of Azov”a bildirib ki, bütün bunlar, Zaporojye vilayətinin işğal atındakı hissəsində olan Rusiya qüvvələrinin, əks-hücum qarşısında geri çəkilmə mənasına gələn “xoşməramlı jestə” “hazırlığın birinci mərhələsidir”.

Bu ifadə Ukraynada ötən il populyarlaşıb. O zaman Ukrayna qüvvələri ölkənin şərqində və cənubunda bəzi ərazilərə, o cümlədən Xersona nəzarəti bərpa edib. Xerson Rusiya qüvvələrinin işğal etdiyi yeganə vilayət paytaxtı idi. Rusiya ordusu isə bəzi hallarda xoş niyyət jesti olaraq geri çəkildiyini elan edib.

“Birinci mərhələdə tibb işçilərini və yaralıları işğal olunmuş ərazilərdən çıxarırlar, tibbi ləvazimatları götürürlər, yəni bütün xəstəxanaları, hətta aptekləri talayırlar, orada olan dərmanları da aparırlar”, – Kovalenko deyib.

Onun proqnozuna görə, Rusiya qoşunları sürətlə geri çəkilmək məcburiyyətində qalsa, tezliklə artilleriyasını geri çəkəcək, sonra isə hərbi kommunikasiya sistemlərini yığışdıracaq. “Bu o deməkdir ki, “xoşməramlı jest” bir və ya iki həftə ərzində baş tutacaq”, – Kovalenko əlavə edib.

Ukrayna rəsmiləri həftələrdir dünyada manşetlərə çıxan, müzakirə olunan yaz əks-hücumu ilə bağlı gözləntiləri azaltmağa çalışır. Bununla belə, Kovalenko əks-hücumla bağlı açıq müzakirələrin Rusiya qoşunlarını ruhdan saldığını düşünür.

"Hamı bu haqda danışır, hamı bu haqda nəzəriyyələr irəli sürür. Amma heç kim bunun necə baş verəcəyini, çoxlarının güman etdiyi ssenariyə uyğun gələcəyini, yoxsa əksinə, heç kimin gözləmədiyi qədər unikal bir şey olacağını yüz faiz bilmir. Ona görə də deyərdim ki, ruslar həqiqətən panika içindədirlər", – Kovalenko vurğulayıb.

XS
SM
MD
LG