Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:00

4-yaşlı qıza həm evdə, həm də qonşuda zorakılıqlar...


Uşaq zorakılığı
Uşaq zorakılığı

Bakının Qala qəsəbəsində 4-yaşlı Məryəm Hüseynliyə işgəncə verilməsi, onun döyülüb öldürülməsi, meyitin isə quyuya atılması ilə bağlı məhkəmə proseslərindən biri aprelin 10-da yekunlaşıb. İkincisi isə hələ davam edir.

Uşağın başına gələnlərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, bunlardan biri onun atası Taleh Allahyarov, ikincisi isə qonşuluqda yaşayan Mehman Mansurovdur. Onların işi əvvəlcə birlikdə araşdırılsa da, sonradan məhkəməyə göndəriləndə ayrılıb. Mansurovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə, Allahyarovun işi isə Xəzər Rayon Məhkəməsinə göndərilib.

Atası uşağa əzab verməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Allahyarov qızını döyüb, bədəninə siqaret basıb, hətta boynuna kabeli dolayıb, həmin kabeli tavana bağlayıb.

"Nənəmlə yaşayırdıq, o da uşağa baxmaq istəmirdi"

Məryəmi döyüb öldürməkdə suçlanan 33-yaşlı Mansurov isə Qala qəsəbəsində qonşuluqda yaşayıb. Eyni zamanda, Allahyarovla dost olub. Atası işə gedəndə, yaxud başqa işləri olanda uşağı onlarda qoyurmuş. Mansurov da orada qeyri-rəsmi münasibətdə olduğu Xəyalə adlı qadınla yaşayırmış. Bu qadının da özünün uşaqları var.

Məryəmin meyiti qəsəbədə, yaşadıqları evdən bir qədər aralıda yerləşən quyudan tapılıb. Uşağın meyitinin üstünə də daş parçaları tökülüb.

Allahyarov ifadəsində bildirib ki, həmişəki kimi, işə gedəndə uşağı qonşuya qoyub. Çünki uşağı 1 yaşı olanda anası atıb getmişdi, baxan yox idi: "Biz nənəmlə yaşayırdıq, o da uşağa baxmaq istəmirdi. Ona görə məcbur olub Mehmangilə qoyurdum. Onlar da harasa gedəndə Xəyalənin uşaqlarını mənim yanımda qoyurdular. Axırıncı dəfə işdən gəlib soruşdum, dedilər ki, qohumlarıgildədir, gətirəcəklər. Sonra başqa bəhanə gətirdilər. Üstündən neçə gün keçsə də, uşağı gətirib çıxarmırdılar...".

Hüquq-mühafizə orqanlarının bir neçə günlük araşdırmalarından sonra uşaq quyudan tapılıb.

Uşağı öldürmək niyyətinin olmadığını deyir

Mansurov istintaqa ifadəsində deyib ki, uşağı döyüb, onu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Cinayəti ört-basdır etmək üçün quyuya atıb.

Lakin məhkəmədə fərqli danışıb. O iddia edib ki, uşağı birlikdə yaşadığı qadın öldürüb. Səbəb isə uşağın ağlaması, onu incitməsi olub. Mansurovun sözlərinə görə, özü işdən qayıdanda artıq uşaq ölmüşdü.

"Uşağı mən öldürməmişəm. Mən gələndə artıq uşaq ölmüşdü. Məndən meyiti gizlətmək üçün kömək istədi. Mən də büküb aparıb quyuya atmağa kömək elədim. Təəssüf ki, bu iş obyektiv araşdırılmayıb. Xahiş edirəm, ədalətli hökm çıxarın", – aprelin 10-da son sözündə belə deyib.

Onun vəkili də məhkəmədə istintaqın obyektiv aparılmamasından gileylənib.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası elə Mansurovun təqsirli olduğu qənaətinə gəlib və onun 11 il həbs cəzasına məhkum olunması haqda hökm çıxarıb.

Ataya qarşı ittiham ağırlaşdırılıb

Uşağın atasına gəlincə, onun işi bir dəfə Xəzər Rayon Məhkəməsinə gəlib, lakin ittihamın ağırlaşdırılması üçün təkrar istintaqa qaytarılıb. 25-yaşlı Allahyarov öncə köməksiz vəziyyətdə olan uşağa işgəncə verməkdə ittiham olunurdu. Zərərçəkmişin hüquqi varisi qismində uşağın anası tanınıb.

Allahyarovun işinə məhkəmədə baxılanda prokuror deyib ki, Məryəm doğulanda onun anası Günel Hüseynovanın 16 yaşı olub. Yəni, Allahyarov bu qadınla onun 15 yaşı olanda ailə qurub. Prokuror iddia edib ki, bu üzdən Allahyarovun əməlində CM-in 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya digər seksual xarakterli hərəkətlər etmə) maddəsinin tərkibi var. Ona görə iş istintaqa qaytarılmalı, ona 133-cü (əzab vermə) maddə ilə yanaşı, bununla da ittiham verilməlidir.

Məhkəmə də vəsatəti təmin edib, iş geri qaytarılıb. Təxminən iki ay sonra iş yenidən məhkəməyə gəlib və hazırda Xəzər Rayon Məhkəməsində araşdırılır.

Araşdırmalar zamanı məlum olub ki, uşağa əzab verildiyini təsdiqləyən videogörüntülər var. Həmin görüntüləri Allahyarov uşağın anasına göndərib.

O, ifadəsində bildirib ki, məqsəd qızına əzab vermək olmayıb. Onun sözlərinə görə, məsələn, kabeli uşağın boğazına dolayanda ona ağrı verməyib. Sadəcə, o vəziyyətdə görüntünü çəkərək Günelə göndərməklə ona geri qayıtması üçün təsir göstərməyə çalışıb. Allahyarov deyir ki, qızının hər iki valideyni ilə birlikdə yaşamasını istəyirdi.

Allahyarova ittiham verilən maddələrdə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG