►"Lokal xarakterli döyüşlərin 2-3 gün çəkəcəyi gözlənir. Çünki qarşı tərəf həm fiziki, həm mənəvi itkilərə məruz qalıb"
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan ordusunun davranışı qarşı tərəf üçün gözlənilməz olub
Müdafiə Nazirliyinin keçmiş zabiti Üzeyir Cəfərov AzaslıqRadiosunun cəbhə bölgəsində baş verənlərlə bağlı suallarını cavablandırıb:
– Üzeyir bəy, cəbhə bölgəsindəki hərbi əməliyyatlar gözlənilən idimi?
– Bəlkə də başqaları üçün gözlənilməz oldu, amma mən gözləyirdim və hiss edirdim ki, son vaxtlar çoxalan təxribat- diversiya xarakterli əməliyyatlar gətirib buna çıxara bilər.
Ermənistan tərəfi Azərbaycan mövqelərinə təkcə avtomat və pulemyotlardan deyil, minaatanlardan və artilleriya qurğularından atəş açırdı, diversiya-təxribat qruplarını mövqelərimizə göndərirdi. 1994-cü ildən bəri davam edən davranışlar idi. Amma ölkə başçısının Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitinə qatıldığı bir vaxta təsadüf etməsi gözlənilməz idi. Dövlət rəhbərinin ölkədə olmamasından istifadə edən qarşı tərəf təxribata əl atdı, onun havadarları da buna şərait yaratdı. Amma qarşı tərəf bu dəfə gözlənilməz mövqe ilə rastlaşdı. Çünki, adətən, belə təxribatlarda Azərbaycan tərəfi cavab atəşi ilə kifayətlənir, heç bir dinamik davranış göstərmirdi. Bu dəfə qarşı tərəfin mülki şəxsləri atəş altına alması Azərbaycan ordusunu cavab verməyə məcbur elədi, cəbhənin müxtəlif istiqamətlərində birinci eşelonunu yararaq qarşı tərəfi canlı və texniki itkiyə məruz qoydu. Bu gün isə Ermənistanın yüksək rütbəli hərbçiləri həlak olub. Beynəlxalq qurumların Qarabağ probleminə indiyədək laqeyd, soyuq yanaşması bu faciələri yaşatdı. Hər iki tərəfdən itkilər var. Yəqin ki, hələ 2-3 gün vəziyyət belə gərgin qalacaq. Hər iki tərəfdə ciddi narahatlıq var. Amma vəziyyətErmənistanın ziyanınadır, çünki heç bir beynəlxalq hüquq və normaya əməl qoymur, hətta atəşkəslə bağlı Rusiyanın çağırışını da dinləmir. Cəbhədə isə hazırda gərgin anlar yaşanır, döyüşlər gedir, bunun da nə ilə nəticələnəcəyini heç kəs deyə bilməz.
___________________________________________________________
Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir
___________________________________________________________
“Onda mövqe savaşı gedirdi”
– Üzeyir bəy, 2014-cü ilin yayında cəbhədə baş verənlərlə, – 2-3 gün çəkən savaşı nəzərdə tuturuq, – indi baş verənlər arasında bir oxşarlıq varmı?
– 2014-cü ilin avqustunda baş verənlərlə indi olanlar ayrı-ayrı hallardır. O vaxt mövqe döyüşləri idi, indi isə qoşunlar bir-birilə təmasdadır, toqquşmalar əsl müharibə qanunları çərçivəsində aparılır. Bütün növ silahlardan, təyyarələrdən, döyüş vertolyotlarından, zenit-raket, artilleriya qurğularından, tanklardan istifadə edilir, bu da əsl müharibədir.
– Sosial şəbəkələrdə yazırlar ki, cəbhəyə könüllü getmək istəyənlər var. Fikrinizsə, Azərbaycan ordusunun könüllülərə ehtiyacı varmı?
– Narahatçılığa əsas yoxdur, Azərbaycan əsgəri öhdəsinə düşən vəzifələri yerinə yetirir. Ancaq hər ehtimala qarşı ehtiyatda olanlar məlumatlandırılıb ki, ehtiyac yaranarsa, xidmət etdikləri hərbi hissələrə gedib sıraya qoşulsunlar. Ancaq, hələ ki, buna ehtiyac yoxdur.
Cəbhə xəttinin "beş addımlığında" həyat- [Fotolar]
– Sizcə, baş verənlər böyük bir müharibəyə çevrilə bilərmi?
– Çevrilməməlidir. Ancaq lokal xarakterli döyüşlərin 2-3 gün çəkəcəyi gözlənir. Çünki qarşı tərəf həm fiziki, həm mənəvi itkilərə məruz qalıb, düşünmürəm ki, 2-3 günə sakitləşə bilərlər. Ancaq qarşı tərəf nə qədər tez götür-qoy edib atəşkəsə qərar versə, bir o qədər yaxşı olar.
– Cəbhə xəbərlərinin mediada yayılması vəziyyəti necədir? 2014-cü illə müqayisədə fərq varmı, yoxsa yenə də məlumat xaosu müşahidə edilir?
– Bu dəfə xəbərlər daha məsuliyyətli verilir, media da, cəmiyyət də daha təmkinli davranır, qarşı tərəfin təxribatçı məlumatlarına uymur. Ancaq Müdafiə Nazirliyi cəbhədən məlumatları bir qədər də çevik yaysa, cəmiyyət baş verənlərdən daha çox informasiyalı olar.
– Üzeyir bəy, cəbhədəki əməliyyatlar Şuşaya, Laçına qədər uzana bilərmi?
– Hər halda, yaxın saatlarda proseslərin necə gedəcəyini söyləyə biləcəyik. Əgər belə davam edəcəksə, Azərbaycan ordusu bütün imkanlarından istifadə edərək torpaqlarını işğaldan azad edəcək, rəhbərliyin qəti tapşırığı var. Hər kəsin arzusu Xankəndinin, Şuşanın qaytarılmasıdır, ancaq bu, Ermənistanın siyasi rəhbərliyinin sonu olacaq. Onlar bunu nə qədər tez anlasalar, yaxşıdır.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin: