Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:40

100 milyon insan Covid-dən altı ay əziyyət çəkib – Qərb mediası


İsraildə test mərkəzi
İsraildə test mərkəzi

Alimlər bu simptomları yüngülləşdirən, hələ tam aydın olmayan səbəbləri hədəfləyən, insanları işə qayıtmaq gücüylə təmin edəcək müalicə axtarır

Omikron ştammının Covid-19-a yoluxmaları artırdığı bir dönəmdə xəstəliyin izlərinin aylarla qalması da tibb ekspertlərinin diqqət mərkəzindədir. Onlar pandemiyanın içində başqa bir ictimai səhiyyə böhranının gizlənməsi haqda xəbərdarlıq edirlər. “The Financial Times” dünyada 100 milyondan çox insanın xəstəlikdən uzun müddət əziyyət çəkdiyini yazır.

Qəzet qeyd edir ki, alimlər bu simptomları yüngülləşdirən, hələ tam aydın olmayan səbəbləri hədəfləyən, insanları işə qayıtmaq gücüylə təmin edəcək müalicə axtarır.

Pensilvaniya Dövlət Universiteti tədqiqatçıları araşdırma dərc olunanda koronavirusa yoluxmuş 236 milyon insanın yarıdan çoxunda simptomların altı aydan çox çəkdiyini üzə çıxarıb. Hazırda dünya üzrə yoluxma sayı 293 milyonu keçib.

Böyük Britaniyada bu yaxınlarda aparılmış tədqiqat isə xəstəxanaya yerləşdirilən hər üç nəfərdən birinin Covid-ə yoluxandan bir il sonra da xəstəlikdən əziyyət çəkdiyini göstərir.

“Bu, müalicə yollarının araşdırılması, tibbi dəstəyin yaxşılaşdırılmasını vacib edir. Heç birimiz uzunmüddətli Covid-in bir mexanizmi və bir müalicəsi olduğunu düşünmürük”, – Milli Səhiyyə Araşdırmaları İnstitutundan Raçel Evans deyib.

Məqalədə pasientlərin ən çox yorğunluq və təngnəfəslik problemlərindən əziyyət çəkdiyi qeyd edilir. Bəzi xəstələrdə müxtəlif orqanların zədələnməsi, “beyin dumanlanması” müşahidə olunur. Bir çox simptomlar isə koronaviruslar daxil digər postvirus xəstəlikləri yada salır.

Qadınlar, artıq çəkidən əziyyət çəkənlər, süni nəfəs aparatına qoşulanlarda Covid-in izlərinin uzun müddətə qalması mümkündür.

Vaksinasiyanın bu halı nə dərəcədə önlədiyi bəlli olmasa da, riski yarıbayarı azaltdığı güman edilir.

Qəzet yazır ki, bəzi həkimlər müalicə vaxtı yan təsirləri az olan dərmanlardan istifadə etməyə çalışırlar. Bu yaxınlarda Kembric universitetinin apardığı araşdırmaya görə, “dost bakteriyalar”ın kombinasiyasından istifadə Covid-un uzunmüddətli simptomlarını yüngülləşdirə, səhhətə ümumilikdə yaxşı təsir göstərə bilər.

Meksikada bəzi qadınlar doğmamaq qərarı veriblər

Pandemiyanın fəsadları hələ çox hiss olunacaq. “Washington Post” Meksikada bir çox qadının “uşaq doğmamaq qərarı verdiyini” yazır.

Meksikanın səhiyyə rəsmisi Edis Qarsiya Dias pandemiyanın ölümlə yanaşı, doğuma da səbəb olacağını düşünürmüş. O, kontraseptiv qıtlığının hamiləliklərin artmasına səbəb olacağından narahatlıq keçirirmiş. Pandemiyanın əvvəlində ölkənin əhali agentliyi xəbərdarlıq edib ki, pandemiya əlavə 120 min planlaşdırılmamış doğuşa səbəb ola bilər.

Amma əyalətlərdən gələn data əks tendensiyanı ortaya qoyub. 2021-ci ilin ilk altı ayında Meksikada doğum bir il öncəylə müqayisədə 11 faiz azalıb.

Qarsiya Diasın çalışdığı Zakatekas üzrə noyabrın statistikası 5 min az körpənin doğulduğunu göstərib.

“Heç vaxt belə şey görməmişəm”, – həkim deyib.

Məqalədə deyilir ki, demoqraflar körpə bumu əvəzinə, doğumda qısa müddətli düşüş müşahidə edirlər. BMT-nin Əhali Fondu inkişaf etməkdə olan ölkələr üçün 7 milyon əlavə planlaşdırılmamış hamiləlik proqnozlaşdırırdı. Amma 15 belə ölkədə aparılmış tədqiqat yalnız Butan və Banqladeşdə daha çox körpənin dünyaya gəldiyini göstərib.

“İqtisadi qeyri-müəyyənlik və covid qorxusu insanların gələcəklə bağlı ümidlərinə, gözlənti və planlarına dərin təsir göstərməkdədir. Bu, gözlədiyimizdən daha irimiqyaslı ola bilər”, – BMT-nin əhali üzrə rəsmisi Raçel Snou deyib.

Ancaq rəsmilər doğumda qlobal azalma olduğunu demək üçün tez olduğunu da vurğulayırlar. Dünyanın ən yoxsul ölkələri üzrə data yetərli deyil və həmin ölkələrdə doğum arta bilər. Hətta Meksika kimi ortagəlirli ölkələrdə belə doğum statistikasının toplanmasında yubanmalar olur, yəni, rəqəmlər dəyişə bilər.

Qarsiya Dias isə ölkədə bir çox qadının “indiki vaxtda dünyaya körpə gətirməməkdə qərarlı” olduğunu düşünür.

XS
SM
MD
LG