Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:50

'Uşaqpulu verilməlidir, bizdə buna ehtiyac var'


Soyuqda yerdə oturub dərslərini hazırlayan uşaqlar
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Soyuqda yerdə oturub dərslərini hazırlayan uşaqlar

Koronavirus pandemiyası ilə bağlı xeyli vətəndaş Azərbaycanda da qazanc yerini itirib. Hökumət bu günlər 100 mindən çox şəxsə birdəfəlik yardım (190 manat) verdiyini açıqlayıb. Amma ailədə həm ər, həm də arvad işsizdirsə, onlardan yalnız birinə yardım verilir.

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycan hökuməti uşaqlara aylıq müavinətlər (uşaqpulu) verməyi uzun illərdir dayandırıb: "2006-cı ilə kimi simvolik də olsa, uşaqpulu verilirdi, sonra tamamilə yığışdırıldı".

"Yetərli əsaslar var"

Onun fikrincə, uşaqpulunun verilməsinin bərpası üçün hökumətin istəyi, iradəsi olmalıdır. N.Əliyev hesab edir ki, bundan ötrü yetərli qədər əsaslar var. O vurğulayıb ki, dünyanın əksər ölkələri uşaq pullarını verir: "Amma bu ölkələr uşaq pullarını ailə və ya uşağın maliyyə ehtiyacı olub-olmamasına görə yox, ölkə vətəndaşına qayğının, onun sağlam böyüməsinin göstəricisi kimi verir. Bu ödəniş, həddi-buluğa çatana kimi davam edir. Bununla da dövlət uşağın əsas qayğılarını öz üzərinə götürür".

N.Əliyev
N.Əliyev

"Ciddi gözləntiyə də dəyməz"

N.Əliyev Azərbaycan hökuməti təmsilçilərinin uşaqpulunun dolayı müavinətlər, o cümlədən ünvanlı sosial yardım şəkilində çatdırılması ilə bağlı cavabını da yetərli saymır: "Ona görə də, belə bir şəraitdə uşaq pullarının veriləcəyinə ümid bəsləmək əbəsdir, ciddi gözləntiyə də dəyməz".

O, Azərbaycanda uşaqlara aylıq müavinətin verilməsindən ötrü maliyyə imkanlarına gəlincə, deyib ki, belə imkanlar çoxdur. Onun düşüncəsinə görə, lazımsız istiqamətlərə xərclənən pullara münasibətdə qənaət rejimi işə salınsa, uşaq pullarının ödənişi üçün xeyli vəsait üzə çıxarmaq mümkündür:


"Amma qəti qənaətim budur ki, ölkədə uşaq pulları verilməlidir, bizdə buna ehtiyac var. Yoxsulluğun, işsizliyin səviyyəsi yuxarıdır, uşaqların qayğıları da çoxalır, ona görə də bu vəsait verilməlidir".

Deputat Zahid Oruc isə hesab edir ki, bütün vətəndaş kateqoriyaları kimi, uşaqların da sosial təminatı dövləti rəhbərinin diqqət mərkəzindədir.

Z.Oruc "Turan" agentliyinə deyib ki, 2020-ci ilin ilk rübünün yekunları ilə bağlı aprelin 14-də keçirilən müşavirədə də dövlət başçısı əhalinin artması fonunda ailələrin məşğulluq və təminat məsələsini gündəmə gətirib:

Z.Oruc
Z.Oruc


"Bütün bunlar ümumi vəhdətdə uşaqların təminatı və ya uşaqpulu kimi deyilən məsələlərin hər hansı bir formada həlli ilə bağlı dövlət, hökumət strukturlarında axtarışların getməsinə birbaşa aiddir".

O, uşaq pullarının verilməsinin 2006-cı ilə kimi mövcud olduğunu xatırladıb. Deputatın qeyd etməsinə görə, daha sonra belə hesab edilib ki, bu yardımlar ünvanlı olsun, yardıma daha çox ehtiyacı olan əhalinin həssas təbəqələrinə yönəldilsin.

"Bu məsələ dövlətin diqqət mərkəzindədir"

Deputata görə, təəssüf ki, həmin dönəmdə hökumətin bəzi strukturlarının qüsurlu fəaliyyəti nəticəsində bu xoş məramı tam olaraq gerçəkləşdimək mümkün olmayıb. Onun qeyd etməsinə görə, həmin yardımlar bəzən rüşvətin yeminə çevrilib, bu da bu sahədə çalışan bir sıra yüksəkrütbəli məmurların vəzifələrini itirməsində mühüm rol oynayıb.

Z.Oruc vurğulayıb ki, bu məsələ dövlətin diqqət mərkəzindədir: "Amma burada qərar vermək üçün araşdırmalara ehtiyac duyulur. Həmçinin, bunun ümumi maliyyə tutumu elə bir səviyyədə yoluna qoyulmalıdır ki, hazırkı şəraitdə ən optimal, uğurlu addımlardan birinə dönsün".

Deputat hesab edir ki, dövlət başçısının yeni maliyyə mənbələrinin axtarılması tapşırığı verməsi də təsadüfi deyil və bu, gələcəkdə istənilən sosial məsələnin həlli üçün əsas ola bilər.

Xatırlatma

2006-cı ildən etibarən Azərbaycanda müəyyən yaş həddinə kimi uşaqlara verilən aylıq sosial müavinət - uşaqpulu ləğv olunub. Bu, imkansız ailələrə sosial müavinətlərin verilməsinə başlanması ilə izah edilib.

Azərbaycanda uşaqpulu ləğv olunsa da, uşaqlarla bağlı olan bəzi təyinatlı müavinətlər hələ də verilməkdədir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 2019-cu ilin aprelin 1-dən 200 manat müəyyənləşdirilib. Əvvəl isə bu məbləğ 100 manat civarında idi.

XS
SM
MD
LG