Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:20

Vəkil gəncə işgəncə verilməsindən şübhələnir


Ruslan Qarayev
Ruslan Qarayev

Vəkil Əsabəli Mustafayev iyulun 23-də yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsi Sumqayıt şöbəsinin sədri Ruslan Qarayevlə görüş ala bilməyib.

Bu haqda vəkilin özü məlumat verib.

Vəkil bildirib ki, iyulun 23-də yenidən gəncin saxlandığı deyilən Sumqayıt Polis İdarəsində olub. İdarədən rəisin işdə olmamasını əsas gətirərək, onu görüşə buraxmayıblar.

Vəkil Ə.Mustafayev ehtimal edir ki, R.Qarayevə işgəncə verilib. «Ola bilsin, işgəncə faktı var, ona görə də görüşə mane olurlar»,- vəkil bildirib.

Ə.Mustafayev müdafiə etdiyi şəxslə görüşə buraxılmaması ilə bağlı 102 xidmətinə və Ombudsman Aparatına da bilgi verib. Lakin nəticəsi olmayıb.

Vəkil iyulun 22-də də gənc cəbhəçi ilə görüş ala bilməmişdi.

R.Qarayevə 20 sutka inzibati həbs cəzası verildiyi deyilir. Onun Sumqayıt şəhər Polis İdarəsində saxlandığı bildirilir. AXCP-dən verilən bilgiyə görə, onu polisə müqavimət adı ilə saxlayıblar.

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti deyilənləri şərh etməyib.

R.Qarayevin iyulun 20-si axşam saatlarında saxlandığı güman edilir. İyulun 21-i AXCP Sumqayıt təşkilatının bir qrup fəalı polis idarəsinin qarşısına toplaşıb gəncin taleyi haqda məlumat almaq istəyirdilər. Gəncin saxlanma xəbərini də həmin fəallar yayıblar.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini düşünür.

Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

XS
SM
MD
LG