Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:34

'8-ci kilometr bazarı'nda arabaçıların haqqı qalxıb...


Arxiv fotosu.
Arxiv fotosu.

“Bayramqabağı arabanın icarəsini qaldırdılar. Deyir, 10 manat ver, sür… Ya da sabahdan bazara girmə…”.

İlqar Xasıyev müharibə veteranıdır. Bazarda arabayla müştərilərin yükünü daşıyır. İlaxır çərşənbə günü – martın 14-də səhər, bazara işə gələndə bayram ovqatı puç olub gedib. Necə puç olmasın ki arabanın icarəhaqqı 5 manatdan 10 manata qaldırılıb…

Buna da bax:​ '8-ci kilometr bazarı' Çovdarovun qızına necə verilib?

“Bazarda araba inhisarı var”

O deyir ki, “Bakı, Nizami rayonu, Naxçıvanski küçəsi, 50” ünvanında yerləşən və “8-ci kilometr bazarı” kimi tanınan bazarda “araba inhisarı” var. Burada arabalar qırmızı rənglənib nömrələnir ki, kənardan bazara girən başqa arabalar bilinsin. Buna bazarın giriş qapılarında da nəzarət var. Bazarın sahibinin arabalarından başqa heç kəs əraziyə araba ilə daxil ola bilməz. Ona görə də arabaçılar “inhisardakı” arabaları sürməyə məcbur qalırlar:

“İki il əvvəl 3 manat, ötən il 5 manat gündəlik icarəpulu ödədiyimiz arabalara görə indi 10 manat tələb olunur. Yükünü daşıdığımız müştərilər bizə 50 qəpikdən çox pul vermirlərsə, belə çıxır ki, indən belə arabanı elə icarəpulunu ödəmək üçün sürəcəyik. Üstəlik, burda bir bazardan o birinə arabayla giriş də 1 manatdır. Məsələn, gündə on dəfə bu bazardan o birinə arabayla keçsəm, hər dəfəsində 1 manat ödəməliyəm. Özümüzə qəpik-quruş da qalmır”.

Buna da bax:​ Daha bir ünvanda yaşıllıq məhv edilir, yerində isə...

“Bazarın sahibi deyir, karsan, korsan, əlilsən...”

İkiqat icarəhaqqıyla razılaşmayan arabaçılara isə bazarın qapısı göstərilir: “Get, başqa iş tap…”.

Bazar rəhbərliyi hələ bir müddət əvvəl icarəhaqqını qaldıracağı ilə bağlı arabaçıları xəbərdarlıq edibmiş. Arabaçılar xəbərdarlıqdan təşvişə düşərək, prezidentə, xanımına, əraziyə nəzarət edən polis şöbəsinə, Nizami Rayon İcra Hakimiyyətinə şikayət məktubu göndərsələr də, hələ cavab almayıblar. İlqar Xasıyev deyir:

“Müharibə veteranı var, əlil var, qaçqın var… Səhər saat 5-dən bazara girib gecə çıxırıq. Bazarın sahibi deyir, karsan, korsan, özün bilərsən, bura əlillər cəmiyyəti deyil, işləyirsənsə, qoyulan icarəhaqqını da ödəməlisən”.

Buna da bax:​ Qarabağ əlilinin yağ-pendir zavodu sahibi ilə nə problemi var?

“Qarışa bilmərik”

Nizami Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, belə bazarlar özəl sektora aid olduğundan, məsələyə qarışa bilməzlər: “Bazar bir sahibkarındır, icarəhaqqını da o müəyyənləşdirir. Bir icra hakimiyyəti sahibkarın işinə müdaxilə edə bilməz, axı… Bazar da onun, araba da onun, biz kiminsə malına qiymət qoya bilmərik”. Bir sözlə, qurumun cavabından belə çıxır ki, arabaçılar sahibkarla dil tapıb dolansınlar.

AzadlıqRadiosu müxbirinin arabaçıların dərdini bazar rəhbərliyinə çatdırmaq cəhdi baş tutmayıb. Məsələ burasındadır ki, bazarın indiki sahibinin kim olduğunu heç burada çalışanlar da bilmirlər.

Buna da bax:​ Ramanada 8 ailənin həyatı təhlükədədir

MTN izi

Bu bazar haqqında hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində maraqlı bilgilər ortaya çıxıb. Sən demə, bu məşhur meyvə-tərəvəz bazarı elə məşhur generalların yaxınlarına məxsusuymuş. Söhbət keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovadan və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun qızı Aidə Qasımovadan gedir. Bazarın səhmləri hərəyə 50 faiz olmaqla, adları çəkilən xanımlar arasında bölüşdürülüb. 2015-ci ilin oktyabrında keçmiş MTN ətrafında baş verən hadisələrdən sonra həbs olunan və hazırda Bakı Hərbi Məhkəməsində mühakimə edilən Akif Çovdarova verilmiş ittihamlar arasında bu bazarın qanunsuz ələ keçirilməsi də var. İttihama görə, bazarı 2005-ci ilin dekabrında ovaxtkı sahibi, «Maral-Veqa» MMC-nin təsisçisi Cəfər Səfərovun əlindən zorla alıblar.

XS
SM
MD
LG