Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:02

Vüqar Səfərliyə 10 il 6 ay həbs cəzası


Vüqar Səfərli (solda) jurnalistlər üçün inşa olunmuş binanın açılış mərasimində. 2017
Vüqar Səfərli (solda) jurnalistlər üçün inşa olunmuş binanın açılış mərasimində. 2017

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona və daha 10 nəfərə hökm oxunub.

Hökmdən öncə son sözünü deyən Səfərli bildirib ki, prokurorun ona istədiyi 11 illik cəza elə ömürlük həbsə bərabərdir. Hazırda 64 yaşı olduğunu vurğulayan sabiq Fond rəhbəri deyir ki, səhhətində ciddi problemlər var, ürək çatışmazlığı, təzyiq və s. problemlərdən əziyyət çəkir.

"İttihamlar uydurmadır"

"Mən dərmanla yaşayıram. Niyə həbs olunduğumu hələ də anlaya bilmirəm. Kimə lazım idi mənim fəaliyyətimin üstündən xətt çəkmək, bilmirəm. Mənə verilən ittihamlar uydurmadır", – Səfərli son sözündə belə deyib. O, təqsirsiz olduğunu vurğulayaraq məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Səfərli son sözündə Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri, həbs olunana qədər bu partiyanın Nərimanov təşkilatının sədr müavini olduğunu da hakimlərin nəzərinə çatdırıb.

"2 milyona yaxın pulum vardı"

O, özü və ailə üzvlərinin bank hesabındakı vəsaitlərin Fondun rəhbəri olduğu dövrdə mənimsəmələr hesabına əldə olunması haqda iddialarla da razılaşmayıb.

Hələ 90-cı illərin əvvəllərindən bizneslə məşğul olduğunu, Çinə bu məqsədlə gedib-gəldiyini deyən Səfərli xatırladıb ki, ilk dəfə 2000-ci illərdə banka 60 min manat vəsait yatırıb: "Mən 2009-cu ildə prezidentin sərəncamıyla Fondun icraçı direktoru təyin ediləndə artıq bankda 480 min manat vəsaitim vardı. 2015-ci ildə devalvasiya ərəfəsində prosesləri izləyən hər kəs bunun baş verəcəyini gözləyirdi. Ona görə mən bankdan manatla olan əmanətimi çıxarıb dollara çevirdim. Bir müddət özümdə saxladım, sonra yenə dollarla banka qoydum. Faiz dərəcəsi aşağı idi - illik 3 faiz. Zaman keçdikcə manat möhkəmləndi, çıxarıb dolları manata çevirdim. Bu dəfə əmanəti manatla yatırdım. 2018-ci ildə artıq faizlərlə birlikdə 2 milyona yaxın pulum vardı".

Əmlaklar müsadirə edilib

Hökmə əsasən, digər təqsirləndirilən şəxslərdən Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa edən "Portos" MMC-nin direktoru olmuş Nadir Məmmədova 6 il həbs cəzası kəsilib. Qalan doqquz nəfərə, o cümlədən Fondun baş mühasibi olmuş Təhminə Yaqubova, Milli Mətbuat Günü və bayramlar ərəfəsində tədbirlərin keçirildiyi restoranların icarədarları, prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumu Ədalət Vəliyev və digərlərinə şərti cəza verilib.

Hökmdə Səfərli və digərlərinin əmlaklarının müsadirəsi də əksini tapıb. Səfərlinin paytaxtın Xətai rayonu, İsmayıllı rayonunda yerləşən yaşayış evləri, avtomobili, bankdakı vəsaitləri və s. əmlakları müsadirə edilib.

Xatırlatma

63-yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Agentlik Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Səfərli həm də YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini idi. 2021-ci ilin yanvarında həbs olunandan bir ay sonra onu bu vəzifədən də azad ediblər.

XS
SM
MD
LG