-
«Dünən qəflətən güclü külək əsdi. Dirəklər aşdı, evlərin örtükləri dağıldı. Hələ də fəsadlar tam aradan qaldırılmayıb. Məhəllələrin çoxunda işıq yoxdur».
Xaçmazın Tikanoba kənd sakini Bəhram Sadıqov AzadlıqRadiosuna aprelin 10-da Xaçmazda baş vermiş küləyin fəsadlarından danışır. Deyir, kənddə azı 20 ağac kökündən qopub. Elektrik naqilləri qırılıb.
KÖHNƏ, ÇÜRÜK DİRƏKLƏR VƏ NAQİLLƏR
«Dirəklərin hamısı köhnə, naqillər çürükdür. Heç yüngül meh əsəndə davam gətirmirdi. Güclü küləksə dirəkləri yerli-dibli, naqil qarışıq apardı. Neçə vaxtdır hər yerə yazırdıq ki, dirəkləri dəyişsinlər. İndi işıqsız qalmışıq».
Kənddə bir neçə evin örtüyü də dağılıb. Kənd sakini Niyaməddin Səfərov deyir, dam örtükləri hələ də təmir olunmayıb:
«Hələ də gözləyirik. Deyirlər, başqa kəndlərdə də fəsadlar var, onları həll edəndən sonra bu kəndə də gələcəklər».
DAM ÖRTÜYÜ «UÇAN» BƏLƏDİYYƏYƏ MÜRACİƏT ETSİN
«Xaçmaz Regional Elektrik Şəbəkəsi» idarəsindən «Qaynar xətt»ə bildiriblər ki, külək rayonun, əsasən, elektrik təsərrüfatına zərər vurub. Elektrik xətlərində yaranan qəzalara görə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ancaq idarənin işçiləri hazırda da qəzalı dirəkləri və elektrik xətlərini təmir etməklə məşğuldurlar: «Əsasən, ağaclar elektrik xətlərinin üzərinə aşıb. Bəzi yerlərdə qəza baş verməsin deyə, özümüz elektrik verilişini dayandırmışdıq».
Tikanoba kənd bələdiyyəsindən bildiriblər ki, kənddə örtüyü sıradan çıxmış ev varsa, sahibləri bələdiyyəyə müraciət edə bilərlər. Hələlik isə, bələdiyyəyə belə müraciət daxil olmayıb.