Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir. Martın 13-də Berlində Prezident İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb: "…2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq".
Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin əvvəlində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 135.7 milyon ABŞ dollarına (13 milyard 830.7 milyon manat) bərabər olub. Həmin tarixdə daxili borcu da nəzərə alanda bu, 16 milyard 899 milyon manata yüksəlib.
"Qarabağ, Şərqi Zəngəzur zonasının bərpasına…"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a açıqlamasında ehtimal edib ki, sözügedən 40-50 milyardın böyük hissəsi Qarabağ, Şərqi Zəngəzur zonasının bərpasına və inteqrasiyasına gedəcək: "Təbii ki, bu, bütün Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verəcək. Vəsaitlərin bir hissəsi isə həmin regionun minalardan təmizlənməsinə gedəcək. Bu, vətəndaşların doğma torpaqlarına tezliklə köçürülməsi və orada iqtisadiyyatın inkişafı üçün çox vacibdir".
"MDB məkanında bizdə bu göstərici ən aşağıdır"
Quliyev söyləyib ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 10.7 faizini təşkil edir: "Ölkələrin çoxu üçün bu, 30-40 faizini təşkil edir. MDB məkanında bizdə bu göstərici ən aşağıdır. Bizim 55 milyard dollarlıq təhlükəsizlik yastığımız var. Söhbət bizim qızıl-valyuta ehtiyatlarımızdan gedir. Bu da bizə beynəlxalq kreditləri götürməyə və onlardan milli maraqlar istiqamətində istifadə etməyə əminlik yaradır".
"Ən aşağı faizlə verəcəklər, Azərbaycana inanırlar"
Onun sözlərinə görə, Azərbaycan həmin kreditlərdən istifadə edərək iqtisadiyyatını daha yüksək səviyyəyə qaldıracaq: "2010-cu illərdə Azərbaycan iqtisadiyyatı öz inkişafında sıçrayış edib. ÜDM-in artımı 15-26 faiz olub və ortalaması ilə 8 il ərzində hər il artım 19 faiz idi. İstisna deyil ki, biz bu rekordumuzu təkrarlaya və qalan problemlərimizi həll edə bilərik. Bizə sözügedən kreditləri verəcəklər və ən aşağı faizlə verəcəklər, çünki Azərbaycana inanırlar".
"...məqsədəuyğun deyil"
İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatları var: "Təbii ki, beynəlxalq maliyyə korporasiyaları ilə əməkdaşlıq etmək lazımdır, həm borcalan, həm borcverən şəklində. Amma baxır borc hansı faizlədir. Əgər bizim xaricdə olan valyuta ehtiyatlarımızdan gələn illik gəlir hesabına krediti bağlamaq mümkündürsə, burada heç bir problem yoxdur".
Lakin, onun sözlərinə görə, kreditlər yüksək faizlə verilir: "Bizim indiyə qədər aldığımız kreditlər illik 5-7 və daha böyük faizlərlə verilib. Bu, Azərbaycanın indiki durumunda məqsədəuyğun deyil".
Kredit yox, investisiya…
Bəydəmirlinin fikrincə, sözügedən kredit pul şəklində yox, investisiyalar şəklində cəlb edilə bilər: "Yəni hansısa xarici şirkət Azərbaycan bazarına maraq göstərsə, yatırım edə bilər".
İqtisadçı deyir ki, Azərbaycan vətəndaşlarının sosial durumu yaxşı deyil, gəlirləri artmır, mənimsəmələr və inhisarçılıq var: "Xarici şirkətlər investisiya qoyan zaman Azərbaycanın beynəlxalq reytinqlərinə, ölkədə biznes mühitinə, inhisarçılıq səviyyəsinə, hüquq sisteminin nə dərəcədə işlək olmasına baxırlar. Bütün bu reytinqlərdə biz qonşu ölkələrə - Gürcüstan və Ermənistana uduzuruq. Ölkə başçısı və onun komandası bu məsələlərə diqqət yetirməlidir ki, ölkədə biznes mühiti daha şəffaf olsun, məmur inhisarçılığı olmasın".
O vurğulayıb ki, kredit pul şəklində verilərsə və Azərbaycanın xaricdə olan vəsaitləri girov, zəmanət kimi götürülərsə, bu, çox təhlükəlidir: "Belə olan halda xaricdə olan ehtiyatlarımız da sual altına düşür və şəffaflıq olmayan yerdə onları biz geri qaytara bilmərik".