-
Salyan rayon Mərkəzi Xəstəxanasında işığın sönməsi nəticəsində iki körpənin öldüyü bildirilir.
«Report»un Aran bürosunun məlumatına görə, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə Abdullayeva ötən gecə bu rayondakı mərkəzi xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin bildirməsinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib. Şüşə altında (küvez) saxlanılan körpələrdən ikisinin oksigen çatışmazlığından öldüyü, birinin isə vəziyyətinin ağırlaşdığı qeyd edilir.
Salyan rayon Mərkəzi Xəstəxanasında elektrik generatorunun olduğu bildirilir. Lakin verilən məlumatda qeyd edilir ki, generator nasaz vəziyyətdə olduğundan işləməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da olaya münasibət bildirib. O faktı təsdiqləsə də, körpələrin işığın sönməsi üzündən ölməsi ilə bağlı deyilənlərlə razılaşmayıb: «Mirzabitə Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: 31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var».