Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Ev ustası, işsiz adamlar XİN-in yüz minlik tenderlərində necə qalib olub


Pul
Pul

Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinin müdiri olmuş Səlim Əlizadənin məhkəməsi davam etdikcə, nazirlikdən milyonlarla vəsaitin köçürüldüyü şirkətlərin heç bir fəaliyyəti olmadığı ortaya çıxır.

Sentyabrın 29-da məhkəmədə aparılan dindirmələrdən məlum olub ki, ev təmiri ilə məşğul olan ustanın, mühasibin, heç bir iş-gücü olmayan şəxslərin də adlarına şirkətlər yaradılıb, onların hesabına pul köçürülüb. Buna görə sənədlərdə adı şirkət rəhbəri kimi keçən şəxslərə köçürülmüş məbləğin 1-2 faizi, yaxud da aylıq 200-300 manat pul verilib.

"Asif deyirdi ki, pulu aparıb Səlim Əlizadəyə çatdırır"

Bu proseslərin bir çoxunda vasitəçi kimi "Əmrahbank"ın əməkdaşı Rövşən Məmmədovun adı hallanır. Məsələn, Çingiz Abışov deyir ki, işi-gücü yox idi, pula da ehtiyacı vardı. Ona görə Rövşən adına şirkət yaradılmasını təklif edəndə dərhal razılaşıb: "Mənə dedi ki, adına şirkətlər yaradaq, sən də pul qazan. Həmin vaxt işləmirdim, ona görə dərhal razılaşdım. Hər dəfə hesaba pul gələndə gedib çıxarıb Asif adlı adama verirdim".

Bu üsulla 2 ilə yaxın iş gördüyünü və ayda da 300 manat aldığını deyən şahid məhkəmədə deməsə də, DTX-da istintaqa ifadəsində bildirib ki, həmin Asif XİN-in əməkdaşı idi: "Asif deyirdi ki, pulu aparıb Səlim Əlizadəyə çatdırır".

"Mənə hər dəfə 50 manat pul verirdi"

Abışov özü bu yolla pul qazanmağa başlayandan sonra tanışı Tural Niftəliyevi də cəlb edib. Niftəliyevin məhkəmədə dediyinə görə, Çingiz onu Rövşən Məmmədovla tanış edib, adına şirkət yaradılıb: "Bəzən pul çıxartmaq üçün banka gəlmişəm. Pulu çıxarıb Rövşən müəllimə verirdim. Buna görə mənə hər dəfə 50 manat pul verirdi".

Niftəliyevin adına olan şirkətin hesabına ümumilikdə 19 min manat pul köçürülüb.

Mühasib Günel İsayevanın dediyinə görə isə, Məmmədov ona XİN-in şöbə müdiri Əlizadə ilə işləməyi təklif edib, onları tanış edib. XİN rəsmisi ondan şirkət yaratmasını istəyəndə İsayeva deyib ki, əlində hazır şirkəti var. Bundan sonra onun şirkəti nazirliyin tenderlərində qalib elan edilib və hesabına ümumilikdə 135 min manat pul köçürülüb: "O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Hər pul çıxaranda 150-200 manat mənə pul verilirdi. Vergiləri də özləri ödəyirdilər".

"Bilal Qasımovun evində işləyəndə təklif elədi ki..."

Evlərdə usta işləyən Məhyəddin Hüseynov da XİN-in tenderlərində qalib olan şirkət rəhbərlərindəndir. Amma dediyinə görə, şirkətin yaranmasından xəbəri olmayıb: "Bilal Qasımovun evində işləyəndə o, təklif elədi ki, adıma şirkət yaradılsın. Bu proses başladı, amma sonra mənə deyildi ki, iş alınmadı...".

Cinayət işinin materiallarından isə məlum olur ki, Hüseynovun adına şirkət açılıb, ondan alınmış etibarnamə ilə idarə olunub, ora köçürülən vəsaitlər nağdlaşdırılaraq çıxarılıb.

Şahidlərin dediklərinə təqsirləndirilən Mollazadə və Əlizadə heç bir fikir bildirməyib.

XİN-dəki tenderlərlə bağlı məhkəmə araşdırmaları davam edir.

Bundan əvvəlki məhkəmə iclaslarında da bazarda göyərti satan, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin adlarına şirkətlər açılıb ora külli miqdarda vəsait köçürüldüyü üzə çıxmışdı.

Xatırlatma

Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.

DTX əməkdaşlarının 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Onlara qarşı CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar özlərini qismən təqsirli bilirlər. Hələlik məhkəmədə dindirilməyiblər. Bildiriblər ki, şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib.

XS
SM
MD
LG