Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:53

Məhkəmə qərar verdi: nazirin qardaşı gəlməlidir


Müdafiə sənayesi naziri Yavər Camalov
Müdafiə sənayesi naziri Yavər Camalov

Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyevin işinə baxılır. Nazirin qardaşı bu cinayət işində zərərçəkmiş qismində tanınsa da, məhkəməyə gəlməkdən imtina edir.

İyunun 21-də keçirilən məhkəmədə Ə.Camalovun nümayəndəsi onun ərizəsini hakimlərə təqdim edib. Camalov ərizəsində yazıb ki, hüquqlarını nümayəndəsi olan vəkil İmaməli Əsgərova etibar edib və məhkəmədə bu işə özünün iştirakı olmadan baxılmasını istəyir.

Təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov buna etiraz edib. O, zərərçəkmişin özünün məhkəmədə iştirakının təmin olunmasını tələb edib. Vəkil bu haqda vəsatətini əsaslandırarkən bildirib ki, elə suallar var ki, onlara Ə.Camalovun vəkili cavab verə bilməz, özü iştirak edib, müəyyən məsələlərə aydınlıq gətirməlidir.

Bu cinayət işinə Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə vəkilin vəsatətini təmin edib. Hakim bildirib ki, növbəti məhkəmə iclasında zərərçəkmişin özü iştirak edib ifadə verəcək.

İTTİHAM AKTI

Ardınca prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, S.Nəbiyev Ə.Camalova birgə biznes qurmağı təklif edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən «Brend Elektrik» elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını ona verəcəyini vəd edib. Bu razılaşma əsasında da nazirin qardaşından 2015-ci il noyabrın 3-də 18000 manat, 2016-cı il fevralın 1-də isə 3993 manat pul alıb, qaytarmayıb.

S.Nəbiyev buna görə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

İttiham aktının elanından sonra S.Nəbiyev özünü təqsirli bilmədiyini deyib.

S.Nəbiyevə məhkəmədə ifadə vermək təklif olunanda onun vəkili deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Bu halda, dindirməyə zərərçəkmişdən başlanmalıdır.

Hakim isə israrla təqsirləndirilən şəxsin ifadə verməsini istəyəndə, S.Nəbiyev indiki mərhələdə ifadə verməkdən imtina edib.

Məhkəmə iyunun 23-də davam edəcək.

İSTİNTAQA NƏ DEYİBLƏR

S.Nəbiyev istintaqa ifadəsində deyib ki, Ə.Camalovun pulunu mənimsəmək niyyətində olmayıb, ona verdiyi vədə əməl də edib. İfadəsinə görə, əvvəl götürdüyü 18000 manata görə ona 5000 manat, sonradan aldığı 2500 dollara görə də 1500 dollar pul verib. Amma devalvasiyadan sonra vəziyyəti pisləşib, 2016-ci ilin fevralından tamamilə iflasa uğrayıb. Ona görə də aldığı pulu qaytarmaqda çətinlik çəkib.

Nazirin qardaşı da istintaqa ifadəsində etiraf edib ki, verdiyi pulun müqabilində S.Nəbiyev ona ödənişlər edib:

«18000-i alanda dedi ki, hər ay 4000 manat qazancın 2000 manatını mənə verəcək. Ancaq elə birinci ay dedi ki, işlər yaxşı deyil, 3000 manat qazanıb, ona görə də 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi».

Amma nazirin qardaşı Nəbiyevdən aldığı pulları ona verilən məbləğdən çıxmaq istəmir.

XS
SM
MD
LG