Bakıda söküntü-tikinti bumu yenidən yaşanır. Bir neçə ay əvvəl Alatava-1, Alatava-2 qəsəbələri, indi isə şəhərin mərkəzində "Kubinka" adlanan ərazidə söküntü işləri başlayıb. Sakinlərə ya kompensasiya, ya da yeni tikilən evlərdə mənzil təklif olunur. Sakinlər isə deyir ki, yeni tikililərə etibarları yoxdur.
Bununla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə bütün köhnə binaların sökülməsi və onların yerində çoxmərtəbəli evlərin tikilməsi nəzərdə tutulur.
Amma hələ ötən dövrdən istismarına icazə verilməyən binalar qalıb. Bəzi istismara verilməyən binalarda yaşayış da var.
"Kubinka"da yaşayan Vəfa Əhmədova AzadlıqRadiosuna bildirib ki, bir ay əvvəl tikinti şirkətinin nümayəndələri onlara da gəlib: "Dedilər ki, evimizin istismar müddəti bitib, onu söküb yerində yeni ev tikəcəklər. Dedilər ki, ya bizə ev verəcəklər, ya da pul".
Onun sözlərinə görə, təklif edilən kompensasiyanın məbləği çox azdır: "Bir kvadratmetrə 2000 manat. Pul götürsəm, deməli, şəhərin mərkəzindən kənarda ev almalı olacağam. Yeni tikilidə ev istəmirəm, çünki qorxuram. Yeni binaların keyfiyyətsiz olduğu sirr deyil".
475 binadan 408-nin istismarına icazə verilib
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən "Turan"a bildirilib ki, 2019-cu ilə qədər ölkədə əhalinin məskunlaşdığı, lakin istismarına rəsmi icazə verilməyən 475 bina-kompleks olub: "Bir il ərzində görülən işlər nəticəsində həmin binalardan 408-nin istismarına icazə verildi... 67 binanı istismara vermək mümkün olmayıb. Həmin binalarda tikinti və norma qaydalarını təsdiqləyən sənəd olmayıb, əsas problem isə yanğın təhlükəsizliyi ilə əlaqədardır".
Ekspert nəzarətin güclü olduğunu deyir
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə AzadlıqRadiosuna bildirib ki, qanunvericiliyə görə, bina tikilməzdən əvvəl layihə çəkilir, onun düzgünlüyü yoxlanılır, daha sonra təsdiqlənir. Tikinti şirkəti tikintiyə başladığı zaman bünövrədən tutmuş, dam örtüyünə qədər hər mərtəbədə FHN-nin nümayəndələri orada istifadə olunan betonun keyfiyyətini, markasını, armaturun qalınlığını və digər məqamları yoxlayır, daha sonra növbəti mərtəbənin tikintisinə icazə verilir.
Ekspertin sözlərinə görə, binalar bir-birinə yaxın tikilə, binaların sənədləşməsində yubanma ola bilər, amma keyfiyyətə nəzarət güclüdür: "Azərbaycanda yaşayış olan, amma istismara verilməyən binalar da az deyil. Məsələn, bəzi binalara qaz verilməməsinə baxmayaraq, insanlar uzun müddətdir orada məskunlaşıblar. Əksər hallarda tikinti şirkətləri tikinti zamanı nöqsanlara yol verdiyinə görə aidiyyəti qurumlar bunları təhvil almır".
Fərzəliyevin fikrincə, problem ondadır ki, Azərbaycanda daşınmaz əmlak sahəsində pərakəndəlik hökm sürür: "Sənədi verən bir, icazə verən başqa, tikintiyə nəzarət edən üçüncü qurumdur. Bunlar bir-birinə bağlı olmayan dövlət qurumlarıdır. Qanun dəyişikliyi olmalıdır, tikinti agentliyi yaranmalıdır ki, bu sahəyə aidiyyəti olan məsələlər orada birləşsin, vətəndaş da bir problem yarananda həmin quruma getsin. Hazırda boşluqlar həddindən artıq çox olduğuna görə problemlər də boşluqlar qədər çoxdur".