Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:12

Yerevanda Qarabağın Rusiyaya ilhaqına çağıran vərəqələri kim yayıb?


Ermənistanda TIR sürücüləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Ermənistanda TIR sürücüləri etiraz edir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, paytaxt Yerevanın küçələrində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” işarəli vərəqələr yayılıb.

Dirək və ağaclara yapışdırılmış ermənicə vərəqələrdə keçmiş SSRİ-də bəzi ərazilərin Rusiyaya ilhaq olunmasına çağırış edilir.

Bu barədə məlumatlar və fotolar sosial media şəbəkələrində yayılıb.

Vərəqələrdəki şüarlarda deyilir:

“Krım – Rusiyadır. Donetsk – Rusiyadır. Luhansk – Rusiyadır. Mariupol Rusiyadır. Zaporojye Rusiyadır. Xerson Rusiyadır. Tiraspol Rusiyadır. Sxinval Rusiyadır. Şimali Qazaxıstan Rusiya olacaq. Artsax (Qarabağ-red) qoy Rusiya olsun”.

Azatutyun yazır ki, bu vərəqələr Moskvanın Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirmək planları barədə xəbələrlə eyni vaxtda yayılıb.

Koçaryan blokunun emblemi

Sosial media istifadəçiləri vərəqələrin yüksək poliqrafik keyfiyyətlə və dizaynla işlənməsinə diqqət yetirirlər.

Vərəqələrin dizaynı Vahid Rusiya partiyasının təbliğat materiallarının tərtibatına bənzəyir.

Bu da maraqlıdır ki, vərəqələrdə Ermənistanda keçmiş prezident Robert Koçaryanın müxalif parlament fraksiyası - Hayastanın emblemi çap olunub.

Azatutyun yazır ki, Hayastan bloku bu vərəqələrlə hər hansı bağlılığına dair iddiaları rədd edib, bunu təxribat adlandırıb və baş nazir Nikol Paşinyanın tərəfdarlarını günahlandırıb.

Koçaryan Kremlə yaxın siyasətçi hesab olunur. Onun tənqidçiləri düşünürlər ki, Yerevanda bu vərəqələrin yayılması rusiyayönlü qüvvələrin Koçaryana dəstəyinin nümayişidir.

Öz növbəsində rusiyayönlü fəallar və blogerlər hadisəni Ukrayna xüsusi xidmətlərinin əməli hesab edirlər.

Şahidlər diqqəti belə bir məqama çəkirlər ki, vərəqələr Yerevanın mərkəzində yapışdırılıb, halbuki Surmalu ticarət mərkəzindəki partlayışdan sonra bu küçələr polis tərəfindən ciddi mühafizə olunur.

Müxalifət ittihamları rədd edir

Hayastan parlament fraksiyasından deputat Geğam Manukyan hadisəni təxribat təbliğatı adlandırıb:

“Təşkilatçılıq, çap keyfiyyəti, Hayastan blokunun rəmzindən istifadə olunması – bütün bunlar bunun çox yaxşı təşkil olunmuş təxribat, Hayastan blokuna qarşı təxribat və müxalifətə qarşı təxribat olduğunu göstərir”.

Manukyan bildirib ki, vərəqələrin müəllifləri müxalifəti təxribata çəkməyə çalışıblar:

“Hansısa cəfəngiyyat yazılıb orda. Zənnimcə bu, Ermənistanın daxili siyasi həyatında, Rusiya Fedearsiyasına münasibətlə, Rusiya sülhməramlılarına münasibətlə bağlı təxribat törətmək cəhdidir”.

Manukyanın fikrincə bu təxribat məhz müxalifəti “əsas gündəlikdən yayındırmaq və hədəfləmək” üçün törədilib.

Azatutyun yazır ki, hələlik nə rəsmi Yerevan, nə də Ermənistan müxalifəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı rəsmi bəyanat verməyiblər.

Polis orqanlarından Azatutyuna bildiriblər ki, sözü gedən vərəqələrlə bağlı heç bir məlumat daxil olmayıb və heç bir iş aparılmır.

XS
SM
MD
LG