Hökumət uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsini açıqlayıb. Nəzərdə tutulan işlərin reallaşdırılmasından ötrü 900 milyon manatdan çox yatırım tələb olunur.
Maliyyələşmə dövlət büdcəsi və büdcədənkənar fondlar, eləcə də Sahibkarlığa Kömək Milli Fondunun və digər investisiya təşkilatlarının vəsaitləri hesabına təşkil edilməlidir.
Təbii ki, aktual məsələ aztəminatlı ailələrin necə mənzil sahibinə çevrilməsidir. Milli Məclisin üzvü Vahid Əhmədov AzadlıqRadiosu-na müsahibəsində bu barədə danışıb.
Buna da bax: Daha bir 'yol xəritəsi': uyğun qiymətə mənzil
- Cənab Əhmədov, sizcə, nə dərəcədə real layihədən söhbət gedir?
- Bu məsələ çoxdan gündəmdəydi. Biz də Milli Məclisdə bir neçə dəfə təklif etmişdik ki, dövlət mənzil proqramı qəbul olunsun. Azərbaycanda mənzilə ehtiyac böyükdür, amma aztəminatlıların mənzil almaq imkanı yoxdur. Hətta orta təbəqənin nümayəndələri mənzil ala bilmirlər. Ona görə də, sosial evlər layihəsi gündəmə gəldi. Sosial evlərin tikintisinə də başlanılıb. O ki qaldı Strateji Yol Xəritəsinə, bu çox ciddi məsələdir. Yenə deyirəm, əhalinin mənzilə ehtiyacı var, yalnız böyük şəhərlərdə yox, regionlarda da. Aztəminatlı ailələrə uyğun qiymətlərə evlər tikiləcək. Bu, real layihədir və artıq təsdiqlənib. Cənab prezidentin sərəncamı da var. Təxmin edirəm ki, 2018-ci ildən başlayaraq artıq bu evlərdən istifadə ediləcək.
- Amma böhran dönəmində hökumət buna maliyyəni hansı qaynaqdan tapacaq?
- Prezident, bir ilk olaraq, Yasamal rayonunda sosial evlərin tikintisinə 10 milyon manat ayırdı. Gələcəkdə belə evlər həm dövlət vəsaiti hesabına tikiləcək, həm də, ola bilər, biznes qurumlarının. Bütün dünyada, xüsusən Türkiyə və Almaniyada bu təcrübədən geniş istifadə edilir, yəni uyğun qiymətə mənzillər tikilir. Azərbaycan inkişaf etdikcə, yəqin bu layihələr də geniş vüsət alacaq.
Buna da bax: Aztəminatlılar icbari tibbi sığorta ödənişindən azad olunur
- Sizcə, “uyğun qiymət” deyərkən, nə nəzərdə tutulur. Başqa sözlə, nə qədər maaş alan vətəndaş belə mənzilə sahib olmaq planını qura bilər?
- Uyğun qiymət deyəndə... Sosial evlər, hələlik, tikilir. Bunun qiyməti də, indilik, dəqiq müəyyənləşdirilməyib. Biz təklif etmişik ki, vətəndaş ayda 100 manat ödəməklə, 25-30 ilə həmin evə sahib olsun... Tutalım, 400 manat maaşı varsa, ayda 100 manat və ya 150 manat ödəməklə mənzilə girib yaşasın. 25-30 ilə də həmin vəsaiti ödəsin. Ümumiyyətlə, uyğun qiymətə mənzillər o adamlar üçün nəzərdə tutulub ki, mənzil almaq imkanları yoxdur.
- Belə çıxır ki, bu mənzillərin sahəsi də kiçik olacaq?
- O layihələrdə, hələlik, birotaqlı, ikiotaqlı, üçotaqlı mənzillərin tikilməsi nəzərdə tutulub. Bunların da sahəsi 50-60 kvadratmetr olacaq. Ola bilər, getdikcə sahə artırılsın. Vəziyyət həmişə belə olmayacaq ki... Vaxt vardı vəziyyətimiz indikindən də yaxşıydı. Amma neftin qiymətinin aşağı düşməsi, qeyri-neft sektorunun inkişafında problemlərin olması vəziyyəti bir qədər çətinləşdirdi. Yəqin, tədricən bu problemlər öz həllini tapar.
Buna da bax: Aztəminatlıların sayı çoxalır - bu dəfə hökumət deyir...
- Gözləmək olarmı ki, növbəti beş ildə aztəminatlı ailələrin müəyyən hissəsinin mənzillə təmin olunmasını gözləmək nə dərəcədə realdır?
- Mən demişəm, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş müddəaları yerinə yetirsək (bir tək tikinti sektoru deyil ki, orda qeyri-neft sektorunun inkişafı və s. var), onları vaxtında gerçəkləşdirsək, sosial evlər layihəsində heç bir problem olmayacaq.
- Amma yerinə yetirilməsə, deməli, bu layihə də kağız üzərində qalacaq?
- İnanmıram bu layihə kağız üzərində qalsın, çünki proses onu göstərir ki, bu layihəyə ciddi nəzarət ediləcək.
Buna da bax: 30 min nəfər köçürüləcək
- Layihəyə şübhəylə yanaşan ekspertlər də az deyil...
- Vallah, mən gedən prosesi görürəm. Bu layihəni reallaşdıracaq dövlət qurumuyla da əlaqəm var, ora yeni rəhbər təyin etdilər, savadlı adamdır. Bunlar problemi həll etməyə çalışırlar. Tikinti üçün yerlər ayrılır. Bilirsiniz, mənzil problemi Azərbaycanda çox böyükdür. İnsanlar mənzil ala bilmirlər. Sovet vaxtından beləydi, insanlar illərlə növbələrdə gözləyirdi, ev ala bilmirdi. İndi müstəqil dövlət kimi insanların mənzil probleminin həlli lazımdır. Bu, həm də iş yeridir. Ona görə də bu sahəyə daha çox diqqət yetirmək lazımdır.