Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:56

'Bu kəndlərdən sürətlə köç başlayıb'


Azərbaycanda kənd yolu (arxiv fotosu)
Azərbaycanda kənd yolu (arxiv fotosu)

"Qarabağın kəndlərini erməni, rus boşaltdı, bu tərəflərin adamlarını da yolla, qazla, işıqla qəsdən cana doyurub kənddən uzaq salırlar".

Bunu "Qaynar xətt"ə biləsərli Mahmud kişi deyir.

“UAZ XƏSTƏNİ O DÜNYALIQ ELƏYİR”

Lənkəranın mərkəzindən təqribən 40 kilometr aralıdakı Biləsər, Vıy və daha iki kəndə aparan yol həmin kəndlərdə yaşayanları tez-tez çıxılmaz duruma salır. Biləsərli Mahmud Şükürovun sözlərinə görə, kənddə sancısı, ağrısı tutanı rayon mərkəzinə çatdıra bilmirlər:

Buna da bax:​ Susuz Xaşaxuna bağları

"Dörd kəndi əhatə edən Biləsər bələdiyyəsində ümumilikdə qeydiyyatda 2 minə yaxın insan var. Ancaq gəlin kənd-kənd gəzin, adamları toplayın bir yerə, görün o rəqəmin yarısı əmələ gəlir? Çoxu kəndləri tərk edib. Birinin ürəyi tutanda UAZ-a mindirib Lənkərana aparmaq istəyirik. Yoldaca keçinir, qaytarıb evinə gətiririk. UAZ əyri, çala-çuxur, qrunt yollarda xəstəni atıb tutduqca, mərkəzə çatanadək o dünyalıq eləyir".

Sakinlərin deməsinə görə, bu kəndlərdən sürətlə köç başlayıb. Kəndlilər, əsasən, yol probleminə görə buralardan qaçır.

Buna da bax: 'Qarqarçayın dəliliyi tutub'

Vıy kəndinin sakini Saleh Əmirli:

"Dağətəyi kəndlər olduğundan havası təmiz, təbiəti gözəldir. Deyə bilərsiz ki, belə gözəl təbiəti necə atıb getmək olar?... Adam sosial problemlərdən cana doyanda gözünü heç bir təbiət gözəlliyi tutmur. Əsasən, qışda əzab-əziyyətimiz yerə-göyə sığmır. Qar, yağış yağanda vəziyyət daha acınacaqlı olur. Bir də görürsən günlərlə kənddən çıxa bilmirik, ərzaq, çörək gətirmirlər. Yağışda qrunt yollar sürüşkən olduğundan qəzalar, ölüm-itim çoxalır".

“MADDİ VƏSAİT YOXDUR”

Kəndlərdə hamının torpaq sahəsi var. Ancaq heç kəs kənd təsərrüfatı ilə məşğul ola bilmir. Səbəbi yenə yolsuzluqdur. Kənd təsərrüfatı texnikaları nə şum, nə əkin, nə də məhsul yığımı mövsümündə bu kəndlərə hərlənmir. Yüngül minik avtomobilləri isə bu yolla bircə dəfə hərəkət etdilərsə, maşını mütləq ustaya aparmalıdılar.

Buna da bax:​ Bələdiyyə evi dağılana: 'Gözlə, gedim vergi yığım, gəlirəm'

Lənkəran şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, dörd ucqar kəndə aparan həmin yolla bağlı layihə var. Maliyyə məsələləri həllini tapan kimi yollar təmir olunacaq:

"Ara-sıra yerli bələdiyyə o yollara diqqət göstərir. Əsaslı təmir, yeni yolun salınması geniş və yetərincə vəsait tələb edən layihədir. Hələlik, belə bir layihənin gerçəkləşməsinə maddi vəsait yoxdur".

Qurumdan bildirilib ki, kəndlilər yol baxımından əziyyət çəksələr də, ərzaq təminatı və başqa məsələlərdə problem olmur.

XS
SM
MD
LG