Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:30

Ələsgər kəndində yol yoxdur, çaydan yol kimi istifadə edirlər


Arxiv fotosu
Arxiv fotosu

"Kənddən keçən çayı kimisi piyada, kimisi maşınla keçir. Yaz-payız fəsillərində çayın suyu artır, insan həyatı üçün təhlükəyə çevrilir. Bununla belə, biz yenə o təhlükəni adlayıb o taya keçməli oluruq. Qışda çay buz bağlayır, işimiz yüngülləşir, buzdan keçirik, yayda isə su azaldığından həyatımıza təhlükə də azalır".

Zaqatalanın Ələsgərli kəndinin sakinləri kənddən keçən axar çaydan həm də yol kimi istifadə edirlər. Onlar mərkəzə çatmaq üçün hər gün ətəklərini çırmalayıb çaya girirlər, çayın o üzünə keçib yollarına davam etməlidilər. Səbəb də odur ki, kəndin yolu yoxdur. Hətta bu çaydan günaşırı keçib kəndə gələn sərnişin avtobusu da görmək mümkündür.

Buna da bax:​ Xəstə gözünü açıb ki, xəstəxanada yox, polis bölməsi qarşısındadır...

“HƏYATLA HALALLAŞIB SUYA GİRİRLƏR”

Kənd sakini Əfqan Sarıyev:

"Hər gün çayı keçirik, gedirik, ərzağımızı, dərmanımızı alırıq, qayıdırıq. Çayın suyu artanda insanlar həyatla halallaşıb suya girirlər, o taya keçirlər. Bir də baxırsan ki, maşını adamqarışıq çay apardı... O qədər ölüm-itim olur bu çayda..."

Kəndlilər çayın kənarına bənd tikilməsini, o tayına keçmək üçünsə körpü salınmasını istəyirlər.

Kənd sakinlərini kənddəki başqa sosial problemlər də sıxır.

Buna da bax:​ Şağanda su pulunu ‘alman hesabı’yla ödəyənlər

Çayın bəndi olmadığından tez-tez kəndi basan su onların əkin və mal-qara sahələrini yararsız vəziyyətə salıb. Kənddə işıq, odun, su problemi, tibb məntəqəsinin, uşaq bağçasının olmaması burada yaşayanları üzür. Aygül İbrahimova:

"Uşaqları qonşu kəndlərdəki bağçaya aparmaq üçün hər səhər çaydan keçmək lazımdır. Ona görə də uşaqlarımız bağçaya getmir. Səhər biri çıxır evdən işə getməyə, az sonra xəbər gəlir ki, adamı çay apardı. Zülmdəyik, gəl ki, bizi bu zülmdən xilas edən yoxdur".

“ÇAYIN KƏNARI BƏNDLƏNƏCƏK”

Sakinlər vaxtilə zəlzələnin zərər vurduğu evlərə komissiya baxışı keçirildiyini, amma indiyədək kənddə bircə evdə də iş aparılmadığını deyirlər. Səbəb kimi isə yolun uzaqlığı, gediş-gəlişin çətinliyi göstərilir.

Buna da bax:​ Evləri sökülənlər: 'Kompensasiya istəmirik, ev versinlər'

"Regionların Sosial-İqtisadi İnkişafına dair" Dövlət Proqramı çərçivəsində 2013-cü ildə Ələsgər kəndinə yeni su və qaz xəttinin çəkilişi nəzərdə tutulsa da, 2017-ci il olmasına baxmayaraq, kənddə daş üstə daş qoyulmayıb. Həmin proqrama kənd yolunun bir hissəsinin də bərpası salınıb. Lakin kəndlilər hələ də çaydan gedib gəlir.

Zaqatala rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlərdən keçən çayboyu bəndlər tikilməkdədir. Yaxın vaxtlarda Ələsgərlidə də çayın kənarı bəndlənəcək. Yola gəlincə, kənddən şəhər istiqamətinə getməyə yol var, sadəcə, həmin yol təmir-bərpa olunmalıdır. Yaxın vaxtlarda yol bərpa olunacaq və kəndlilərin həyatlarını təhlükəyə atmalarına lüzum qalmayacaq.

XS
SM
MD
LG