"1500-dən çox ağac kəsilib. Bunlara "dur" deyən olmasa, Zaqatalanın yaşıllığı tamamilə məhv olub gedəcək".
Zaqatalanın Muxax kənd sakinləri AzadlıqRadiosu-na kənd ərazisinə düşən meşə zolağındakı ağacların kəsildiyini deyirlər.
Buna da bax: 'Bakının oksigenini kəsirlər'
1500 AĞAC KƏSİLİB
Sakinlərin sözlərinə görə, rayonun ümumi ərazisinin 37,8 faizdən çoxu, təqribən 51 min hektarı meşə zolaqlarıdır. Meşələrdə qiymətli ağac növləri, o cümlədən şabalıd, qoz, Eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağac, qarağac və sair ağac növləri var. Bu ağaclar ayrı-ayrı adamların maddi marağı ucbatından məhv edilir. Kənd sakini İkram Ramazanov deyir, son vaxtlarda Muxaxın ərazisinə düşən meşə zolağından azı 1500 ağac kəsilib:
"Muxax kənd bələdiyyəsi ərazisinə düşən "selbasan" adlı yerdə meşə zolağı məhv edilib. Təqribən 1 kilometrlik uzunluqda, 40 metr enliyində olan meşə zolağındakı akasiya və başqa ağaclar kökündən çıxarılıb, bir hissəsi satılıb, bir hissəsi özlərinə qalıb. Meşə zolağının böyründəki ərazidə isə daha irigövdəli və çoxəsrlik ağaclar məhv edilib. İcra hakimiyyətinə müraciət etmişik, heç bir nəticə olmadı. Əksinə, rəsmi qurumlar bu əməlləri ört-basdır etməklə məşğuldurlar".
Buna da bax: 'Ağackəsənlər Mir Cəlal Paşayev küçəsində...'
“PREZİDENT GƏLSİN, GÖRSÜN”
Kənd sakini Əli Gəncəliyev deyir, işin adını fındıq bağlarını təmizləmək qoysalar da, əslində, ağacları kəsirlər:
"Yerli bələdiyyə və məmurlar meşə zolağından qazanc mənbəyi kimi istifadə edirlər. Bəhanələri də odur ki, guya fındıq bağlarını təmizləyirlər. Əslində isə kol-kos qalıb kənarda, ağacları qırıb satmaqla məşğuldurlar. Utanmazlar, üstəlik də bu əməllərində prezidentin adından sui-istifadə edirlər. Deyirlər, prezident özü göstəriş verib ki, fındıqçılıq təsərrüfatı gücləndirilsin. Axı bunlar təsərrüfat gücləndirmək adı altında ağacları qırıb satırlar. Prezident gəlsin, görsün, burda fındıq bağları təmizlənir, yoxsa meşə zolaqları məhv edilir?"
Buna da bax: Astara sakini: «Pul məmurların gözlərini tutub»
Sakinlərin deməsinə görə, rayonun meşə təsərrüfatının Car, Tala və Muxax meşəliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla, 30 min hektar ərazidə durum acınacaqlıdır. Səbəbsə geniş bir şəbəkənin meşələrdəki ağaclardan varlanmaq məqsədilə istifadə etməsidir. Həmin şəbəkə tərəfindən yerli taxta sexlərinə davamlı olaraq, palıd ağacları, kəsilməsi qadağan olunan fıstıq, cökə, görüş və digər ağac növləri kəsilib daşınır. Zaqatala meşələrindəki ağacların bir qismi həmçinin Bakıdakı və Sumqayıt ətrafındakı müxtəlif taxta emalı, parket, taxta qurutma sexlərinə göndərilir.
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLİR, SONRA BURAXILIRLAR
Sakinlər iddia edirlər ki, bu işlə uzun illərdir məşğul olan ayrı-ayrı şəxslər müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunsalar da, sonradan sərbəst buraxılır və fəaliyyətlərini daha geniş şəkildə davam etdirirlər.
Buna da bax: Yeni Günəşlidə "keçəl qız" əməliyyatı- [Fotolar]
Muxaxlılar isə bu işdə birbaşa Muxax bələdiyyəsini təqsirləndirirlər. Onlar bildirirlər ki, məhv edilən zolaq məhz bələdiyyənin təsərrüfatına aiddir.
AzadlıqRadiosu həm Muxax bələdiyyəsindən, həm də rayonun Meşələrin Bərpası və Mühafizəsi İdarəsindən məsələyə münasibət öyrənməyə cəhd etsə də, alınmayıb. Zaqatala rayon icra hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, sakinlər Muxaxdakı meşə zolağının məhviylə bağlı quruma məktubla müraciət ediblər. Lakin qurum bu məsələni araşdırmaq səlahiyyətində deyil: "Hüquq-mühafizə orqanları var, araşdıran qurumlar var, polis var. Müraciət etsinlər, faktları təqdim etsinlər, araşdırılsın".
Buna da bax: Yaşıllıqların məhvinə görə cərimələr artırıldı
Qurumdan bildirilib ki, prezidentin fındıqçılıq təsərrüfatının inkişafıyla bağlı tapşırıqlarından irəli gələn işlərdən biri kimi, Zaqatalada fındıq təsərrüfatı genişləndirilir, meşə zolaqlarındakı boş sahələrində fındıq lingləri əkilir.