Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:32

'Quru sərhədlərin bağlı saxlandığı vaxtda dəhliz söhbəti bir az gülüncdür'


Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər

Azərbaycan rəsmiləri ölkənin əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyi və Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən "Zəngəzur dəhlizi" məsələsində israr edir. Bəzi ekspertlərin fikrincə, bu məsələ Azərbaycan və Ermənistan arasında gərginliyi bir az da artırır. Rəsmilər isə bildirir ki, bu, çox əhəmiyyətlidir, çünki Azərbaycanın digər ərazilərindən Naxçıvana və Türkiyəyə quru yolla gediş-gəlişə imkan verəcək.

Lakin bu il iyulun 1-dən Naxçıvanla Türkiyə arasında quru sərhəd bağlıdır. Üstəlik, 2020-ci ilin əvvəlində koronavirusla bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb və hələ də məhdudiyyətlər aradan qaldırılmayıb. İndi sosial şəbəkələrdə bəzən belə suallara rast gəlinir: "Quru sərhədləri bağlı Azərbaycanın bu dəhliz nəyinə lazımdır?".

F.Mustafa
F.Mustafa

"Quru sərhədlər istənilən vaxt açıla bilər"

Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, quru sərhədlər istənilən vaxt açıla bilər: "Bu, pandemiya ilə bağlı alınan qərardır. Bunun dəhliz məsələsinə aidiyyəti yoxdur".

Deputat qeyd edib ki, bu, altında üç dövlət rəhbərlərin imzası olan bir sənəddən irəli gələn məsələdir: "Bu sənəddə Azərbaycan öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirib, Ermənistan isə yerinə yetirməyib".

Onun fikrincə, Rusiya da bu istiqamətdə konkret addımlar atmalıdır: "Rusiya da öz üzərinə müəyyən bir məsuliyyət götürüb və bu məsələdə problemin həllinə bilavasitə cavabdehdir".

"...Problem Laçın dəhlizində yaranacaq"

Deputatın sözlərinə görə, Azərbaycan Laçın dəhlizi istiqamətində öz üzərinə düşəni edib və indi də qarşı tərəfi gözləyir: "Etməsə, Ermənistan üçün problem Laçın dəhlizində yaranacaq".

Ə.Oruclu
Ə.Oruclu

"İsrarla əhaliyə sırımağa çalışır ki…"

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, "Zəngəzur dəhlizi" adlandırılan yolun Azərbaycan-Türkiyə əlaqələri üçün əhəmiyyəti var, amma onun əsas faydası Rusiya üçündür: "Çox təəssüf ki, bu, Azərbaycan əhalisinə yanlış şəkildə çatdırılır. İlk növbədə Rusiyaya bağlı ekspertlər, Rusiyanın hakimiyyətdəki tərəfdarlarının nəzarətində olan media israrla əhaliyə sırımağa çalışır ki, guya, bu Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bəli, Azərbaycan üçün əhəmiyyət kəsb edir, amma ilk növbədə bu, "Şimal-Cənub" dəhlizinin bir hissəsi kimi Rusiya üçün vacibdir".

Ekspert vurğulayır ki, "Şimal-Cənub" dəhlizinin başlıca vəzifələrindən biri Rusiyanın müxtəlif istiqamətlərdən Yaxın Şərqə çıxışını təmin etməkdir: "Burada Azərbaycan, Türkiyə və Rusiyanın maraqları qismən üst-üstə düşür. Amma əsas Rusiyanın istəyi ilə bu dəhliz məsələsi qabardılır. Bununla həm də Ermənistana təzyiq edilir ki, sülh müqaviləsini tez imzalasın".

Zəngəzur dəhlizi Çinə sərf edirmi?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Ə.Oruclunun sözlərinə görə, ABŞ, Avropa İttifaqı bir dəfə də olsun həmin məsələnin vacibliyindən danışmayıb: "Elə buradan görünür ki, bu dəhliz kimə lazımdır. Ona görə də Azərbaycanın Türkiyə ilə quru sərhədlərini bağlı saxladığı bir vaxtda israrla dəhliz söhbəti etməsi bir az gülüncdür".

Ermənistanın mövqeyi…

Ermənistan Baş naziri Nikol Paşinyan isə dəfələrlə deyib ki, ölkəsi öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşuları, o cümlədən Azərbaycan üçün kommunikasiyaları açmağa hazırdır.

Ermənistan rəsmiləri habelə vurğulayırlar ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda da Ermənistan ərazisindən keçməli olan yol dəhliz kimi təqdim edilmir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG