Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:43

Çinin Macarıstanda seçki məsələsinə çevrilməsi


Nümayişçilər Budapeştdə Çinin Fudan Universitetinin kampusunun tikintisi planlarına etiraz edirlər. 5 iyun 2021
Nümayişçilər Budapeştdə Çinin Fudan Universitetinin kampusunun tikintisi planlarına etiraz edirlər. 5 iyun 2021

Macarıstanda baş nazir Viktor Orbanın bir Çin universiteti ilə bağlı layihəsi ciddi siyasi məsələyə çevrilib. Üstəlik, 2022-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində.

Ziddiyyət hökumətin paytaxt Budapeştdə Şanxaydakı Fudan Universitetinin filial kampusunu tikmək planları ilə bağlıdır. Layihənin 1.9 milyard dollara başa gələcəyi deyilir. Sızan sənədlərdən belə məlum olur ki, hökumət layihəni 2024-cü ilədək bitirmək üçün bir Çin bankından 1.5 milyard dollarlıq kredit götürməyi, üstəlik, çinli podratçılara müraciət etməyi planlaşdırır.

Bu planlar Macarıstan müxalifətini özündən çıxarıb. Müxalifət gələn il Orbana qarşı vahid namizədlə mübarizə aparmağı planlaşdırır.

Ərazinin ətrafındakı küçələrin adları

Kampus tikintisi planı ətrafında silsilə media araşdırmalarından sonra plana qarşı olan Budapeşt meri Qerqey Karaçon bəyan edib ki, layihənin tikiləcəyi ərazinin ətrafındakı küçələrə "Azad Honqkonq", "Dalay Lama", "Uyğur şəhidləri" kimi adlar veriləcək. Bu adlar Çində insan hüquqları ilə bağlı ən həssas məsələləri qabardır. Yeri gəlmişkən, seçkilərdə müxalifətin Orbana qarşı çıxaracağı vahid namizədi elə mer Karaçondur.

İyunun 2-də fəallar uyğur şəhidlərinin şərəfinə adlandırılmış küçədə Tibet bayrağı qaldırıblar. Bunun ardınca iyunun 5-də Budapeştdə minlərlə insan küçələrə çıxaraq universitet tikintisi planına etiraz edib. Maraqlıdır ki, universitet kampusunun tikiləcəyi ərazidə daha əvvəl macar tələbələri üçün ucuz yataqxanaların tikilməsi planlaşdırılırdı.

Mer Qerqey Karaçon Budapeştdə Fudan Universitetinin kampusu planlarına etiraz edən nümayişçilər qarşısında çıxış edir.
Mer Qerqey Karaçon Budapeştdə Fudan Universitetinin kampusu planlarına etiraz edən nümayişçilər qarşısında çıxış edir.

Orbanın qərargah rəisi Qerqey Qulyaş etirazlardan sonra çıxış edərək bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini, tikinti planlarının 2023-cü ilədək ictimai müzakirəyə hazır olacağını deyib. İyunun 10-da Orban məsələnin referenduma çıxarılacağını təsdiq edib.

"Bu, siyasi məsələyə çevrilib və biz hamı üçün ən uyğun qərarı qəbul etməliyik", – Orban deyib.

Müxalifət hakim partiya ilə ayaqlaşır

Müxalifət partiyaları, nəhayət ki, Orbanın Fides Partiyasına qarşı birləşiblər. Görünür, bu, 2010-cu ildən bəri üç seçkini rahatlıqla udmuş Orban üçün ilk rəqabətli seçki olacaq. Artıq sorğularda müxalifətin Fides ilə ayaqlaşa bildiyi görünür. Müxalifət qarşıdakı uzun seçki kampaniyasına Fudan Universiteti ilə bağlı planları hədəfə almaqla başlamaq niyyətindədir.

"Biz Çin xalqına qarşı deyil, Macarıstanın suverenliyinin altdan satılmasına qarşı etiraz etmişik", - Karaçon deyib.

Aparılan sorğu və təhlillər əhalinin xarici siyasət məsələləri ilə çox da yaxından maraqlanmadığını göstərir. Ancaq Macarıstan müxalifəti Orbanın Pekinlə münasibətləri və Fudan Universiteti layihəsinin detallarının mübarizədə faydalı olacağını düşünür.

Macarıstanın Baş naziri Viktor Orban Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələrinin sammitində.
Macarıstanın Baş naziri Viktor Orban Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələrinin sammitində.

"Çinin özü bir problem kimi məhdud potensiala malikdir. Ancaq bu, şəffaflıq və hazırkı hökumətin iliyinə işləyən korrupsiya ilə əlaqəli olduğu üçün böyüyə bilər", – Mərkəzi Avropa Universitetindən tədqiqatçı Qabor Toka AzadlıqRadiosuna (RFE/RL) deyib.

Macarıstan aprelin 27-də Fudan Universiteti ilə strateji müqavilə imzalayıb. Müqaviləyə görə, üç ildən sonra Budapeştdə universitetin kampusu açılmalıdır.

"Onu xalqa satmaq çətindir"

Plan həyata keçərsə, bu, Avropa Birliyində ilk Çin universiteti və Şanxayda yerləşən bu nüfuzlu mərkəzin ilk xarici filialı olacaq. Macarıstan hökuməti bu addımın ölkədə ali təhsil standartlarını yüksəldəcəyini deyir.

Ancaq, görünür, layihə seçicilər arasında populyar deyil. Liberal beyin mərkəzi olan Republikon İnstitutunun keçirdiyi sorğuya görə, macarların 2/3-yə qədəri universitet tikintisi layihəsini dəstəkləmir. Eyni sorğu həmçinin, Orban seçicilərinin 1/3-nin layihəyə qarşı olduğunu üzə çıxarıb.

"Fudan çox pis sövdələşmədir və onu xalqa satmaq çətindir", – seçkilərlə bağlı sorğu və datanın monitorinqi ilə məşğul olan Toka deyib.

Budapeştdəki "Direkt36" mərkəzinin apardığı jurnalist araşdırması nəticəsində kampus planlarının hələ 2019-cu ildən mövcud olduğu üzə çıxıb. Hətta Çin Xarici işlər naziri Van İ macar siyasətçilərinə bu layihənin Pekin üçün əsas prioritet olduğunu da deyibmiş.

XS
SM
MD
LG