«Vallah camaatın vəziyyəti pisdir. Kasıb ailələr batıb. Bayramqabağı yenə hər şey bahalaşıb. Hamı deyir, fitrə verin, fitrə verin. Ancaq əhalinin elə 70 faizinə fitrə düşür. Camaatın malını-mülkünü yeyib-dağıdan məmurlar qalan 70 faiz əhaliyə fitrə verməlidir…»
Bunu «Təzə bazar»a bayram alış-verişinə gələn bir paytaxt sakini deyir.
Ramazan bayramına cəmi bir gün qalsa da, bazarın qarşısı qələbəlik deyil. Kimi bunu havaların yağmurlu keçməsi, kimi də əhalinin güzəranının aşağı olması ilə izah edir.
Alıcıların sözlərinə görə, hər bayram ərəfəsində olduğu kimi, bu dəfə də qiymətlər yenidən artıb:
- Qoyun ətini 7 manat 60 qəpiyə dedilər. Bayramdan 2-3 gün əvvəl 7 manata idi. Mən Maştağa kəndindənəm. Orada qoyun ətini 5-6 manata almaq olurdu. Bazara gəlməmiş zəng vurmuşam Maştağaya, deyirlər ət orda 8 manata qalxıb. Şabalıdın kiloqramı 5 manata idi. Burada soruşuram 7 manata deyirlər.
Ancaq «Təzə bazar»da tək alıcılar yox, satıcılar da şikayətlənirlər. Onların da şikayətləri alıcı azlığındandır:
- Əhalinin güzəranı pisdir. Mənim özümdən götürün. Burda satıcıyam. Ancaq evə lazım olanların hamısını ala bilirəmmi? Yox.
Ancaq bazarın bahalığı heç də bütün alıcıların əhvalını korlamamışdı. Hər halda onlardan bəziləri qiymətlərə yumor hissi ilə yanaşırdılar:
- Qiymətlər əladır. Bir qədər də bahalaşdırsalar, lap əla olacaq. Neftimiz bir yandan artır axı.
- Qiymətlər əladır. Bir qədər də bahalaşdırsalar, lap əla olacaq. Neftimiz bir yandan artır axı.
«Turan» İnformasiya Agentliyinin əməkdaşı Ramil Əliyev isə deyir ki, hələ Ramazan bayramından əvvəl, sentyabr ayının ilk həftələrində də bir sıra məhsulların qiymətlərində artım baş verib. Onun apardığı monitorinqə görə, əsasən də kənd təsərrüfatı məhsullarının qiyməti təqribən 10 faiz artıb. R.Əliyev bunu soyuqların düşməsi ilə izah edir. O, Azərbaycanda qiymət artımının başlıca səbəbini isə monopoliyalarda görür:
«Azərbaycan bazarlarında rəqabət yoxdur. Ərzaq məhsullarını ölkəyə əsasən eyni şirkətlər, holdinqlər gətirir. Onlar da istədikləri vaxt qiymətləri qaldırırlar».
Azərbaycan hökuməti qiymətlərin qalxmasında başlıca olaraq dünyada gedən ümumi bahalaşmanı göstərir. Ramil Əliyev isə deyir ki, ölkədə bahalaşmanı xarici amillərlə yanaşı daxili amillər də şərtləndirir. Onun fikrincə, inflyasiya da bahalaşmanı şərtləndirən başlıca amillərdəndir.