Oktyabrın 27-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) Daxili İşlər Nazirliyinin (DİN) keçmiş zabiti Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin daha bir üzvü Məmmədəli Əliyevin həbsi haqda xəbər yayıb. 1995-ci ildən axtarışda olan M.Əliyev Abşeron Rayon Polis İdarəsinin sabiq rəisi olub və H.Məmmədova yaxınlığı ilə tanınıb. Xəbərdə bildirilir ki, M.Əliyev 1993-cü ildə Cavanşir Piriyev adlı iş adamını qətlə yetirib.
Vəkil Adil İsmayılov deyir ki, bu dəstənin törətdiyi cinayətlərin üstünün bir-bir açılması Hacı Məmmədovun MTN-in istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməməsinə xidmət edir:
«Hacı Məmmədov bu işin məhkəməsi qurtarandan indiyə qədər MTN-də saxlanılır. Onu saxlamaq üçün bir əsas gərək idi. Faktiki olaraq bu cinayəti Hacı Məmmədovun törədib-törətmədiyini demək çətindir. Ancaq bütün hallarda onun istintaq təcridxanasında saxlanması qanuna ziddir».
Hüquqşünas Eyyub Kərimov isə deyir ki, Məmmədəli Əliyevin indiyə qədər tutulmaması DİN-in yüksək rütbəli şəxslərinin onu himayə etməsi kimi başa düşülməlidir. Onun fikrincə, M.Əliyevin həbs edildiyi Nardaran kəndi DİN-in xüsusi nəzarətində olan ərazidir. Bu səbəbdən DİN-də Məmmədəli Əliyevin burada gizlənməsi haqda informasiyanın olmaması inandırıcı görünmür:
«Bu cinayət Ramil Usubov nazir təyin ediləndən öncə törədilib. Ancaq gün kimi aydındır ki, əməlin üstünün açılmamasında maraqlı tərəf yalnız və yalnız DİN-dir».
Bu ittihamla bağlı Daxili İşlər Nazirliyindən mövqe öyrənmək mümkün olmadı.
Siyasi şərhçi Rauf Mirqədiov isə məsələyə DİN-MTN qarşıdurması prizmasından yanaşılmasını doğru sayır. Onun sözlərinə görə, himayəçiləri hələ də Hacı Məmmədovdan şantaj aləti kimi istifadə edir:
«Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin hamısının üstünün açılmamasında siyasi elitada olan şəxslərdən kimlərinsə marağı var. Hacı Məmmədov özü bildirirdi ki, kimlərinsə sifarişlərini yerinə yetirir. Ancaq o, sona qədər sifarişçilərin adlarını çəkmədi. Əgər indiyə kimi Hacı cəzaçəkmə müəssisəsinə göndərilməyibsə, deməli, onun daha açıq məkana köçürülməsində maraqlı olmayan qüvvələr var».
R.Mirqədirovun fikrincə, Hacı Məmmədov çox informasiyalıdır. Onun cəzaçəkmə müəssisəsinə köçürülməsi isə kənara informasiya ötürməsi və zərərsizləşdirilməsinə səbəb ola bilər.
Rauf Mirqədirov düşünür ki, H.Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin hamısının eyni vaxtda deyil, iqtidar komandası üçün önəmli, qruplaşmalararası gərginliklər artan məqamlarda üzə çıxması deyilənləri sübut edir.