72 yaşlı Sədərək rayon sakini, 1-ci qrup gözdən əlil İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserinə yerləşdirilib. Dispanserdən «Azadlıq» radiosuna deyiblər ki, Hüseynov yanvarın 5-dən xəstəxanaya yerləşdirilib.
Dispanserin baş həkimi Rəşadət Nabatov da İsmayıl Hüseynovun ailəsinə faktı təsdiqləyib. Baş həkim İsmayıl Hüseynovun ailə üzvlərinə onunla yalnız xəstəxanaya yerləşdirilməsindən 9 gün keçəndən sonra görüşə biləcəklərini bildirib.
Yanvarın 5-də Sədərək rayonunun polis əməkdaşları tərəfindən İsmayıl Hüseynov xanımı Xanımzər Hüseynova ilə birlikdə evindən çıxarılaraq Naxçıvanın Daxili İşlər Nazirliyinə (DİN) gətirilib. Bir neçə saatdan sonra Xanımzər Hüseynovanın səhhətində problem olduğuna görə, o, evinə buraxılıb. Həyat yoldaşı isə DİN-də saxlanılıb. Yanvarın 7-i axşam saatlarında məlum olub ki, İsmayıl Hüseynov Muxtar Respublikanın Psixi Xəstəliklər Dispanserinə yerləşdirilib.
Yanvarın 8-də jurnalistlər və ailə üzvləri Psixi Xəstəliklər Dispanserinə gəlsələr də, İsmayıl Hüseynovla görüşə bilməyiblər.
Ötən il dekabrın 26-da Sədərək rayon mərkəzindəki bəzədilimiş küknar ağaclarından birinin işıqlarının kəsilməsində şübhəli bilinən yeddi nəfər gənc polis şöbəsinə aparılıb. Gənclərə təzyiq edilib və onların saçları kəsilib. Bundan sonra, həmin gənclər və valideynləri baş verənlərdən respublikanın müxtəlif orqanlarına şikayətlə müraciət edib. Yanvarın 3-də gənclərin valideynlərinin bir neçəsi polis şöbəsinə çağırılaraq, ərizələrini geri götürmələri tələb edilib. Ərizəsini geri götürməyən Elvin Hüseynovun valideynləri - İsmayıl Hüseynov və Xanımzər Hüseynova isə psixi xəstə adı ilə Naxçıvan DİN-ə aparılıb. Anası Xanımzər Hüseynova yanvarın 5-də buraxılsa da, atası buraxılmayıb.