Nazir Bakı ətrafında – neftlə çirklənmiş Bibiheybət qəsəbəsi ərazisinin də təmizlənərək oranın müasir yaşayış məntəqəsinə çevrilməsi üçün müəyyən ideyaların olduğunu bildirir: «İdeya belədir ki, prezidentin sərəncamı ilə xüsusi fond yaradılsın. Həmin torpaq o fonda verilsin. Ora dünya standartlarına uyğun əsaslı surətdə təmizlənsin. Əvvəl infrastruktur yaradılsın. Sonra da müasir model qurulsun, inkişaf təmin edilsin».
Hüseynqulu Bağırovun verdiyi məlumata görə, rəhbərlik etdiyi nazirlik Xəzərdə vəziyyəti də nəzarətdə saxlayır. Bu yaxınlarda Xəzərdə çirklənməyə görə Hollandiyanın "AA" şirkəti nazirliyin iddiası ilə 200.000 ABŞ dolları məbləğində cərimələnib.
Yaz aylarında Kürün daşması zamanı çayətrafı yaşayış məskənlərində yaranan təhlükəyə gəlincə, cənab Bağırov hesab edir ki, həmin təhlükədən birdəfəlik sığortalanmaq üçün sahildəki yaşayış məntəqələri köçürülməlidir. Yəni həmin ərazi bir növ çaya "bağışlanmalıdır". Bu, həm də orada yeni meşə zolağının yaranmasına imkan verər.