«Son günlər referendumla bağlı imza toplayan müxalifətçilərin həbsləri hakimiyyətin təlaşından irəli gəlir. Hakimiyyət müxalifətin təşkilatlanmasından ciddi narahat olmağa başlayıb».
Bunu «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir.
Yanvarın 22-dən bəzi regionlarda imza toplayan müxalifət fəalları saxlanıb. Müxalifətçiləri narkotik saxlamaqda, sertifikatsız mal satmaqda, seçiciləri aldatmaqda təqsirli biliblər.
İqbal Ağazadənin sözlərinə görə, yerlərdə müxalifət həmişə birliyə üstünlük verib. Elə bu da hakimiyyəti təşvişə salıb. İndisə mərkəzdə birləşmə regionlara da psixoloji üstünlük verib, onlar görünməmiş aktivlik nümayiş etdiriblər. Hakimiyyətsə bu aktivliyi boğmaq istəyir. Ssenari Azərbaycan müxalifətinə tanışdır:
- Ümumi fonda müxtəlif variantlar axtarılır. Birinin cibinə narkotik atılır, biri döyülür, biri cərimələnir, biri iş yerindən çıxarılmaqla hədələnir. Kimə necə təsir etmək mümkündürsə, edirlər, bunun yollarını arayırlar.
Hakim Yeni Azərbaycan Partiyasının funksioneri Səyavuş Novruzov lent.az saytına müsahibəsində deyib ki, müxalifətçilərin həbsiylə bağlı deyilənlərin hamısı bəhanədir:
«Bəhanə ondan ibarətdir ki, imza toplamaq üçün struktur, işləyən insanlar lazımdır. Vətəndaşların, əhalinin onlara gərək dəstəyi olsun ki, imzalarını da versinlər. Bu gün belə bir dəstək olmadığından yerlərdə imza toplaya bilmirlər. Əksinə, yerlərdə aparıb imza vərəqələrini dairə seçki komissiyalarına təhvil veriblər. Bizdə bu barədə dəqiq məlumatlar var. Aparıb təhvil verərək imza toplamaqdan imtina etdiklərini deyirlər. Başqa söz tapmadıqlarından bəhanə kimi deyirlər ki, guya polis birini tutdu, cibinə narkotik maddə qoydu, o birisinə neylədi və sair. Bunlar hamısı bəhanədir, yalan söhbətlərdir».
ABŞ səfirliyindən Terri Devidson isə «Azadlıq» radiosuna deyir ki, müxalifətçilərin həbsi barədə detallı məlumat alandan sonra şərh verə bilərlər. Ümumiyyətlə isə, cənab Devidsona görə, seçki fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır:
«Birləşmiş Ştatlar inanır ki, adamlara qanuni siyasi fəaliyyət göstərməyə imkan verilməlidir, onlar görüşə, imza toplaya bilməlidirlər, seçki fəaliyyətinə məhdudiyyət olmamalıdır».
Avropa Şurasının Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov da «Azadlıq» radiosuna deyib ki, müxalifətçilərin həbsindən məlumatsızdır.
Azərbaycanda keçiriləcək referendumla bağlı onlara dəvət gəlməsə də, ümumilikdə cənab Kuznetsov prezidentlik müddətinin ləğvilə bağlı Konstitusiyaya nəzərdə tutulan dəyişikliyi «qeyri-adi» adlandırır:
«Mənim bildiyimə görə, Avropanın elə bir ölkəsi yoxdur ki, orda prezidentlik müddətinə məhdudiyyət olmasın. Normal olaraq, güclü dövlət başçısı olan Avropa ölkələrində onun yenidən seçilmə şanslarını məhdudlaşdırmaq təcrübəsi var».
Avropa Birliyinin xarici əlaqələr komissarı Benito Ferrero Valdner bu həftə Bakıda deyib ki, referendum Azərbaycanın daxili işidir, əsas məsələ azad və ədalətli seçki üçün şəraitin olmasıdır.
Martın 18-də Azərbaycanda Konstitusiya referendumu keçiriləcək. Əsas qanunun 20-dən çox maddəsinin dəyişdirilməsi təklif olunur. Cəmiyyətdə əsas mübahisə doğuran təklif bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağanın aradan qaldırılmasıdır.