Gəncə dindarları hemofiliyalı və talassemiyalı xəstələrə qan veriblər

Aprelin 15-də Gəncədə bir qrup dindar hemofiliya və talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirib. Dindarların bu şəhərdə ilk dəfə belə təşkilatlanmış şəkildə qan verdiyini deyən aksiyanın təşkilatçılarından biri «Furqan» ictimai birliyinin sədri Vüqar İsgəndərovun sözlərinə görə, beynəlxalq hemofiliya və talassemiyalı xəstələr günü Məhəmməd peyğəmbərin mövlud günü ərəfəsinə düşdüyü üçün onlar belə bir aksiya keçirməyə qərar veriblər. Və bundan sonra da ildə bir-iki dəfə irsi qan xəstəliklərindən əziyyət çəkənlərə donorluq edəcəklər.

Donora böyük ehtiyac duyduqlarını deyən Gəncə Regional Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədovanın sözlərinə görəsə, onlarda 30 nəfərdən çox talassemiyalı və hemofiliyalı xəstə qeydiyyatdadır, daimi donorlarının sayı isə azdı: «Sovet dövründə daha çoxuydu, amma indi azalıb. Halbuki yüzlərlə litr qan saxlamaq üçün imkanımız var. Bu xəstələrin qana ehtiyacı isə çox böyükdür».


Qanvermə aksiyası iki gün davam edəcək.