Referendum debatlarına start verildi

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək

«Hakimiyyət öz maraqlarını təmin etmək üçün referendum keçirmək istəyir».

Bunu «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Qəmbər fevralın 21-də İTV-də keçirilən teledebatda deyib:

«29 maddəyə 41 əlavə və dəyişiklik etmək istəyirlər. Bunlar barədə danışmaq üçün hər təşviqat qrupuna 40 dəqiqə vaxt ayırırlar. Belə çıxır hər əlavə və dəyişiklik barədə fikir bildirmək üçün bizim cəmi 1 dəqiqə vaxtımız var. Bu qədər ciddi məsələlərin müzakirəsi üçün belə az vaxt ayrılması absurddur».

İ.Qəmbər deyib ki, referendum qətiyyən xalqın sifarişi deyil, bu, Əliyev rejiminin maraqlarına xidmət edən, onların sifarişi ilə həyata keçirilən referendumdur. O hesab edir ki, referendum Azərbaycanı geriyə, 19-cu əsrin feodal dövrünə aparır:

«Referendum dayandırılmalıdır, qanuni, konstitusion tələblərə uyğun şəkildə yenidən bu prosesə başlanmalıdır».

«Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı isə deyir ki, konstitusiyaya dəyişiklik ölkə inkişaf etdikcə zaman-zaman ediləcək:

«Vətəndaşların hərtərəfli tanış olması üçün Referendum Aktı dərc olunub və hər bir ailəyə paylanıb ki, vətəndaşlar tanış ola bilsinlər. Böyük əksəriyyətin qəbul etdiyi, heç bir ziddiyyət görmədiyi bu təkliflərdə müxalifət hansı ziddiyyət axtarır? Bu layihəni hazırlayan insanlar, konstitusiya layihəsinin hazırlanmasında iştirak edən mütəxəssislər bilmirdilər ziddiyyət var, siz bildiniz? Bu, məntiqsiz iddiadır. Azərbaycan Respublikası dövlət olaraq inkişaf etdikcə, həm qanunlarına, həm də konstitusiyanın özünə dəyişiklik edilir və edilməlidir. Zaman-zaman bu olacaq».

İ.Qəmbər öz növbəsində, əksər təşviqat qruplarının prezidentlik müddəti məsələsinə toxunmamasından şikayətləndi:

«Elə bil bu məsələ tabudur, halbuki, referendum məhz bunun üçün edilir».

M.Qurbanlının isə bu məsələyə cavabı belə oldu:

«Konstitusiya yalnız bir şəxsin, bir hakimiyyətin deyil, hamınındır. Konstitusiyaya dəyişikliklərin yalnız Əliyev ailəsi üçün edilməsi haqqında iddiaların hüquqi, mənəvi, siyasi əsası yoxdur. Müxalifəti narahat edən bir məsələ var. Növbəti seçkilərdə İlham Əliyev öz namizədliyini irəli sürəcəyi təqdirdə, müxalifətdən siyasi meydana çıxaraq onunla yarışacaq şəxs olmadığına görə bəri başdan bu cür hücumlar edirlər».

Təşviqat qruplarının növbəti teledebatı fevralın 28-də keçiriləcək.

***

Fevralın 21-də İctimai Televiziyada (İTV) 18 mart referendumu ilə əlaqədar yaradılmış təşviqat qruplarının teledebatı başlayıb. Müzakirələrdə çıxış etmək üçün hər bir təşəbbüs qrupuna 10 dəqiqə vaxt ayrılıb.

Təşviqat aparmaq üçün təşəbbüs qruplarına İctimai Televiziya və Radioda həftə ərzində 3 saat vaxt ayrılıb - saat yarım televiziyada (şənbə günləri), saat yarım da radioda (çərşənbə günləri). Televiziyada təşviqat işi yalnız dəyirmi masa formatında olacaq.

MSK-nın qəbul etdiyi təqvim planına uyğun olaraq təşviqat kampaniyası martın 16-da başa çatacaq. Referendumda 9 təşviqat qrupu qeydiyyata alınıb.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.