Gəncə sakini Koroğlu Qasımovun ona işgəncə vermədiyini deyir

Səs: Real audio
Koroğlu Qasımov haqqında cinayət işinin istintaqı isə davam edir Gəncə şəhər sakini Xoşqədəm Həmidova və onun vəkili Camal Bağırzadə dekabrin 9-da keçirdikləri mətbuat konfransında bildirdilər ki, Xoşqədəm Həmidova mətbuatın yazdığı kimi, heç də Gəncə polisində təhqirə və işcəncəyə məruz qalmayıb.



Xoşqədəm Həmidova deyir ki, noyabrın 6-da doğrudan da onun oğlu Eşqin Həmidov oğurluq ittihamına görə həbs olunub. O, da buna görə polis şöbəsində ifadə verib, ancaq ona işgəncə verməyiblər.



İndi Xoşqədəm Həmidova qəzetlərin onun haqqında yazdıqlarına görə özünü zərərçəkən sayır və qəzetləri məhkəməyə verəcəyini deyir.



Xoşqədəm Həmidova və oğlunun noyabrın 6-da Gəncə şəhər Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi Koroğlu Qasımovun işgəncələrinə məruz qalması haqqında ilk olaraq «Azadlıq» qəzeti yazmışdı. Qəzetin baş redaktoru Qənimət Zahidov deyir ki, qəzetin yazdıqları doğrudur:



«Ola bilsin, bu adamlara o qədər təzyiq göstəriblər ki, özlərini zərərçəkən kimi tanımaqdan imtina ediblər. Əgər bu boş məsələydisə, Gəncənin icra başçısı Edlar Əzizov müşavirə keçirməzdi, Respublika Prokurorluğunda cinayət işi qaldırılmazdı. Bu hadisə Hacı Məmmədov hadisəsi kimi nəhəng və dəhşətli hadisədir».



Gəncə şəhər Prokurorluğu noyabrın 14-də Koroğlu Qasımov haqqında cinayət işi qaldırıb. O, güc tətbiqi ilə vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.



Dekabrın 6-da isə Gəncə şəhər rəhbərliyi bu mövzuya həsr olunan müşavirə keçirmişdi. Daxili işlər naziri Ramil Usubov isə bu işlə bağlı nazirlikdə xüsusi təhqiqat aparıldığını demişdi. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun verdiyi məlumata görə, təhqiqat hələ davam edir.



Gəncə şəhər Polis İdarəsi rəisinin köməkçisi Nofəl Hacıyev isə bildirib ki, Koroğlu Qasımov haqqında deyilənlər düz deyil. O, tutduğu vəzifədən kənarlaşdırılmayıb, işə isə xəstə olduğu üçün çıxmır.